Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalarda, habelə özəl tibb müəssisələrində monitorinqlər aparılıb.
Modern.az xəbər verir ki, monitorinqlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova və Gəncə Şəhər Səhiyyə İdarəsinin rəhbər işçiləri iştirak ediblər.
Monitorinqlər zamanı xəstəxana və poliklinikalarda xüsusi karantin rejimi qaydalarına hansı səviyyədə əməl olunduğu yoxlanılıb. Tibb müəssisələrində sanitar-gigiyenik normalara əməl edilməsi, səhiyyə ocaqlarının bütün girişlərində xüsusi dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, tibbi personalla yanaşı, pasiyentlərin də tibbi maskadan istifadəsinin təmin edilməsi məsələləri diqqətdə saxlanılıb.
Monitorinqlər zamanı tibbi personal və pasiyentlərlə profilaktik söhbətlər aparılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülür.
Qeyd edək ki, monitorinqlər davam edəcək.


