Modern.az

Qarabağ tarixindən səhifələr - Şəhərlər, qalalar və ruslar...

Qarabağ tarixindən səhifələr - Şəhərlər, qalalar və ruslar...

Analitika

29 Sentyabr 2023, 17:20

Məlum olduğu kimi, 19-20 sentyabr tarixlərində davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma "ordu" tərksilah və təslimə razı oldu. Daha sonra - sentyabrın 28-də Qarabağ separatçılarının qondarma "prezident"i Samvel Şahramanyan 1 yanvar 2024-cü il tarixinədək qanunsuz rejimin bütün separatçı "orqan"larının özünü buraxacağı barədə "qərar"a imza atdı.

 

Bununla da uzun illərdir davam edən problemə son qoyulur. Azərbaycan Qarabağ ərazisində suverenliyini tam təmin edir. Tarixən Azərbaycan xalqına məxsus olmuş bölgə yenidən Azərbaycanın ayrılmaz parçası kimi tam şəkildə azərbaycanlıların ixtiyarına keçir. Təbii ki, bu, Qarabağın dinc erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul edərək bərabər hüquqlara malik fərdlər kimi yaşamasına heç bir əngəl təşkil etmir və rəsmi Bakı reinteqrasiya ilə bağlı mövqeyini ortaya qoyub.

 

Modern.az bu dəfə Qarabağ bölgəsinin tarixinə nəzər salmağa çalışıb. Xüsusən, "Qarabağnamələr" kimi tanınan müxtəlif əsərlərdə və tarixi qaynaqlarda mövzu ilə bağlı xeyli qiymətli materiallar var. Qeyd etmək lazımdır ki, elmi faktlarla yanaşı, Qarabağla bağlı yazılmış Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ndə, Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdəki siyasi vəziyyətinə dair" əsərində maraqlı mətləblərdən söhbət açılır.

 

 

Bundan başqa, Mirzə Yusif Qarabağinin "Tarixi-safi"sində, Mirmehdi Xəzaninin "Kitabi-tarixi Qarabağ"ında, Rzaqulu bəy Mirzə Camaloğlunun "Pənah xan və İbrahim xanın Qarabağdakı hakimiyyətləri və o zamanın hadisələri" əsərində, Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ"ında, Baharlının "Əhvalati-Qarabağ" əsərində, Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi"ndə, Həsənəli Qaradağinin "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları"nda tarixi hadisələrin arxa planı, folklor nümunələri, el rəvayətləri geniş şəkildə təsvir olunub.

 

Bütün bu mənbələr Azərbaycan türklərinin bölgənin sakini olduqlarını təsdiqləyir, Qarabağdakı yaşayış məntəqələrinin əsasının da məhz azərbaycanlı hökmdarlar tərəfindən qoyulduğunu sübut edir. Məsələn, Qarabağın incisi kimi tanınan Şuşa şəhəri Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xan tərəfindən qurulub ki, şəhər-qalanın ilk adı da məhz Pənahabad olub. Ermənilərin "Stepanakert" adlandırdığı Xankəndinin də məhz Qarabağ xanlarının istirahət etdiyi məkan olduğu, bu məqsəd üçün salındığı məlumdur.

 

Təsadüfi deyil ki, şəhərin ermənicə adı XX əsrdə yaşamış kommunist, mart soyqırımının təşkilatçılarından olan Stepan Şaumyanın adı ilə bağlıdır. Bu "qədim toponim" - "Stepanakert" şəhərə məhz sovet illərində qoyulub. Şəhərin tarixi və gerçək ismi olan Xankəndi isə tarixi mənbələrdə ifadə olunan məlumatlarla məntiqi baxımdan uyuşur - xanın istirahət etdiyi, xan ailəsinin dincəldiyi məkanın Xankəndi adlanması kifayət qədər təbiidir.

 

 

Qarabağda şəhərlər və qalalar, tarixi abidələr...

 

Mənbələrə nəzər yetirsək, Qarabağ xanlığı dövründə bölgədə bu günə qədər gəlib çıxan xeyli yaşayış məskənləri salınmış, bir sıra tarixi qalalar, abidələr inşa olunub. Belə ki, Nadir şahın 1747-ci ildə öldürülməsindən sonra digər xanlıqlar kimi, Qarabağ xanlığı da müstəqil feodal dövləti olaraq yaranıb. İlkin olaraq, indiki Ağcabədi rayonu ərazisində olan Bayat qalası tikilib - 1748-ci ildə.

 

Lakin daha sonra xanlığın banisi Pənahəli xan qalanın yerinin düzgün seçilmədiyi qənaətinə gəlir və 1751-52-ci illərdə Tərnəküt və ya Şahbulaq qalası adı ilə tanınan qalanı müasir Ağdam rayonu hüdudlarında inşa etdirir və xanlığın mərkəzini buraya köçürür. Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərində bu köçürmə belə təsvir edilir:

 

"Üç-dörd sənə zərfində izdihami-xəlayiq Bayat mülkünə cəm olmağı, kim ləşkəri və kim əhli-sükunət müruri-zaman ilə isbat edir ki, şöhrət və abadiyi-əzimə şərayiti Bayat mülkündə kifayət verməyəcəkdir. Əlavə cəmiyyəti-müxtəlif üt-tobaye mazacında hifzi-səhhə üçün əksərən müzürr olduğuna səbəb aran nöqtəsində Şaxlıqda və su azlıqda Bayat mülkünün vaqe olmağı əvvəlcə nəzərə gələn münasibata zəif yetir. Əvvəlcə ümdə münasibət Bayat mülkü vəsətdə olmağı üçün və zəxirə cəm etmək üçün asan və tamam dörd tərəf İslam əhli olduğu və sair bu qism şərtlər idi. Şimdi hökumət nüfuzu qüvvət tapdıqca o münasibət Qarabağın hər tərəfində mümkün olduğuna lazımdır.

 

 

Hökumət başına cəm olan camaat üçün hifzi-səhhə və sühüləti-maaş və abü həvayi məhəlli-mərkəz, hənuz mədəniyyət rayihəsi damağlarına dəyməmiş kand camaatı padşahi-məmləkət yoxluğunda vilayət hərçü mərc olacaqdır, xəyalından şiddət ilə qorxub, istərlər ki, külliyən İran o cümlə Qarabağ nə surətdə qalmaq sözünü Pənah xan dilindən eşitsinlər. Öz aralarında məşvǝrət edib belə məsləhət gördülər ki, bu halda əgər Pənah xan qəbul etsə, onun irşad rǝhnümalığı ilə dolanmaq bizim səlahımızdır. Bu məqsədi Pənah xana izhar edib, müntəzir olurlar ki, bu mətləbi o qəbul edəcəkdir, ya yox?

 

Pənah xan dəxi övzai görmüş və bilərkən ki, hökuməti-müstəqilə zamanında rahat və aram ömür sürməyə qabil olmayan camaat necə rǝyasətsiz ömür edir. Ona görə bu əmrdə xalqın iltimasını qəbul edir. Çünki müddətlər Nadir şah hökumətin görüb, təcrübə yolu ilə şəraiti-hökmdarlıqdan baxəbər idi. Şəxsən özünün və əşirəsinin səlahını həm bunda görər və belə də olar. Ta zamani-ayəndə siyasəti-adilə nə vaxt iqamə olmaz. Pənah xan xalqın xahişini qəbul edəndən sonra əvvəlcə mərkəz hökumət üçün bir mötəbər yer Şahbulağı intixab edirlər və məhəlli-mərkəz Bayat mülkünü müqərrər edirlər ki, Pənah xan orada əyləşib, xalq yavaş-yavaş orada sükunət etsin".

 

Lakin daha sonra Şahbulaq qalası da Qarabağ xanlığının paytaxtı olmaq üçün uyğunsuz hesab olunur və nəhayət Şuşa-Pənahabad qalasının - müasir Şuşa şəhərinin əsası qoyulur:

 

"Gəncə sahəsinin məlumatından sonra Pənah xan ətraf hakimlərin və sair xudsǝr və qarətgǝr tayfaların halından xəbərdar ikən və hənuz məmləkəti-İranda bir tacidar, müstəqil zühur etməsini mülahizə edibən ki, Qarabağ kimi böyük bir əyalətin hifz və himayəsini dər öhdə alıb əhali üçün hənuz bir siyasəti-möhkəm təyin etməmiş və əsasi-müstəhkəm mərkəz rǝyasət naminə əmniyyətli bir yerdə qurmamış, qəflətən bir qəvi düşmən Qarabağın üstünə gələrsə, hər ayinə əhali pamal olub. Mən öz zəhmətimə qəbul etdim ki, fərizə hədər gedər. Yaxşıraq bu ki, bu gündən mərkəz rəyasət və sükunət xəyalında olanlar Şahbulağından Şuşa kəndinin binə yerinə köçməyinə əmr verilsin və belə də olar".

 

 

Rusiya ordusu Qarabağda...

 

Bundan başqa, 2020-ci ilin 10 noyabr gecəsi 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanması ilə Qarabağa Rusiya sülhməramlı hərbi kontingentinin yerləşdirilməsi hadisəsi ilə bağlı da tarixi paralellər aparmaq mümkündür. Məsələn, Rzaqulu bəy Mirzə Camaloğlunun "Pənah xan və İbrahim xanın Qarabağdakı hakimiyyətləri və o zamanın hadisələri" adlanan əsərində 1805-ci ildə Çar Rusiyası və Qarabağ xanlığı arasında imzalanmış Kürəkçay müqaviləsindən sonra rus ordusunun Qarabağa yerləşdirilməsi "Rusların ilk dəfə Qarabağ vilayətinə gəlişi haqqında" başlığı ilə verilib:

 

"Əhdnamə bağlanan zaman belə şərt elədilər ki, mərhum Məhəmmədhəsən ağanın ikinci oğlunu Tiflisdə əmanət qoysunlar. Mərhum İbrahim xan da Rusiya qoşunlarından bir dəstəsinin topxana ilə bərabər həmişə Şuşa qalasında saxlanmasını xahiş etmişdi. O məclisdə, mərhum İbrahim xanla Səlim xana general-leytenant, Məhəmmədhəsən ağa ilə Mehdiqulu xana general-mayor və mərhum Xanlar ağaya polkovnik rütbəsi verilməsi haqqında sərdarın vasitəsilə padşahın hüzuruna məktub yazıldı. Bu iltifat və məvacibli rütbələrin verilməsi haqqında fərman 4 aydan sonra gəlib çatdı. Kürək çayı yığıncağından sonra mayor Lisaneviç sərdarın əmri üzrə bir yeger dəstəsi və topxana ilə Qarabağın on verstliyində olan Xan bağına gəldi".

 

ARDI VAR...

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi