Ötən həftə “Qarabağ”ın Avrokuboklarda qitənin ikinci dərəcəli futbol turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə ölkəmizdəki futbol həyacanı ən azı Avropa Liqasının qrup mərhələsinin startına qədər səngisə də, qarşıda milli komandamızın rəsmi oyunlarının olması həyəcanın minumuma enməsini əngəllədi. Nə də olsa, milli komandamızı yaxın günlərdə vacib qarşılaşmalar gözləyir. Belə ki, əsas yığmamızı sentyabrın 7-də Kosovo ilə evdə, 10-da isə Malta ilə səfərdə qarşılaşacaq. Hər iki görüş Millətlər Liqası çərçivəsində baş tutacaq. Bəs görəsən, milli komandamız sözügedən turnirə nə dərəcədə hazırdır?
Hazırlıq matçları nələri ortaya qoydu?
Ötən ilin dekabrında yığmadakı fəaliyyəti rəsmiləşən Qurban Qurbanov hələ rəsmi qarşılaşmaya çıxmayıb ki, bu da hələlik onun işinə qiymət verməyimiz üçün tələsməməyə əsas verir. Amma bununla belə, Qurbanovun komandasının hazırlıq oyunlarında ortaya qoyduğu performans müəyyən qənaətə gəlmək üçün əsas ola bilər.
Bu ilin əvvəlində Antalyada qısamüddətli toplanış keçən yığma cəmi bir yoxlama oyununda gücünü sınamış və Moldova milli komandası ilə qolsuz heç-heçə etmişdi. Bundan iki ay sonrakı toplanışda isə Bakıda Belarusa məğlub olan (0:1) komandamız daha sonra Antalyada Makedoniya ilə qollu “sülh”ə (1:1) razılaşmışdı. Hazırda davam edən təlim-məşq toplanışına qədər olan sonuncu hazırlıq mərhələsində isə Qırğızıstanı Bakıdan üç cavabsız qolla yola salan milli komandamız Astanada Qazaxıstana eyni hesabla yenilmişdi. Həmin təlim-məşq toplanışında sonuncu oyunumuz isə Latviya qarşı olmuş və Qurban Qurbanovun yetirmələri Riqadan 3:1 hesablı qələbə ilə qayıtmışdı. İnsafən, yığma komandamız Maksim Medvedev, Cavid İmamverdiyev və Emin Mahmudovun fərqləndiyi oyunda yaxşı təsir bağışlamışdı. Eyni sözləri Qırğızıstanla Bakıdakı oyun haqda da demək olar. Amma o da var ki, iki oyunda qazandığımız qələbədə rəqiblərin gücünün o qədər də yüksək səviyyədə olmaması da rol oynadı. Digər oyunların nəticəsi isə qarşıya bir qədər “dişli” rəqib çıxan kimi vəziyyətin dəyişdiyini göstərirdi. Futbolda uğura gedən yol optimal heyət, düzgün hazırlıq və taktikadan keçir ki, bizim futbolda heç vaxt bunların üçü də bir arada olmayıb. Amma o da var ki, Qurbanovun qısa müddətdə problemləri aradan qaldıması onsuz da mümkün deyildi.
Qurbanovun seçiminə sözardı
Qurbanov yığmaya baş məşqçi təyin edilərkən, heç kimi diqqətdən kənarda qoymayacağını demişdi. Çalışdırıcı sözünü tutur və adətən klubunda özünü yaxşı tərəfdən göstərən, demək olar, bütün futbolçulara dəvət göndərir. Hazırda daha çox eksperimental yox, rəsmi oyunlarda güvənəcəyi futbolçular dəvət olunub. Yəni ilk baxışdan yığma komandamıza dəvət olunanlar arasında sürpriz adlara rast gəlmək olmur. Üstəlik, Bəxtiyar Həsənəlizadənin millinin heyətinə cəlb olunması və Rauf Əliyevin dönüşü alqışlanmalı məqamlardır. Amma bununla belə, Qurbanovun seçimi haqda heç də hamı eyni fikirləri səsləndirmir. Məsələn, Cavid Hüseynov milliyə cəlb olunması birmənalı qarşılanmır. “Qəbələ”nin kapitanı cəzalı olduğuna görə premyer-liqanın ilk 3 turunu buraxıb ki, bu da sıradan fakt deyil. Bundan başqa, Hüseynov kimi sonuncu dəfə iyulun ortalarında meydana çıxan Namiq Ələsgərovun hazırkı məqamda yığmaya verəcəyi fayda da sual altındadır. Bundan əlavə, oyun praktikasından əziyyət çəkən və bu mövsüm cəmi 7 dəqiqə meydanda olan “Neftçi”li Rəhman Hacıyevlə ideal formadan uzaq olan “Qəbələ”nin hücumçusu Ruslan Qurbanov milliyə çağırılması sual yaradan məqamlardandır. Yox, əgər Qurban Qurbanov oyun praktikası olmayanları milliyə cəlb etməkdə problem görmürsə, onda klubsuz günlərini “transfer pəncərəsi”nin son günündə Qurbanovun “Qarabağ”ı ilə anlaşmaqla sona çatdıran Araz Abdullayev niyə açıqlanan siyahıda özünə yer tapmadı? Düzdür, reallıq ondan ibarətdir ki, Qurbanovun geniş seçim imkanı yoxdur və bu səbəbdən bu adlara güvənməyə məcburdur, ancaq seçimi məhdud olan çalışdırcının Ruslan Abışovun yoxluğunda “Neftçi”də özünü yaxşı tərəfdən göstərən Anton Krivotsyuka dəvət göndərə bilərdi. Düzdü, milliləşdirilən yığma üzvü hazırda U-21-in düşərgəsindədir. Hərçənd Olimpiya millimizin AÇ-də elə bir hədəfi qalmayıb və deməli, “gənclər yığması”nın baş məşqçisi Rəşad Sadıqov Anton Krivotsyuku “Qarabağ”dakı çalışdırıcısnın sərəncamına rahatlıqla göndərə biləcəkdi. Anton Krivotsyukun həm sol, həm də mərkəz müdafiəçisi kimi oynmaq bacarığı Qurbanovu qayğılandıran müdafiə xətti üçün əlavə seçim verəcəkdi. Eyni sözləri “Keşlə”nin müdafiəçisi Tərlan Quliyev haqda da demək olar. 26 yaşlı müdafiəçi stopper üçün yetərli fiziki göstəricilərə sahib olmasa da, döyüşkəndir və yerlə daha dəqiq oynayır. Üstəlik, həm müdafiənin sol cinahında, həm də dayaq yarımmüdafiəçisi mövqeyində də forma geyə bilir. Bundan əlavə, “Neftçi”nin əsas heyət üzvlərindən olan Tural Axundov da millinin düşərgəsində olmalı simalardandır.
Məşqçilər korpusunu qayğılandıran məqamlar
Uzun illərdir “Qarabağ”da topa nəzarət, tez-tez futbolçuların yerdəyişməsi, kiçik ötürmələr, çoxgedişli kombinasiyalar və bəzən ani, kəskin hava ötürmələrini cəmləşdirən sistemi tətbiq edən Qurban Qurbanovdan milli komada səviyyəsində də gözlənti budur, ancaq bunun üçün müəyyən vaxt lazımdır. Üstəlik, indiki halda heyətdə də problemlər yetərincədir və bu amil arzulanan oyunun sərgilənməsinə mane olur. Ötən seçmə mərhələnin ardından millidəki karyerasını başa vuran Rəşad Sadıqovun olmamsı onsuz da müdafənin mərkəzində boşluq yaratmışdı. Onu əvəzləməsi planlaşdırılan Ruslan Abışovun isə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnərək ilin sonuna qədər sıradan çıxması bu boşluğu bir az da dərinləşdirdi. Yarımüdafiə xəttində Araz Abdullayevin olmaması ilə yanaşı, Riçard Almeydanın “Astana”da, Dmitri Nazarov isə “Ertgebirge”də əsas heyətin daimi üzvü olmaması məşqçilər korpusunu düşündürməyə bilməz. Ramil Şeydayevin “Krılya Sovetov”la anlaşana qədər uzun müddət klubsuz qalması da narahatlıq mənbəyidir.
Millimizin lehinə olan amillər
Təbii ki, “yığma həftəsi” ərəfəsində ümidverici məqamlar da yox deyil. Əvvəla ona görə ki, indi bütün futbolçular layiq olacaqları halda millidə top qovacaqlarını bilirlər. Bu amilin özü daha səviyyəli milli komandanın formalaşmasını şərtləndirəcək. Digər tərəfdən, ilk dəfə təşkil olunan Millətlər Liqası yığmamız üçün əla imkandır. Əslində, Millətlər Liqasının yaradılmasında əsas məqsəd nisbətən zəif yığmaların qitə birinciliyinə yollanmasına imkan yaratmaqdır. Məsələ burasındadır ki, D liqasında təxminən eyni səviyyəli komandalar yer alıb ki, bu da final mərhələsinə vəsiqə üçün yaxşı fürsətdir. Belə bir şans isə komandamız üçün əlavə motivasiya deməkdir. Üstəlik, AÇ-2020-nin final mərhələsinə evsahibliyi edəcək şəhərlərdən birinin Bakı olması da lehimizə olan nüanslardan biridir.
Tural Məmmədov