Modern.az

Azərbaycanın xarici siyasət konsepsiyası dəyişəcək? - Qarabağ məsələsi həll edildiyi üçün...

Azərbaycanın xarici siyasət konsepsiyası dəyişəcək? - Qarabağ məsələsi həll edildiyi üçün...

20 Oktyabr 2023, 17:38

Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə Qarabağ məsələsi artıq öz həllini tam tapıb. Bir çox ekspertlər Qarabağ məsələsinin həllindən sonra Azərbaycanın həm daxili, həm də xarici siyasətində dəyişikliklər edəcəyini iddia edir.

 

Azərbaycan uzun illərdir hərbi blokalara qoşulmama, balanlaşdırılmış xarici siyasət aparıb. Bir çox ölkələrlə münasibətlər isə Qarabağ probleminə görə şəkillənirdi. İqtisadi layihələr, dəhlizlər buna uyğun açılıb, istifadəyə verilirdi. 

 

Bundan sonra Azərbaycanın xarici siyasət konsepsiyasında hansısa dəyişikliklərin olub-olmayacağı maraq doğurur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri vurğulayıb ki, Azərbaycan xarici siyasətinin prioritetləri ciddi anlamda dəyişikliklərə məruz qalmayacaq:

 

“Azərbaycan bundan sonra da qonşularla normal ticarət, əməkdaşlıq, iqtisadi yöndə qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq siyasəti yürütməyə davam edəcək. Çünki qonşularla münasibət çox vacibdir. Həm iqtisadi-ticari əlaqələr, həm də bu cür münasibətlərin yol açdığı təhlükəsizlik sistemi əhəmiyyətlidir. Belə olduğu halda sülh də olar. Bu siyasət doğrudur. Bundan sonra da davam etdiriləcək. Azərbaycan öz iqtisadi qüdrətini, gələcəyini inkişaf etdirmək üçün yeni kommunikasiya sistemlərinin yaranmasıyla əlaqədar siyasətini davam etdirəcək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri və onların qovşağı olan Azərbaycan bu siyasətini uğurla davam etdirməyə, həyata keçirməyə başlayacaq. Yəni Azərbaycan Çini Avropayla qovuşduracaq.Eyni zamanda  Mərkəzi Asiyadakı türk cümhuriyyətlərininin Türkiyəyə və Avropaya qovuşmasında Azərbaycan körpü rolunu oynayacaq.  Azərbaycan prioritet saydığı Zəngəzur dəhlizi vasitəsilə bu planı həyata keçirməyə çalışacaq. Düşünürəm ki, əsas prioritet budur. Bu kommunikasiyalar açıldığı təqdirdə bütün region dövlətləri qazanacaq".

 

 

Politoloq Azərbaycanın Avropa Birliyi ilə də mormal münasibətlər qurmaqda davam edəcəyini söyləyib:

 

"Azərbaycan bu istiqamətdə əlaqələri inkişaf etdirməyə çalışacaq. Məlumdur ki, Azərbaycanın enerji daşıyıcılarının 80-85 faizi büdcəni təşkil edilir. Qaz və neftin böyük hissəsi də Avropaya satılır. Ona görə də Avropada bir çox ölkələrlə əlaqələrin qurulması Azərbaycanın prioritet siyasətlərindən biri olacaq. Bu əməkdaşlıq Azərbaycana texnoloji inkişaf vəd edən əməkdaşlıqdır. Paralael olaraq, Azərbaycan Asiya, şərq dünyası ilə normal münasibətlərini inkişaf etdirəcək.Bu baxımdan, Azərbaycanın xarici siyasət prioritetlərində elə dəyişiklik olmayacaq".

 

Natiq Miri Azərbaycanın sülhdə maraqlı olduğunu vurğulayıb:

 

"Qarabağ probleminin həlli çox önəmli tarixi siyasi hadisədir. Bu hadisə Azərbaycanın güclənməsinin və gələcək inkişafının bütünləşməsini təmin etdi. Azərbaycan eyni zamanda regionda sülhün bərqərar olmasında maraqlıdır.  Azərbaycan sülhə töhfə verməkdə davam edəcək. Ermənistanla sülh Azərbaycanın maraqlarına zidd olmamalıdır. Sülhə töhfə vermək istəyən hər bir qlobal, regional güc mərkəzi  beynəlxalq hüquq və normalar çərçivəsində davrandığı təqdirdə Azərbaycan sülhə tam olaraq açıqdır. Azərbaycan sözügedən siyasətini davam etdirəcək. Azərbaycan gücləndikcə, bu istiqamətdə istəklərinə nail olacaq. Ayrıca sülh müqaviləsi bu gün Azərbayan üçün olmazsa, olmaz deyil. Azərbaycan özünün ən böyük problemini həll edib.Sülhə vasitəçi olmaq istəyən qüvvələr Azərbaycanın ədalətli şərtlərini qəbul etməlidir".

 

Politoloq Zaur Məmmədov Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqaz və bölgə ətrafında ciddi şəkildə geosiyasi konfiqurasiyaların baş verdiyini, regionun yeni mərhələyə qədəm qoyacağını söyləyib:

 

"Qarabağ məsələsi Azərbaycanın Rusiyayla, İranla və bir sıra ölkələrlə münasibətlərinə təsir edirdi. Qarabağ məsələsi ətrafında hegemon ölkələr öz maraqlarını həyata keçirirdilər. Artıq bu məsələ olmadığından Azərbaycan xarici siyasəti obeyktivlərində, yaxud Azərbaycana yanaşmaların özünə də biz yeni yanaşmaların ortaya atılacağının şahidi olacaq. Bu böyük tarixdir. Bundan sonra məhz Azərbaycanın istəyinə uyğun olaraq regionda siyasət yürüdüləcək. Bundan əvvəl Qarabağ məsələsindən istifadə edərək müxtəlif güclər öz maraqlarını həyata keçirirdisə, bundan sonra məhz Azərbaycanın başçılığı ilə yeni geosiyasi, hərbi və iqtisadi müstəvidə regional proseslərin şahidi olacağıq".

 

Politoloq, xarici siyasət konsepsiyasında dəyişiklik olub-omayacağı ilə bağlı suala belə cavab verib:

 

"Azərbaycanın xarici siyasəti oturaq və sabitdir. Heç bir ciddi dəyişikliklərin olması gözlənilmir. Əvvəldən bəri yürüdülən xarici siyasətin daha da inkişaf etdirilməsi gözlənilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək