Modern.az

NATO parçalana bilərmi? - Terrorla mübarizədən Çin-Rusiya təhdidinə...

NATO parçalana bilərmi? - Terrorla mübarizədən Çin-Rusiya təhdidinə...

Analitika

12 Oktyabr 2023, 17:12

İkinci Dünya müharibəsində alman nasizmi, italyan faşizmi və yapon militarizmi üzərində qəti qələbədən sonra qaliblər - SSRİ kommunizmi və Qərb kapitalizmi arasında Soyuq Müharibə başladı. 40-cı illərdən SSRİ-nin dağılmasına qədər davam edən bu prosesdə kommunizm Varşava Müqaviləsi Təşkilatına, kapitalizm isə NATO-ya arxalanırdı. Siyasi ritorikadakı kəskinləşmə və yumşalmalar məhz bu iki hərbi blokun mövcudluğu dövründə müşahidə olunurdu.

 

Sovetlərin dağılması ilə eyni dönəmdə sosialist bloku ölkələri də bir-bir siyasi sistemlərində dəyişikliyə getdilər. Qərbə can atan bu ölkələrin toplaşdığı Varşava Müqaviləsi Təşkilatı da beləcə tarixin tozlu səhifələrində yerini almış oldu. NATO isə bundan sonra da var olmağa davam etdi. Hərbi alyans mövcudluq səbəbi olaraq bir müddət beynəlxalq terrorizmlə mübarizəyə söykəndi. Zaman-zaman Şimali Atlantika Alyansının ləğvini, özünü buraxmalı olduğunu gündəmə daşıyanlar, külli miqdarda hərbi xərclərin mənasız şəkildə xərcləndiyini alovlu şəkildə müdafiə edənlər də oldu.

 

Xüsusilə, sol təmayüllü siyasi qüvvələr NATO-ya qarşı tənqidi münasibəti ilə seçilib. Bundan başqa, kollektiv Qərbin daxilindəki fikir ayrılıqları və anqlo-sakson qanadla kontinental qanadın özünü daha qabarıq büruzə verməsindən sonra Avropa Ordusu kimi ideyaların ortaya çıxması alyansa qarşı birmənalı münasibəti olmayanların tərəfdarlarını daha da artırdı.

 

 

Rusiyanın sonradan formalaşdırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) özünü NATO səviyyəsində hərbi blok, onun alternativi kimi göstərməyə can atsa da, məlumdur ki, bu təşkilat sadəcə Moskvanın geopolitik ambisiyalarından irəli gələn, üzvləri arasında real hərbi müttəfiqlik olmayan, daxili böhranlarla dolu bir müqəvvadır.

 

Qırğızıstanla Tacikistanın sərhəd münaqişələrini, Azərbaycanın dostu olan Mərkəzi Asiyanın türk dövlətləri ilə Ermənistanın kağızüstü müttəfiqliyini, Belarusun Rusiyadan hədsiz asılılığını, Moskva ilə arasında əsən soyuq küləklər işığında İrəvanın KTMT-nin bir sıra tədbirlərinə qatılmaqdan imtina etməsini yada salmaq kifayətdir. Qısası, NATO-nun mövcudluğu üçün KTMT də o qədər keçərli səbəb sayıla bilməz.

 

NATO-nun ekzistensial krizislə üzləşdiyi dövrdə Rusiyanın Ukraynaya hücumundan sonra alyans xüsusən Şərqi Avropa ölkələrinin təhlükəsizliyi üçün etibarlı vasitəyə çevrildi. Bu amil hərbi blokun saxlanması tərəfdarlarının arqumentlərini gücləndirdi, onların əsaslandığı Rusiya təhdidi məsələsində haqlı çıxdıqları məlum oldu. Konseptual sənədlərdə, hərbi doktrinada Rusiyanı təhdidlər sırasında qiymətləndirən NATO bu prosesdə daha da genişləndi.

 

 

Skandinaviya ölkələrindən İsveç və Finlandiya müdafiə olunmaq və təhlükəsizliklərini təmin etməkdən ötrü alyansa qoşulmaq qərarına gəldilər. Finlandiya artıq NATO üzvüdür. Türkiyə və Macarıstanın müəyyən narazılıqları təmin olunduqdan sonra İsveçin də bu ailəyə qoşulacağı şübhə doğurmur. Bu, guya NATO-nu sərhədlərindən uzaqlarda saxlamaq siyasəti yürüdən Rusiyanın uğursuzluğudur və NATO ilə quru və dəniz sərhədlərinin böyüməsi ilə nəticələnir.

 

Bununla belə, NATO ilə bağlı müəyyən problemlər qalmaqdadır. ABŞ-ın Tramp administrasiyası dövründə qaldırdığı məsələ - üzv ölkələrin hərbi xərclərini artırması hələ də tam həllini tapmayıb. ABŞ və Türkiyə kimi böyük müdafiə büdcəsi olan ölkələr hesabına təhlükəsizliyini təmin etməyə çalışan bir sıra Avropa ölkələri Rusiya-Ukrayna müharibəsindən sonra bəzi addımlar atsa da, hələlik bu, kifayətedici hesab olunmur.

 

Digər maraqlı məsələ isə Çin-NATO münasibətləri ilə bağlıdır. Qlobal gücə çevrilməyə iddialı olan Çinin NATO tərəfindən, onun ən aparıcı üzvü olan ABŞ tərəfindən təhdid və rəqib sayılması prosesə necə təsir göstərə bilər? Gələcəkdə Çin NATO-nun mövcudluq səbəbinə çevrilə bilərmi? Bir neçə dəfə NATO-nun hərbi qanadını tərk edib sonra geri qayıdan Fransanın Avropa Ordusu ideyası reallaşacaqmı? Hələlik bu suallar açıqdır...

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək