Modern.az

Menendezin qızıl külçələri - Ermənipərəst senatorun korrupsiya qalmaqalı

Menendezin qızıl külçələri - Ermənipərəst senatorun korrupsiya qalmaqalı

Analitika

2 Oktyabr 2023, 21:11

ABŞ-ın federal prokurorları Azərbaycana və Türkiyəyə qarşı xüsusi qərəzli mövqeyi ilə seçilən senator Bob Menendezin evinə basqın edəndə heyrətamiz mənzərə ilə qarşılaşdılar. Ölkənin ən nüfuzlu demokratlarından biri olan Nyu-Cersi ştatını təmsil edən senatorun pencəyinin ciblərinə, şkaflara və seyfə doldurulmuş təxminən yarım milyon dollar pulu, ikisinin çəkisi 1 kioqram olan 13 ədəd qızıl külçəsi var imiş. Qarajda isə Menendezin erməni əsilli həyat yoldaşı Nadin Arslanyan (bu, Menendezin ikinci evliliyidir, 1976-2005-ci illərdə senator Ceyn Menendeslə ailəli olub. Arslanyanla isə 2020-ci ildə evlənib - red.) üçün aldığı dəbdəbəli "Mercedes-Benz" tapılıb.

 

"Guardian"ın məlumatına görə, Menendez həyat yoldaşı və Nyu-Cersidə yaşayan 3 iş adamı ilə birlikdə dodaq uçuqladan bir sıra cinayətlərdə ittiham edilib. Hadisə Demokratların siyasi imicinə ağır zərbə vurub. İttiham sənədinə görə, Menendez Senatın xarici əlaqələr komitəsinin sədri vəzifəsindən 100 minlərlə dollar rüşvət müqabilində Misirin xeyrinə istifadə edib. Eyni zamanda, ittiham aktına əsasən, Misirlə bir iş ortağı üçün sərfəli müqavilə bağlamaq üçün “güc və təsirindən” istifadə edib. 69 yaşlı Menendez təqsirli olmadığını bildirib. Manhettendə federal məhkəmə zalında çıxışı zamanı istefa verməyəcəyini və hətta gələn il yenidən seçilmək üçün namizədliyini irəli sürməyi planlaşdırdığını demişdi.

 

2015-ci ildə o, Dominikan Respublikası hökuməti ilə mübahisəyə müdaxilə etmək müqabilində bir iş adamı dostundan hədiyyələr aldıqdan sonra rüşvət sxemi ilə bağlı ittiham edilib. İşə 2017-ci ildə məhkəmədə baxılıb, lakin sonra yanlış araşdırma ilə başa çatıb. Şəxsi həyatına gəldikdə, Menendez kubalı mühacirlərin məskunlaşdığı yaşayış binasında böyüyüb.19 yaşında olarkən Nyu-Cersinin Yuninon-Siti şəhərinin təhsil şurasına seçilib. Ali təhsilini Sent-Peter Universitetində hüquq üzrə alıb. O, 1986-cı ildə 32 yaşında Cersi şəhərinin meri oldu və 39 yaşı olanda artıq konqresmen idi. 2006-cı ildə Menendez Senata seçildi və burada xarici əlaqələr komitəsinin əsas fiquruna çevrildi.

 

Menendez "döyüşür" və deyir ki, o, Latın Amerikasından olduğu üçün onu “yalandan ittiham ediblər”. Onun korrupsiya hekayəsini evlilik hekayəsindən ayırmaq olmaz. Menendez Nadine Arslanyan ilə 2017-ci ilin sonunda Cersi şəhərində məşhur restoranlar şəbəkəsi olan "iHop"da tanış olub. Həmin vaxt senator 60 yaşını ötmüşdü. Menendez 2019-cu ilin oktyabrında Tac Mahalda Arslanyana evlilik təklifi edib. Evlilik təklifinin videogörüntülərindən aydın olur ki, Menendez Arslanyandan onunla evlənməsini istəməzdən əvvəl "The Greatest Showman" filmindəki "Never Enoug"h mahnısından bir parça oxuyur. Arslanyan təklifə cavab olaraq "bəli" deyib və 2020-ci ilin oktyabrında evlilik reallaşıb.

 

 

İttiham aktındakı məlumata görə, Nadine Arslanyan Menendezlə evlənməzdən əvvəl Misir əsilli amerikalı iş adamı Vael Hana ilə uzun illər dostluq edib və Hana Misir rəsmiləri ilə sıx əlaqə saxlayıb. 2018-ci ilin əvvəlində Arslanyan Hanaya Menendezlə əlaqələrindən danışıb və həmin il Hana Menendez və Misir hərbi rəsmiləri arasında görüşlər təşkil edib. Beləliklə, ittiham aktına görə, Mendendez ABŞ-dan Misirə xarici hərbi satışlar və xarici hərbi maliyyələşdirmə üzərində əhəmiyyətli təsirə malik idi. Prokurorlar deyirlər ki, Hana tərəfindən təşkil edilən görüşlərdə Misir rəsmiləri dəfələrlə xarici hərbi satışlar və xaricdən maliyyələşmə məsələsini qaldırıblar.

 

6 may 2018-ci ildə Menendez həyat yoldaşı ilə birgə Hana ilə görüşüblər. Həmin gün günortadan sonra Menendez Dövlət Departamentindən ABŞ-ın Qahirədəki səfirliyində çalışan kadrlarla bağlı məlumat istəyib. Məlumat rəsmi olaraq məxfi olmasa da, həssas hesab edilən informasiyalar kateqoriyasına daxil olub, çünki xarici hökumətə açıqlanacağı təqdirdə, əməliyyat təhlükəsizliyi baxımından əhəmiyyətli narahatlıqlar yarada bilərdi. Məlumatı əldə edən Menendez həyat yoldaşına səfirlikdə işləyən insanların, o cümlədən ABŞ diplomatlarının sayı və yerli misirli işçilərin sayı barədə bilgilər çatdırıb, Arslanyan isə bunu Hanaya ötürüb. Misirli iş adamı isə öz növbəsində məlumatı Qahirədəki hökumət rəsmisinə təqdim edib.

 

Həmin ayın sonunda Menendezdən yenidən "xidmət tələb edilib". Bu dəfə ABŞ və Misir arasında maliyyə məsələsi ilə bağlı hansısa məktubun yazılması və Qahirənin nəfinə redaktəsi həyata keçirilib. Təbii ki, bunlar qarşılıqsız olaraq edilməyib. Plana görə, Hana Arslanyana "IS EG Halal" şirkəti vasitəsilə pul ödəməli idi. Lakin işlər plan üzrə getməyib. Arslanyan bir gün ərinə mesaj yazaraq, Hananın hələ də ona pul ödəməməsindən şikayətlənib. İttiham aktına əsasən, şirkət sonradan Arslanyanın ipotekası üzrə təxminən 23 min dollar ödəyib. Menendez eyni ilin avqust, sentyabr və noyabr aylarında 10.000 dollarlıq əlavə çeklər alıb. Əlaqələr davam edib və Menendez 100 minlərlə dollarlıq çek, nağd pul və qızıl kimi qiymətli şeylər alıb. Cütlük üçün şirkət tərəfindən bahalı mebel, iki trenajor və havatəmizləyici qurğu alınıb.

 

Bir neçə gün əvvəl istefa verən Menendezin ermənipərəst yanaşmaları da təsadüfi olmayıb və birbaşa erməni diasporu ilə çirkli əlaqələri və erməni əsilli həyat yoldaşının təsiri ilə bağlı olub. Təsadüfi deyil ki, senator ABŞ-ın NATO üzvü kimi təbii müttəfiqi olan Türkiyəyə F-16 tədarükünə də əngəllər törətməyə çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Menendezin cəzalandırılmasından sonra məsələyə münasibət bildirib və ümidini ifadə edib ki, bundan sonra türkofob senatordan qaynaqlanan əngəllər aradan qalxacaq və F-16 ilə bağlı problem müsbət həllini tapacaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi