Modern.az

Gürcüstanda çaxnaşma: Daxili böhran, yoxsa Rusiya-Qərb qarşıdurması... - TƏHLİL

Gürcüstanda çaxnaşma: Daxili böhran, yoxsa Rusiya-Qərb qarşıdurması... - TƏHLİL

Analitika

19 Oktyabr 2023, 16:16

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının ölkə prezidenti Salome Zurabişvilini vəzifədən uzaqlaşdırmaq prosesi, gözlənildiyi kimi, uğursuzluğa düçar olub. Dünən keçirilən səsvermədə prezidentin impiçmentini tələb olunan 100 deputatdan yalnız 86-sı dəstəkləyib, bir nəfər “əleyhinə” səs verib. Parlament müxalifətinin nümayəndələri səsvermə prosesində iştirak etməyiblər.

 

Prezidentin impiçmenti prosesini tənzimləyən Gürcüstan qanunvericiliyinə əsasən, parlament dövlət başçısının vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar qəbul etməzsə, bu məsələyə xitam verilmiş sayılır. Beləliklə, hakim partiya növbəti il ərzində parlamentdə Salome Zurabişviliyə qarşı analoji proses təşkil edə bilməyəcək.

 

Etiraza səbəb olan səfərlər

 

Salome Zurabişvilinin istefası hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə irəli sürülüb. Buna səbəb prezidentin avqust və sentyabr aylarında bir sıra ölkələrə, o cümlədən Almaniya, Brüssel və Fransaya hökumətin razılığı olmadan səfər etməsi olub.

 

Gürcüstan parlamentli respublikadır. Ölkə konstitusiyasında prezident zəif səlahiyyətlərə malikdir və sadəcə olaraq ölkənin formal lideridir. Prezident Gürcüstanı beynəlxalq arenada təmsil etmək hüququ verən nümayəndəlik funksiyalarına malikdir, lakin bu təmsilçilik üçün hökumətin təsdiqi lazımdır.

 

Qeyd etdiyimiz kimi, hakim partiya səfərlər üçün Zurabişviliyə lazımi icazəni verməyib. Buna baxmayaraq, o, Avropa paytaxtlarını ziyarət edib. Gürcüstan prezidenti Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Fransa lideri Emmanuel Makronla görüşüb. O, səfərləri üçün şəxsi vəsaitdən, ictimai nəqliyyatdan və ya şəxsi əlaqələrdən istifadə edib. Gürcüstanın rəsmi diplomatik nümayəndəlikləri səfərlərin təşkilində iştirak etməyib.

 

Hakim partiya Zurabişvilini konstitusiyanı “kobud şəkildə pozmaqda” ittiham edib. Partiya rəsmiləri qeyd edir ki, ölkə konstitusiyasına görə, Gürcüstanın daxili və xarici siyasətini hökumət həyata keçirir. Oktyabrın 16-da Gürcüstan Konstitusiya Məhkəməsi xanım Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozduğunu təsdiq edib. Məhkəmə qərarından sonra Salome Zurabişvili istefa vermək fikrində olmadığını bəyan edib.

 

Zurabişvili gözlənilən impiçmentdən xəbər tutanda Mişellə görüşürdü. İmpiçment prosesinin başlaması Brüsseldəki məmurları şoka salıb, çünki Gürcüstan prezidentinin Avropa turnesinin məqsədi avropalı həmkarlarını Gürcüstana Avropa İttifaqına namizəd statusu verməyə inandırmaq idi. Bir çox avropalı siyasətçilər Zurabişvili ilə həmrəy olduqlarını bildiriblər. Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Zurabişvili "əsl Avropa lideri" adlandırıb.

 

Zurabişvili kifayət qədər mübahisəli fiqurdur. Onun partiya mənsubiyyəti yoxdur, lakin hakim partiyanın dəstəyi ilə prezident seçilib. Prezident seçkiləri zamanı onun reytinqi olduqca aşağı idi, “Gürcü Arzusu” onun seçilməsi üçün böyük resurslardan istifadə etməli oldu. Zurabişvili prezident olduqdan sonra tədricən hakim partiyadan uzaqlaşmağa başlayıb.

 


Saakaşvili məsələsi...


Qeyd edək ki, Gürcüstan prezidenti zəif səlahiyyətlərindən effektiv şəkildə istifadə edə bilir. Məhkumları əfv etmək hüququ Zurabişvilinin hakim partiyaya təzyiq etmək üçün istifadə etdiyi alətlərdən biridir. O, bu yaxınlarda şübhəli iddialarla həbs edilmiş müxalifət media menecerini əfv edib və hökuməti qəzəbləndirib. İndi isə sabiq prezident Mixail Saakaşvilinin mümkün əfv məsələsi gündəmdədir.

 

Zurabişvili onu heç vaxt əfv etməyəcəyini dəfələrlə bəyan etsə də, “Gürcü arzusu” ilə ixtilafı onun mövqeyinə yenidən baxmasına səbəb ola bilər. Müxalifətdən bəziləri Saakaşvilini əfv edənə qədər prezidentin qərbyönümlü istiqamətinin səmimiliyinə inanmadıqlarını bildirib.   

 

İmpiçment prosesinin uğurusuzluğa düçar olmasından sonra "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Salome Zurabişvilinin Saakaşvilini əfv etməsi öz seçicilərinə daha bir xəyanəti olacaq. Partiya sədri Prezidentin “qırmızı xətt”i keçməyəcəyinə ümid etdiyini deyib.

 

Gürcüstanda Qərb-Rusiya/Çin qarşıdurması

 

Müşahidəçilər deyir ki, "Gürcü Arzusu”nun son zamanlar Rusiya və Çinə meyl etməsi Avropameyilli Zurabişvilinin etirazlarına səbəb olub. Zurabişvili Avropada “Gürcü Arzusu” liderlərindən daha çox mehriban qarşılanır. Zurabişvilinin avropapərəst mövqeyi onu Avropameyilli gürcülərin bayraqdarına çevirib.

 

Rusiya siyasətçiləri və rəsmiləri Zurabişvilini daha çox tənqid edir və “Gürcü arzusu” hökumətini tərifləyirlər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş prezident Dmitri Medvedev hazırkı Gürcüstan hökumətini “praqmatik” kimi xarakterizə edir. O, həmçinin qeyd edir ki, “Gürcüstanda hələ də “quduz, dəli, qəribə insanlar” var. "Budur, Gürcüstanın hazırkı prezidenti – o, öz ölkəsinin iqtisadiyyatının inkişafına qəti şəkildə qarşı çıxan fransız qadındır”, - o deyib. Zurabişvili həqiqətən də Fransada doğulub böyüyüb, Gürcüstan-Fransa vətəndaşlığına malikdir və vaxtilə Fransanın Gürcüstandakı səfiri olub. Buna baxmayaraq, Gürcüstan ictimaiyyətinin öz prezidenti ilə həmrəyliyi artır. Zurabişvili Avropadan qayıdarkən xalqa xüsusi müraciət edib: "Gürcüstan heç vaxt Rusiyanın boyunduruğuna qayıtmayacaq".

 

Ümimilikdə, Gürcüstanda hakimiyyətin qolları arasında qarşıdurmanın artması ölkənin həm daxili, həm də xarici siyasəti üçün müsbət heç nə vəd etmir. İmpiçment prosesinin uğurusuz olacağı əvvəlcədən məlum idi, lakin hakim partiya rəsmilərinin də dediyi kimi, proses “əsasən simvolik xarakter daşıyır” və məqsəd partiyanın prezidentin siyasətindən uzaq olduğunu nümayiş etdirməkdir.

 

Gələn il Gürcüstanda prezident və parlament seçkiləri keçiriləcək. Hazırkı gərginlik həm də seçkilərin gərgin şəraitdə keçəcəyinin ilkin göstəriciləridir...

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək