Modern.az

Sülh müqaviləsi hansı şəhərdə imzalanacaq... - Bu, olduqca önəmli məsələdir!

Sülh müqaviləsi hansı şəhərdə imzalanacaq... - Bu, olduqca önəmli məsələdir!

11 Oktyabr 2023, 17:40

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif ölkələrdən vasitəçilik təklifləri səsləndirilir. Rusiya, Avropa İttifaqı (Aİ), ABŞ, Gürcüstan və digər ölkələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün təkliflər irəli sürürlər. Sülh müqaviləsinin Tbilisidə, Bişkekdə, Brüsseldə, Vaşinqtonda, hətta Minskdə imzalanmasını təklif edənlər var.

 

Sülh müqaviləsinin hansı şəhərdə imzalanacağı da maraqlıdır. Çünki, müqavilənin imzalanacağı ölkə həmin sənədin zəmanətçisi olacaq.

 

Müqavilə hansı şəhərdə imzalanacaq? Sülh müqaviləsinin imzalanması üçün seçilən şəhər bizim üçün hansı önəmi daşımalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, bu gün sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayıb:

 

"19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməklə öz ərazilərinin tam suverənliyini bərpa edib. Beləliklə, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yeni şərait yaranıb. Ermənistan bu fürsətdən səmərli istifadə edəcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər bağlana bilər. Bu da bütün regiona sabitlik və əməkdaşlıq gətirəcək. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzlanması barədə beynəlxalq dairələrin təşəbbüsü ilə müxtəlif platformalarda çoxlu görüşlər keçirilib. Bu görüşlərdə Ermənistan müqavilənin imzalanmasına maneə kimi Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərin təmin edilməsi məsələsini görürdü. Azərbaycan bu məsələni artıq kökündən həll etdiyinə görə, bu gün sülh müqaviləsinin imzalanması üçün hər hansı bir maneə qalmayıb".

Deputat sülh müqaviləsi ilə bağlı ən rasional təklifin Gürcüstandan gəldiyini söyləyib:

 

"Yeni reallıqda sülh müqaviləsinin bağlanması üçün Brüsseldən, Vaşinqtondan, Moskvadan, Minskdən və Tblisidən təkliflər var. Azərbaycan regiona sülühün gəlişi naminə bütün təkliflərə uyğun müzakirələrin aparılmasına açıqdır. Amma hesab edirəm ki, ən rasional təklif Gürcüstan tərəfindən verilib. Çünki, Gürcüstan Cənubi Qafqaz ailəsinə daxildir və regionda sülhün və əməkdaşlığın yaranmasında hamıdan çox maraqlıdır. Cənubi Qafqaz müharibələr və münaqişlərdən yorulub. Artıq regionda sülhün yaranmasının zamanı gəlib yetişib. Tbilisi həm paytaxtlarımıza yaxındır, həm sülhün yaranmasında maraqlıdır, həm də hər iki ölkə ilə yaxşı əməkdaşlıq münasibətlərinə malikdir. Ona görə də, Ermənistan razılığını bildirərsə, sülh müqaviləsinin imzalanması üçün ən məqbul platforma Tbilisidir və burada gürcüstanlı qardaşlarımızın şahidliyi ilə regionumuz üçün çox əhəmiyyətli olan bu sənədin imzlanacağını hesab edirəm".

 

Milli Məclisin digər bir deputatı Elşad Mirbəşiroğlu vurğulayıb ki, hazırda cərəyan edən proseslər fonunda sülh müqaviləsinin imzalanacağı, ümumiyyətlə, müzakirələrin aparılacağı məkanın hara olması təsirli amildir:

 

"Keçmiş münaqişə vəziyyətində ATƏT-in həmsədri olan ölkələrdən birində Ermənistan və Azərbaycan arasında   görüş baş tutanda, digər həmsədr ölkə də belə görüşün öz ərazisində keçirilməsinə çalışırdı. Bu da Azərbaycan və Ermənistan münasibətlərinin, yaxud həmin dövrdə iki ölkə arasındakı münaqişənin tənzimlənməsi prosesində təsir imkanı uğrunda mübarizədən xəbər verirdi. 2020-ci ildə Azərbaycan öz gücü və iradəsi hesabına torpaqlarını geri qaytardıqdan sonra, yeni geosiyasi vəziyyət fonunda Azərbaycan-Ermənistan mübasibətlərinin tənzimlənməsi ayrı-ayrı dairələrin  çox ciddi maraq dairəsinə düşdü. Mahiyyət etibarilə əvvəlki yanaşma yenə də müşahidə olunmağa başladı. Bir sıra reallıqlardan da çıxış etmək lazımdır. Məsələn Brüssel formatı Azərbaycan-Ermənistan problemlərinin tənzimlənməsi istiqamətində müəyyən aktuallıq kəsb edirdi. Müəyyən inam da formalaşmışdı. Sonradan isə  gördük ki, Qərb məsələ üzərində imitasiyalarla məşğuldur. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi üzərində Cənubi Qafqaz regiounda öz geosiyasi mübarizəsini güdməyə çalışır. Bu mübarizə də sözsüz ki, Rusiyaya qarşıdır".

Deputat Qərb ölkələrinin şəhərlərində sülhün imzalana bilməyəcəyini qeyd edib:

 

"Qərb çox israr edirdi ki, Azərbaycan ərazisindəki ermənilərlə bağlı məsələlər beynəlxaq mexanizmlər tətbiq olunmaqla müəyyənləşsin. Azərbaycanın isə aydın mövqeyi var. Azərbaycandakı ermənilərin vəziyyəti bizim daxili işimizdir. Bunu kimləsə, müzakirə etmək fikrində deyilik. Ayrıca olaraq, bir sıra Qərb dairələrində Azərbaycana qarşı aşkar, qərəzli mövqeyin formalaşdırılması cəhdlərini müşahidə edirdik. Bu mənada Fransanı xüsusi qeyd etmək lazımdır. Fransa parlamenti Azərbaycan ərazillərində erməni separatizminə ən aşkar formada dəstək nümayiş etdirirdi. Azərbaycana qarşı qətnamələr qəbul edirdi.  Avropa Parlamentində də ölkəmizə qarşı tam qərəzli müzakirələrin keçirilməsinin təşəbbüskarı  kimi çıxış edirdi. Bütün bunlar aydın göstəriridi ki, Avropanın əlində Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün bir alət rolunu oynayır.  Qərb keçmiş münaqişə zamanı da hər zaman ədalətsiz mövqe nümayiş etdirib. Bütün bunları nəzərə aldıqda demək olar ki, Qərb paytaxtlarında sülh müqaviləsi imzalana bilməz. Çünki bütün hallarda Cənubi Qafqaz regionunda onların geosiyasi ambisiyalarına xidmət edəcək maddələr ola bilər. Bunu da heç gizlətmirlər".

 

E.Mirbəşiroğlu sülh müqaviləsinin region ölkələrində imzalanacağı təqdirdə, məqbul olacağını düşünür:

 

"Çünki regiondan uzaq yerləşən ölkələr gələcəkdə regiondakı vəziyyətə təsir etmək, imzalanan müqavilənin  şərtlərinə nəzarət olmaq istəyində və imkanında olmayacaq. Yaxın Şərqdə baş verənlər, Kosovada olanlar aydın göstərdi ki, Qərb hər zaman qərəzli davranır. Hesab edirəm ki, razılaşma elə region ölkələrindən birində imzalanarsa, daha məqbul olacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək