Modern.az

Toplum tarixi tarixi əsərlərdən öyrənmir

Toplum tarixi tarixi əsərlərdən öyrənmir

Aktual

6 May 2020, 10:21

ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru, dosent 
e-mail: [email protected]
           

Humanitar sahələrdə, xüsusilə tarix elmində mülahizə və mübahisələr həddindən artıq çoxdur. Hətta konkret hadisələrə müxtəlif prizmalardan yanaşma cəmiyyətdə böyük çaşqınlığa səbəb olur. İnsanlar anlaya bilmirlər ki, hansı tarixçi mütəxəssisə istinad etmək daha etibarlıdır. Əlbəttə bu da tarix elmini bir elm kimi nüfuzdan salır. Eyni zamanda bu məsələ ideoloji baxımdan çox təhlükəli hal alır. Tarixinə yaranan inamsızlıq milləti ondan imtina etməyə gətirib çıxarır. Bu da dostu düşməndən ayırmaqda toplum üçün çox çətin olur. Bəzən çox böyük şəxsiyyətlərin üzərinə atılan iftiralar buna əyani dəlildir. Ancaq məsələ burasındadır ki, kütlə tarixi heç də mütəxəssislərdən öyrənmir. Müxtəlif kluarlarda, tədbir və məclislərdə cəmləşən insanlar tarixi mövzudan söhbət düşərkən tarixi əsərlərə deyil, əsas etibarilə bədii ədəbiyyata istinad edir. Özü də etiraf etmək lazımdır ki, yığnaqlarda ən çox mövzular elə tarixdən olur. Özünü ağıllı göstərən diletantlar burada ağsaqqallıq edirsə, bu daha da acınacaqlı hal alır. Cəmiyyət arasında ən aktiv tarixi mövzular Babək, I Şah İsmayıl, Qaçaq mövzuları, xüsusilə Qaçaq Nəbi, əsrin əvvəllərində sovet dönəmində üsyan edən Kərbalayi İsmayıl, Qəmlo kimi vicdanlı şəxsiyyətlər və s.dir. Son dövrdə Dədə Qorqudun və Qazan xanın da tarixi kimliyi buraya əlavə oluna bilər. Ancaq təəssüf ki, kütləvi yığıncaqlarda müzakirə olunan bu mövzularda insanlar nəinki fikir ayrılıqları yaşayır, hətta bir-birinə nifrət etməyə başlayır. Təbiidir ki, bu da milli formalaşmaya mənfi təsir edir. Əlbəttə bu da ondan irəli gəlir ki, kütlə tarixi tarixi əsərlərdən deyil, bədii əsərlərdən və ssenariləşdirilmiş bədii filmlərdən öyrənir. Bu ondan irəli gəlir ki,  gəlir ki, tarixi əsərləri oxumaq ya mümkün deyil, ya da çox çətindir. Məlumdur ki, tarixşünaslıqda təzkirənin, salnamənin, məxəzin və yaxud mənqəbə və traktatın öz funksiyaları vardır. Ancaq kütləni bunlar maraqlandırmır. Onlar üçün janr spesifikası yoxdur. Konkret mövzu və bu mövzuda udmaq istəyi var. Aydındır ki, tarixi əsərlərdə həddindən artıq ağır üslub və dil, qəliz mənbələrin çoxluğu, hadisələrin uzun bir şəkildə mürəkkəb təsviri insanların böyük çoxluğunun təfəkküründə çətinlik yaradır. İnsan anlaya bilmədiyinin düşmənidır. Elə bu səbəbdən də toplumun böyük çoxluğu sadə düşüncəyə üstünlük verir. Bu baxımdan ya ağızdan eşitdiyini, yaxud bədii ədəbiyyatdan oxuduğunu, ən çox da bədii filmlərdən gördüyünü danışır və əsaslandırmağa çalışır. Ü.Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyasında (operetta) Məşədi İbadın dediyi kimi “Mən özüm Tarixi-Nadiri”i yarısına qədər oxumuşam, sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?”  situasiyası bunu aydın ifadə edir. Ancaq qəribədir ki, Üzeyr bəyin bu ürək ağrısı da yanlış anlaşılmış, toplumda belə rəy yaranmışdır ki, “Tarixi-Nadir” kitabı iki səhifədir, Məşədi İbad da onu yarısına qədər oxuyub. Əlbəttə burada Nadirin kimliyini öyrənməmək üçün məkrli siyasət də özünü göstərir. Əgər öyrənsələr dövlətçilik anlayışı yenidən toplumun şüurunda canlana bilər ki, bu da Azərbaycanı müstəqil Respublika adıyla işğalda saxlayan və istismar edən Rusiyaya heç bir halda sərf etməzdi. Ancaq burada kontekst başqadır. Bu əsər yarananda heç sovet hakimiyyəti yox idi. Məlumdur ki, Nadir şahın münşisi Mirzə Mehdi xanın yazdığı “Tarixi-Nadir” yaxud “Kitabi-tarixi cahənkəşan məşhur və Tarixi-Nadir" əsəri böyük bir kitabdır. Lakin burada hadisələr uzun və sicilləmə bir şəkildə təsvir olunduğundan Üzeyir bəy bu əsərin oxunaqlığının çətin olduğunu Məşədi İbad obrazının dilinə gətirmişdir. Bizim toxunduğumuz kontekst elə bu kontekstdir. Yəni tarixi əsərlərin qəlizliyi və mənbə çoxluğu insanları tarixi əsərlərdən deyil, bədii əsərlərdən öyrənməyə meyl etmişdir. Hələ on illər bundan qabaq Z.Bünyadov və S.Əliyarlı kimi tarixçi alimlər tarixi tarixi əsərlərdən oxumağın vacibliyini qeyd etmiş, bu mənfi tendensiyanın qarşısını almaq üçün hətta tarixi mövzuda bədii əsər yazmağın lüzumsuzluğunu əsaslandırmağa çalışmışdılar. Əlbəttə, bu təsadüfi deyildi. Bədii əsərlə tarixi əsər arasında çox fərqli texniki və metodoloji fərq mövcuddur. Bədii əsər yazan müəllif öz fikirlərini təqdim etmək üçün bütün mövzulardan, eləcə də tarix mövzularından istifadə edə bilər. Eyni zamanda bu nöqsan sayılmaz. Bunu ədəbiyyat nəzəriyyəsində ədəbi priyom adlandırmışlar. Lakin bu zaman kifayət qədər tarixi təfərrüatlar təhrif olunur. Bu da cəmiyyətin tarixə münasibətini dəyişir, milyonlarla insanın yanlış bilgi əldə etməsinə və yaymasına səbəb olur. Tarixi əsərdə isə tarixi faktlar dəyişdirilə bilməz, ancaq fakt əsasında fərqli münasibət yürüdülə bilər. Misallara keçək: C.Cabbarlının məşhur “Od gəlini” əsərində Afşin (Aqşin) Babəkin doğma qardaşı olaraq süjet xəttində yer almış, burada yazıçı kombinasiyaları əsasında ziddiyyətlərin dramatizmi yaranmışdır ki, bu da əsəri baxımlı etmişdir. Ancaq konkret ərəb mənbələrində Afşin haqqında kifayət qədər geniş məlumat vardır və onun Babəklə heç bir qohumluq əlaqəsi olmamışdır. Bunu bilmək üçün şöhrətli tarixçi Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” tarixi məxəzlərdən ibarət monumental tarix əsərinə baxmaq kifayətdir. Təəssüf ki, tarixi əsər zəhmətinə qatlaşmaq istəməyən həddindən çox oxucu ( O dövrün tamaşaçıları) hələ də elə zənn edir ki, ərəb komandanı Afşin Babəkin doğma qardaşı olmuşdur. Hətta bu tarixi yanlışlığı B.Vahabzadə də “Dar ağacı” pyesi ilə davam etdirmişdir. Ancaq qeyd etdiyimiz kimi yazıçıları deyil, tarixi bədii əsərlərdən mənimsəyən adamları qınamaq lazımdır. Çünki onlar müəllif qurğusu ilə tarixçi arqumentini bir-birinə qarışdırırlar. Ancaq bizim gəldiyimiz qənaət budur ki, tarixi bədii əsərdə də heç bir fakt dəyişmədən işlətmək lazımdır ki, müəyyən yanlışlıqlar ortaya çıxmasın.

  
Biz Babək filmini də bu baxımdan nəzərdən qaşıra bilmərik. Demək olar ki, toplumda Babək haqqında geniş təəssürat yaradan elə bu filmdir. “Babək” filminin ssenari müəllifi Ə.Məmmədxanlı, rejissoru E.Quliyevdir. Məlum olduğu kimi Babək roluna Rasim Balayev çəkilmişdir. Hətta bu gün Babək haqqında düşünən oxucunun yaddaşına assosiativ olaraq R.Balayevin tarixə bürünmüş üzü gəlir. Bu da onu göstərir ki, cəmiyyət əsas bilgiləri məhz tarixdən deyil, elə bu filmdən alır. Filmdə tez-tez mənbə olaraq göstərilən Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin məlum əsərini demək olaraq ki, oxuyan yoxdur.  Bu əsər "Tarix-ür-rüsüli vəl-müluk" (Peyğəmbərlərin və hökmdarların tarixi) əsəridir. Bəlkə də heç çoxları bilmir ki, Ət-Təbəri Babəkin öldüyü ildə dünyaya gəlmişdir. Yəni Babək haqqında mübahisə edənlərdən çoxu ən yaxşı halda təəssüf ki, film əsasında mülahizə söyləməkdən çəkinmir. Halbuki film tarix deyil, müəllif qurğusudur. Əsla tarixi dəqiq ifadə etmir.

  
Cəmiyyət arasında olduqda məlum olur ki, toplum Ş.İ.Xətai haqqında olan məsələləri də heç də Səfəvi tarixçilərinin və başqa tarixçilərin əsərlərindən deyil, əsas etibarilə bədii əsərlərdən almışdır. Bunlardan ən məşhur əsərlər Ə.Cəfərzadənin “Bakı 1501”, F.Kərimzadənin Xudafərin körpüsü” və Ə.Nicatın “Qızılbaşlar” adlı tarixi romanlardır. Bu əsərlərdə də müəlliflər Ş.İ.Xətai haqqında yalnız birmənalı şəkildə bədii təəssürat yaratmışlar.

  
Biz İ.Nəsimi ilə bağlı mübahisəli fikirlərə də aydınlıq gətirmək istəyirik. Toplum İ.Nəsimi ilə bağlı fikirləri də daha çox “Nəsimi” filmindən və onun haqqında yazılmış bədii əsərlərdən almışdır. Bu filmin rejissoru H.Seyidbəyli, ssenaristi İ.Hüseynovdur. Bədii film 1973-cü ildə çəkilmişdir. Bu filmdə də baş rolda R.Balayevdir. Babək haqqında dediyimiz fikirləri eynən Nəsimiyə də aid edə bilərik. Bu film İ.Hüseynovun məşhur “Məşhər” romanının ssenariləşdirilməsi əsasında çəkilmişdir. Ancaq həmişə olduğu kimi romanda olan süjetlərin bir qismi ssenariyə düşməmişdir. Əsərdə müəllif baxışı əsasında tarixi fakta söykənmədən hətta Əmir Teymur hürufi kimi qələmə alınmışdır. Bu filmdən və romandan tarix əldə edən toplumun böyük bir hissəsi hələ də elə zənn edir ki, İ.Nəsimi özünü ələ verən kimi dərisi soyulmuşdur. Halbuki tarixi mənbələrdə İ.Nəsiminin bir ay həbsxanada saxlanması, onun mömin, yoxsa kafir olması haqqında mübahisələrin yaranması, nəhayət sultan İbn-Müəyyədin əmrindən sonra edam olunması haqqında kifayət qədər bilgilər vardır. Hətta dərisinin soyulub-soyulmaması da tarixçilər arasında mübahisə mövzusudur. Lakin bilgini tarixdən deyil, bəddi janrlardan alan toplumun düşüncəsində İ.Nəsimi bu şəkildə daşlaşmışdır.

  
Bu məsələ digər söylədiklərimiz haqqında da keçərlidir. Qaçaq Nəbini və s.qaşaqları bədii əsərlərdən alanlar da onları tarixdən ayrı şəkildə təsəvvür edir ki, bu zaman əsil tarixi situasiyanı öyrənmək çətin olur. Qaçaqlar kimi eyni zamanda uzun illər Kərbəlayi İsmayıl və Qəmlonu mənfi tip kimi xarakterizə edənlər bu gün siyasi anlayışların dəyişikliyinə uyğun olaraq əksini iddia edirlər. Ancaq bu zaman yenə də tarixi mənbələrə deyil, bədii bilgilərə və yaxud şaiələrə əsaslanırlar. Hətta “Dədə Qorqud” filmi ilə Dədə Qorqudu tanıyan toplumun mühüm bir hissəsi hələ də elə bilir ki, Qazan xanın oğlunun adı Turaldır. Halbuki “Dədə Qorqud kitabı”na baxsalar görərlər ki, Tural deyil, Uruzdur. Beləliklə biz demək istəyirik ki, toplum tarixi tarixdən deyil, bədii əsərlərdən oxuyub və bu tarixin bu şəkildə baş verməsini iddia etdikcə yanlışlar artacaq, doğrular isə yox olacaq. Elə buna görə də təəssüf ki, biz bu gün- XXI əsrdə H.Zərdabi düşüncəsinə qayıtmalıyıq. Toplum öncə maariflənməlidir ki, sonra doğrü addım ata bilsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV