Modern.az

Vaşinqton görüşü: Sülh yaxınlaşır, masada vacib sənəd var

Vaşinqton görüşü: Sülh yaxınlaşır, masada vacib sənəd var

Analitika

2 May 2023, 14:00

Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.

 

Daha sonra Ermənistan və Azərbaycan XİN başçılarının ikitərəfli görüşü başlayıb. Görüşlərin bir neçə gün davam edəcəyi bildirilir.

 

Blinken görüşdən sonra deyib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə özünün "Twitter" səhifəsində yazıb ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb.

 

Vaşinqton görüşü nə vəd edir?

 

Görüşlərin nəticəsinin necə olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Görüşlər nəticəsində hansısa sənədin imzalanıb-imzalanmayacağı barədə rəsmi məlumat verilməyib. Lakin Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının deputatı Arman Yeqoyanın iddiasına görə, Ermənistan və Azərbaycanın mütəmadi olaraq bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır. O, bu sənədin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

 

Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Yeganə Hacıyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra iki ölkə arasında üçtərəfli razılaşmanın şərtləri altında sülh sazişinin imzalanması üçün bir neçə dəfə cəhdlər olub.


"İlk olaraq bu proses Rusiyanın moderatorluğu ilə başladı. Daha sonra Avropa Birliyi məsələyə cəlb olundu. Ancaq nə Rusiyanın, nə də Avropa Birliyinin moderatorluğu ilə proseslər nəticə verdi. Çünki onlar bu məsələlərdə yalnız öz maraqlarını güdürdü. Rusiya münasibətlərin normalaşmasında maraqlı deyildi, Avropa Birliyi isə danışıqlarda iştirakla öz maraqlarını təşviq edirdi. İlk günlərdən ABŞ-ın mövqeyi bundan ibarət idi ki, tərəflər arasında üz-üzə görüş və müzakirə olmalıdır. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə tətbiq edilən effektiv praktika budur ki, əsasən tərəflərin üz-üzə olan görüşləri daha faydalı olur. Çünki prosesin inkişafında iştirak edən qüvvələr həm də kənar maraqların təşviqçiləridir",- deyə o bildirib. 

 


Y.Hacıyevanın fikrincə, indi Ermənistan çalışır ki, guya sülhə maraqlı olduğunu göstərsin:

 

"Azərbaycan və Ermənistan XİN rəhbərləri ilk olaraq ABŞ Dövlət Departamentinin katibi Blinkenlə görüşüblər. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa görüşü keçirilib. Bildiyimiz kimi, bu həftə ərzində sülh sazişinin imzalanması yolunda fasiləsiz addımlar atılacaq. Sülh sazişin qaralama versiyası mövcuddur və bunun üzərindən tərəflər danışıqlar aparacaq. Müzakirələr ərazi bütövlüyünün tanınması, beynəlxalq hüququn təmin olunması və regional təhlükəsizliyin digər məsələlərini əhatə edir. Əslində bütün sadalananların hər biri Azərbaycanın maraqlarına uyğundur. Çünki bu mövzuların hər birini ölkəmizin israr etdiyi, Ermənistanın isə kənar təşviqlə sabotaj etdiyi mövzulardır. ABŞ-ın moderatorluğu ilə keçirilən görüşdə Ermənistan göstərməyə çalışır ki, sülh sazişinin imzalanmasına guya maraqlıdır. Ermənistan baş naziri və XİN rəhbəri üzdə prosesin getməsi, onların məsələnin həllinə təşəbbüs etdiyi ilə bağlı açıqlamalar verirdi. Ancaq biz onların bu açıqlamalarından bir neçə gün sonra əks olaraq başqa bir bəyanatla çıxış etdiklərini, sərhəddə təxribatlar törətdiklərini görmüşük". 

 

Ekspertin fikrincə, sülhlə bağlı görüşlərdə müəyyən addımlar atılmalıdır, çünki proseslərin hazırkı mərhələsindən və bu mərhələdə həll edilməli olan məsələlərdən Ermənistan xəbərdardır.

 

"ABŞ Dövlət Departamentinin rəhbəri Blinken Ermənistana aydın mesajlar verib ki, həlli vacib məsələləri indi onlar ABŞ-ın moderasiyası ilə aparılan prosesdə həll etməlidirlər, əks halda bu məsələlər hərbi yolla həll olunacaq. Geniş hərbi addımlar atılmasa da, kiçik antiterror əməliyyatları keçirilə bilər. Çünki Ermənistan Qarabağdan öz qoşunlarını çıxarmalıdır, əks halda Azərbaycan antiterror əməliyyatları keçirəcək. Yəni proseslərin bir tərəfində danışıqlar, digər tərəfində hərbi əməliyyatlar dayanır. Məhz ABŞ Ermənistana danışıqlarla bu məsələnin həll olunmasının daha məqsədəuyğun olduğunu başa salmağa çalışır.

 

Məsələn, Ermənistana Qarabağdan 200 erməni əsgərinin meyitinin gəlməyi yerinə onların sağ-salamat öz ölkələrinə qayıtması Paşinyana daha faydalıdır. İndi Ermənistan baş naziri və cəmiyyəti bu məsələni nə qədər anlayır, bu, ayrı bir mövzudur. Lakin mənim sülh müqaviləsinin ilkin addımı kimi müəyyən bir sazişin imzalanmasına dair düşüncəm var. Çünki Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bir həftə davam edəcək, bu isə gərgin işdir və hər hansı bir sənədin qəbul olunacağı mütləqdir. Təbii ki, gələcəkdə Ermənistanın qəbul olunan sənədin əksinə addım atacağının şahidi olacağıq. Ancaq Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsinin başlanğıcı olaraq çərçivə sənədi imzalanacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı