Modern.az

Rusiya Türkiyənin Zəngəzur dəhlizini açmasında maraqlıdırmı?..

Rusiya Türkiyənin Zəngəzur dəhlizini açmasında maraqlıdırmı?..

Analitika

26 Sentyabr 2023, 16:12

"Sentyabrın son bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər edib. Azərbaycanın bu bölgəsi Bakı ilə Ankara arasında münasibətlərdə, eləcə də bütövlükdə Qafqazın regional vəziyyətində xüsusi əhəmiyyət kəsb edir".

 

Modern.az xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi, Siyasi və Hərbi Təhlil İnstitutunun Etnik Münasibətlər Problemləri Departamentinin direktoru Sergey Markedonov Türkiyə liderinin Naxçıvan səfərini şərh edərkən bildirib.

 

Markedonov Ərdoğanın səfərinin önəminə diqqət çəkib və vurğuayıb ki, Azərbaycan son 35 ildə arzuladığı hər şeyə nail olub: "Ölkənin ərazi bütövlüyü bərpa olunub, Ermənistan buna müqavimət göstərmək iqtidarında deyil, dünya ictimaiyyəti isə yeni reallığı qəbul etməyə hazırdır. Ankara ardıcıl olaraq Bakını dəstəkləyib".

 

"Ərdoğanın sözlərinə görə, Qafqaz regionunda vəziyyəti həll etmək üçün fürsət pəncərəsi açıqdır və bu fürsəti əldən vermək olmaz. O, ölkəsinin artan potensialına və Ankara ilə Bakının müttəfiqliyinə işarə edir. Naxçıvan səfərində Ərdoğanı Türkiyənin ASELSAN müdafiə korporasiyasının rəhbəri Haluk Görgün müşayiət edirdi. Görünən odur ki, Türkiyə prezidenti Azərbaycanla münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Naxçıvan iki ölkə üçün xüsusi maraq kəsb edir. Bu bölgə eksklavdır, Bakı onunla əlaqəni istər hava, istərsə də İran vasitəsilə həyata keçirir.

 

 

Üstəlik, Naxçıvandan İrəvana qədər olan məsafə düz xətt üzrə 132 kilometrdir. Bu gün Türkiyə və Azərbaycan liderləri eksklavla Azərbaycanın əsas bölgəsi arasında səmərəli əlaqə məsələsini necə həll etmək barədə düşünürlər. Əgər bu ideya reallaşarsa, o zaman türk tandemi təkcə Qafqaz üçün deyil, bütövlükdə Avrasiya üçün vacib olan yeni kommunikasiya arteriyası alacaq. Aydındır ki, bu cür perspektivlər, yumşaq desək, belə bir məqsədi Ermənistana qarşı hücumun davamı kimi görən İrəvanı sevindirmir. Tehran da Ankaranın regionda və Yaxın Şərqdə güclənməsindən qorxaraq bundan məmnun deyil", - politoloq vurğulayıb.

 

O, Rusiyanın mövqeyinə də toxunub.

 

"İkinci Qarabağ müharibəsindən sonra Rusiya özü də nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarı olub. Amma Moskvanın özünün Cənubi Qafqazda “logistika inqilabı”nı idarə etməsi başqa, Türkiyənin etməsi başqa şeydir. Bu gün Rusiya tərəfi “rəqib tərəfdaş” mövqeyinin güclənməsi ilə bağlı narahatlıqları vurğulamamağa üstünlük verir. Ancaq aydındır ki, belə fikirlər Rusiya Federasiyasının ən yüksək hakimiyyət orqanlarının nümayəndələrinin ağlına gəlməyə bilməz", - Markedonov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi