Modern.az

İsrail-Fələstin toqquşması: Hizbullaha zərbələr endirildi, ABŞ hərəkətə keçir - SON VƏZİYYƏT

İsrail-Fələstin toqquşması: Hizbullaha zərbələr endirildi, ABŞ hərəkətə keçir - SON VƏZİYYƏT

Analitika

23 Oktyabr 2023, 10:16

Oktyabrın 7-də İsrail və HƏMAS arasında başlayan toqquşma şiddətli şəkildə davam edir.

 

Modern.az yerli və xarici mətbuata, eləcə də rəsmi şəxslərə istinadla bölgədəki ən son məlumatları təqdim edir.

 

İsrail ordusu gecə saatlarında Livanın cənubunda yerləşən mövqelərə, səhər saatlarında isə Qəzzaya aviazərbələr endirib. Fələstin mediası xəbər verir ki, İsrailin hücumları Qəzza zolağının mərkəzi və şimalına yönəlib.

 

Dünən axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu münaqişəni qiymətləndirmək üçün generalları və hərbi kabinetini toplayıb. Dəqiq nələrin müzakirə edildiyi açıqlanmayıb. İsrail HƏMAS-ı məhv etmək məqsədi ilə planlaşdırılmış quru əməliyyatı üçün Qəzza ətrafındakı hasarlanmış sərhəd yaxınlığında tanklar və əsgərlər toplayıb.



Genişmiqyaslı toqquşmaların başlamasından bu yana İsraildə 1400 nəfər, Qəzzada isə 4600 nəfər həlak olub. HƏMAS-ın 212 nəfəri əsir saxladığı bildirilir.



ABŞ hərəkətə keçir



İsrail-HƏMAS müharibəsinin daha geniş Yaxın Şərq münaqişəsinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlara görə həftə sonu Vaşinqton ABŞ-ın regiondakı maraqları üçün əhəmiyyətli risk yarandığını bildirib. ABŞ regiona yeni hava hücumundan müdafiə vasitələri yerləşdirmək barədə qərar qəbul edib.



Pentaqon İrana bağlı qüvvələrin hücumlarının qarşısını almaq üçün artıq Yaxın Şərqə iki aviadaşıyıcı, dəstək gəmiləri və təxminən 2000 dəniz piyadası daxil olmaqla əhəmiyyətli miqdarda dəniz qüvvələri göndərib.

 

ABŞ Müdafiə Naziri Lloyd Austin bazar günü ABC telekanalının "Bu həftə" proqramına müsahibəsində vəziyyəti belə şərh edib: "Gördüklərimiz... bütün regionda qoşunlarımıza və xalqımıza qarşı hücumların əhəmiyyətli dərəcədə artması perspektividir".


Livan və Suriyadan gələn təhlükə



İsrailin Livanla şimal sərhədi boyunca İranın dəstəklədiyi Hizbullah qruplaşması da aktivliyi artırıb. Belə ki, HƏMAS-ı dəstəkləyən qruplaşma İsrail qüvvələri ilə toqquşub.

 

Bazar ertəsi səhər saatlarında İsrail təyyarələri Livanda İsrailə təhdid yaradan iki Hizbullah obyektinə zərbələr endirib. İsrail hərbçiləri həmçinin Hizbullahın digər hədəflərinə, o cümlədən bina və müşahidə məntəqəsinə zərbələr endiriblər. Hizbullah döyüşçülərindən birinin öldürüldüyünü bildirib.

 

Suriya dövlət mediası bildirib ki, İsrail HƏMAS-ın əsas regional dəstəkçisi olan İranın hərbi mövcudluğunu qoruduğu Suriyaya zərbələr endirib. İsrail qırıcıları bazar günü səhər tezdən Dəməşq və Hələb beynəlxalq hava limanlarını vurub, nəticədə hər ikisi fəaliyyətini dayandırıb və iki nəfər ölüb.

 

Sərhəddə zorakılıqların artması fonunda İsrail Livan və Suriyaya yaxın 14 yaşayış məntəqəsini təxliyə edib.

 


Xarici ölkələrlə təmaslar

 

ABŞ Prezidenti Co Bayden bazar günü Netanyahu və Papa Fransisk, həmçinin Kanada, Fransa, İngiltərə, Almaniya, İtaliya və İngiltərə liderləri ilə Qəzzaya yardım almaq və münaqişənin yayılmasının qarşısını almaq barədə danışıqlar aparıb. Liderlər birgə bəyanatda İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiklərini bildiriblər. Onlar həmçinin mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıblar.

 

İsrail liderinin ofisi bildirib ki, Netanyahu bazar günü axşam saatlarında Fransa, İspaniya və Niderland liderləri ilə də telefon danışığı aparıb. Niderlandın baş naziri Mark Rutte bazar ertəsi, Fransa prezidenti Emmanuel Makron isə çərşənbə axşamı İsrailə səfər edəcək.

 

HƏMAS lideri İsmayıl Haniyə isə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar günü axşam saatlarında danşıqlar aparıb. Bölgəyə səfər edən Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Zhai Jun genişmiqyaslı münaqişə riskinin artdığını və bölgədəki münaqişələrin "narahatedici" olduğunu bildirib. 


 

Qəzzaya humanitar yardımlar

 

Bazar günü gecə 14 yardım maşınından ibarət ikinci humanitar karvan Qəzzaya yola düşüb. BMT-nin humanitar ofisi bildirib ki, indiyədək daxil olan yardımın həcmi hərbi əməliyyatlardan əvvəl gündəlik orta göstəricinin cəmi 4 faizini təşkil edib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir