Modern.az

Tehran qorxur ki, Paşinyan “Zəngəzur dəhlizi”ni açacaq - ŞƏRH

Tehran qorxur ki, Paşinyan “Zəngəzur dəhlizi”ni açacaq - ŞƏRH

Analitika

2 Oktyabr 2023, 15:42

“Tehran yalnız “Zəngəzur dəhlizi”nin açılmasından narahat deyilmiş, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb”.

Modern.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi:

“Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat çəkən uğurlu anti-terror əməliyyatından dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana çağırır”.
 

Tehran nədən bu qədər narahatdır?

Siyası şərhçi deyib ki, İranın ilk narahatlığı həmişəki kimi “Zəngəzur dəhlizi” ilə bağlıdır:

“Tehran hesab edir ki, Azərbaycan uğurlu anti-terror əməliyyatından sonra diqqəti “Zəngəzur dəhlizi”nin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq. Tehran qorxur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək “Zəngəzur dəhlizi”ni açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, “möhkəm ol, mövqeyindən çəkinmə!””.

E.Şahinoğlu bildirib ki, Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır.

“Azərbaycanın uğurlu anti-terror əməliyyatı ilə Qarabağın tamamını nəzarətə götürməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır. Ancaq Tehran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi