Modern.az
Qəzənfər Həmidoğlu İran: situasiya var, inqilab yox...

Qəzənfər Həmidoğlu

İran: situasiya var, inqilab yox...

Analitika

22 Fevral 2023, 23:10

İranda vəziyyət Leninin dediyi kimidir: yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi yaşamaq istəmirlər. Yəni, inqilabi situasiya var. Amma inqilab yoxdur. Molla rejimi ağacda quruyub qaxa dönən, qışı keçirib yaza kimi sallanan armud kimidir. Sallanır, amma düşmür. O armuda səlbə atan lazımdır...

Ayətullahlar əvvəli kimi idarə edə bilmirlər, İslam Respublikasının dini-siyasi ideologiyası da bir işə yaramır. Xalq isə mollakratiyadan, vilayəti-fəqihdən, “Sepah”dan, höcət edən üləmadan, Ərdəbilin imam-cüməsi Amilinin hətərən-pətərən moizələrindən, “Tasnim”in dezinformasiyasından bezib. Başqa cür yaşamaq istəyirlər.

Lenin inqilabi situasiya haqqında ikisini deyib, üçüncü unudub. Sonuncu və daha bir vacib şərt etirazları təşkil edəcək güclü təşkilatdır, lideri olsa, lap əla. Təşkilatlanma olmadan yuxarı aşağı düşməz, aşağı isə əbədi aşağıda qalar...

Münhen Təhlükəsizlik Konfransı bu dəfə həm də İranın devrilmiş şahının 63 yaşlı oğlu Rza Pəhləvinin dəvəti ilə yadda qaldı. Konfransın kuluarlarında Rza Pəhləvi jurnalistlərə açıqlamalarında dedi ki, Qərbdən molla rejiminin müxalifətinə dəstək istəyir, təbii ki, həmin müxalifət roluna özü iddia edir, “mavi qan”lı olsa da, yəni, padşah oğlu olsa da, monarxist deyil, respublikaçıdır, “İran xalqı isə vahiddir” və s.

Şimali Azərbaycan telekanallarının şahın oğlundan müsahibə və açıqlamalar alması Cənubi Azərbaycandan olan milli fəalların heç xoşuna getmədi. Pəhləvilərin kökləri Azərbaycanla, Qacar sülaləsi ilə bağlı olsa da, Rzanın atası Məhəmməd Rza da, babası Rza da bizim milli mollaların ruhlarına “Fatihə” oxuyacaq kəslər deyildi. 1946-cı ildə Pişəvərinin Azərbaycan Milli Hökuməti yıxılanda, Təbrizə divan tutulanda abdal şahənşah Məhəmməd Rza Azərbaycan haqqında ağzaalınmaz ifadələr işlətmişdi..

Şahın oğlu Bakını Tehran rejiminə qarşı qıcıqlandırıcı bir fiqur kimi cəlb edir. İran mediasından belə görünür ki, Rza Pəhləvinin məhz Azərbaycan mediasına açıqlamaları İranda bəzi kəsimin təpəsindən tüstü çıxarır.


Qərbin Rza Pəhləviyə marağı, onu müxalifət lideri kimi legitimləşdirməsi isə bundan xəbər verir ki, ABŞ və müttəfiqlərinin hazırda İranı parçalamaq planı yoxdur. Əslində, molla diktaturası və paniranistlər üçün Qərbin şahsevərliyi daha uyğun və qəbul ediləndir. Düzdür, şahın oğluna İranın fərqli elita və təbəqələrində az-maz loyal yanaşma var. Amma Rza Pəhləvi molla rejimini təhdid edəcək qədər geniş sosial baza və resurslara sahib deyil. Ayətullahlar Qərbin dəstəyini alsa belə, Rza Pəhləvini ciddi siyasi rəqib saymır, onun özünə də, imkanlarına da ironik yanaşırlar.

Molla rejiminin ideologiyası şıə doktrinasına bükülən, prinsipcə fars millətçiliyinə söykənən paniranizm səfsəfəsindən başqa bir şey deyil. Şahın oğluna tərəf tutanlar və ya ümid bağlayanlar da paniranistdirlər. Yəni, bir-birilərinin tayı, uzaqbaşı bir medalın aversi-reversi kimidirlər.

Etnik dava və qarşıdurma isə İran üçün daha təhlükəlidir. Güneyin molla rejiminə qarşı ayaqlanması, bəluclarla kürdlərin mümkün silahlı üsyanları perspektivdə milli azadlıq davası deməkdir ki, bu faktor İran üçün ciddi parçalanma riski yaradır.

Qeyd etdiyimiz kimi, İranda hakim ideologiya tükənib, müxtəlif təsir və intriqa qruplarına parçalanan rejim effektivliyini itirir. Cəmiyyət hakim rejimdən o həddə narazıdır ki, İsrail dronları İsfahanda hərbi zavodu vurarkən sosial şəbəkələrdə bunu bayram etmək kimi “xəyanət”dən çəkinmirdilər, İranın millisinin isə mundialda uduzmasını istəyirdilər. Bu, İran cəmiyyətində hakimiyyətə nifrət səviyyəsinin geri dönüş həddini keçməsindən xəbər verir. Bu, artıq hakim elitanın düşmən sayılması deməkdir.

Amma etirazların, rəqiblərinin təşkilatlanmaması, bunu bacara bilməmələri hələlik mollakratiyanı xilas edir, xarici müdaxilə olmasa, bu gedişlə molla rejiminin ömrü uzana da bilər. Qərbin İranın parçalanmaması üçün şahın oğluna bel bağması planı da ayətullahlara rahat nəfəs aldırır: atasını yıxmışıq, özünün dərsinə saman təpərik.

Hazırda İran cəmiyyətinin və ilk növbədə orta sinfin Rza Pəhləvini müxalifət lideri kimi qəbul edəcəyi və ya şahın oğlunun İran içində təşkilati bacarıq və güc ortaya qoya biləcəyi real görünmür. Həmçinin indi XX əsrin ortaları deyil ki, Rzanı atası Məhəmməd Rza kimi amerikanlar qulağından tutub şah taxtına oturtsun, camaat da tamaşa etsin...

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi