Modern.az

Gürcüstanın vasitəçiliyi Cənubi Qafqazın simasını necə dəyişə bilər?

Gürcüstanın vasitəçiliyi Cənubi Qafqazın simasını necə dəyişə bilər?

Analitika

9 Oktyabr 2023, 16:42

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfər etmiş və ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşmüşdü. Müzakirələr və mətbuata birgə bəyanatlarda ən müxtəlif məsələlərə toxunulub. Vacib məqamlardan biri isə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi və Gürcüstanın buna yanaşması ilə bağlıdır. 

 

Belə ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mövzu ilə bağlı çıxışında deyib: "Bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün. Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir".

 

Azərbaycan Prezidenti İlham Əliyev də məsələ ilə bağlı danışıb: "Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.

 

Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər".

 

 

Bu vaxta qədər danışıqlar prosesi müxtəlif məkanlarda baş tutsa da, 44 günlük müharibədən sonra əsas iki xətt - Rusiya və Qərb formatı ayrılıqda paralel proseslər olaraq davam edib. Rusiyanın vasitəçiliyi ilə istər Moskvada, istərsə də Soçidə keçirilən görüşlərdə liderlər və XİN başçıları səviyyəsində dəfələrlə müzakirələr təşkil olunub.

 

Qərbin vasitəçiliyi isə "Brüssel prosesi" kimi adlandırılır və əsasən Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlərin keçirilməsini ehtiva edir. Doğrudur, müxtəlif vaxtlarda ABŞ-da şəxsən Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə, eləcə də Fransanın iştirakı ilə dördtərəfli və Almaniyanın da iştirakı ilə beştərəfli görüşlər keçirilib.

 

Tbilisi də danışıqlar prosesi üçün yad şəhər deyil. Bir müddət əvvəl Gürcüstanda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü baş tutmuşdu. İndi yenidən məhz Tbilisinin prosesdə aktivləşməsi və Cənubi Qafqaz ölkələrinin üçtərəfli əməkdaşlıq modelinin formalaşdırılması perspektivləri olduqca mühüm əhəmiyyətə malikdir.

 

Həm tarixi-mədəni, həm də coğrafi yaxınlığın gətirdiyi əlverişli şərtlər xüsusi qiymətləndirilməlidir. Üstəlik, Gürcüstan kiçik Şərqi Avropa və postsovet ölkəsidir və danışıqlarda vasitəçilik etməsi, yaxud vasitəçisiz birbaşa danışıqlar üçün məkan təklif etməsi mediatorluq xidmətləri təklif edən analoqlarından fərqli olaraq, geopolitik ambisiyalar ehtiva etmir.

 

Bu baxımdan Gürcüstanda danışıqlar prosesinin davam etdirilməsi və sülh müqaviləsi ətrafında müzakirələrin təşkili Cənubi Qafqazdakı mənzərəni dəyişmək gücünə malikdir. Problemin həllindən daha çox öz xarici siyasət maraqlarını fokuslanan, bölgədə möhkəmlənmək və gücünü artırmaq məqsədilə yanaşan tərəflərdən fərqli olaraq, Gürcüstanda tematik danışıqlar, mahiyyəti üzrə müzakirələr heç bir kənar müdaxilə olmadan davam etdirilə bilər.

 

Xüsusilə, tarixən Rusiya və Fransa kimi böyük dövlətlərə arxalanaraq siyasət yürütməyə çalışmış, lakin son hadisələrdə bunun faydagətirən olmadığına praktik olaraq şahidlik edən Ermənistan tərəfi II Qarabağ müharibəsindən sonrakı addımlarını - ATƏT-in Minsk Qrupunu dirçəltmək kimi mənasız siyasi kursu sınamamalıdır və yaranmış imkanları ciddi şəkildə dəyərləndirməlidir.

 

Antoqonist maraqlara malik Rusiya və Qərbin birgə təmsil olunduğu bu cür platformalar geopolitik rəqabət funksiyası yerinə yetirməkdən başqa heç bir rol oynaya bilmir. Bunu proseslər sübuta yetirdi. Ona görə də tarixən "Qafqaz Evi" modelində mövcud olmuş Cənubi Qafqaz əməkdaşlığı perspektivləri qiymətləndirilməlidir. Gürcüstanda normallaşma prosesinin davam etdirilməsi və birbaşa dialoqla sülh müqaviləsinin detallarının dəqiqləşdirilməsi regionun gələcəyi üçün olduqca böyük fürsətlər doğura bilər.

 

Modern Təhlil və Araşdırma Qrupu 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək