Azadə Balayeva
- Sən koronavirusa niyə inanmırsan?
- Koronavirus var ki?!
Hər gün bu və buna bənzər dialoqlarla qarşılaşıram. Artıq ünsiyyətdə olduğum insanları inandırmaq üçün əvvəlki kimi dəridən – qabıqdan da çıxmıram... Çünki bilirəm ki, faydasızdır. Sadəcə inanmamalarının səbəbini soruşuram, özüm üçün aydınlaşdırmaq istəyir, bu inamsızlığın qaynağını tapmağa, harada yanlışlığa yol verdiyimizi anlamağa çalışıram. Bu inamsızlığın, laqeydliyin günahı kimdədir? Vətəndaşda, yoxsa idarəededici strukturlarda?
Sosial şəbəkələrdəki müşahidələrim, eləcə də televiziyada əməkdaşlarımızın apardığı sorğulardan gəldiyim nəticə belədir ki, ölkəmizdə virusa inanmayanların sayı inananlardan dəfələrlə çoxdur. Bunun səbəbləri isə müxtəlifdir. Başlanğıcda bu virusu adi qrip virusu ilə müqayisə edən ailə həkimlərindən tutmuş, sosial mediada yayılan müxtəlif ölkələrdən müxtəlif xarakterli videolar, eləcə də bəzi ailələrdə digər xəstəliklərdən dünyasını dəyişən şəxslərlə bağlı sənədlərə müəyyən məbləğ qarşılığında ölüm səbəbi kimi koronavirus yazılması təklifinə dair şaiyələrə qədər müxtəlif səbəblər var. İlk növbədə qeyd edim ki, ailələrə yaxın həkimlər tərəfindən koronavirusun qrip virusu ilə müqayisə olunması və o qədər də təhlükəli olmamasına dair tövsiyələr vermələrini bir neçə tanışımdan eşitmişəm. Bununla bağlı arqumentləri isə hər il qripdən də minlərlə insanın dünyasını dəyişməsi olurdu. Halbuki artıq amerikalı alimlər etiraf edirlər ki, hazırkı vəziyyətə görə yalnız bu ölkədə ölüm sayı qriplə müqayisədə on dəfə artıqdır. Və ya digər səbəb, beynəlxalq səviyyəli müxtəlif şaiyələri götürək… Koronavirusa 5G-nin səbəb olması və 5G zonası kimi ilk pilot layihə qismində virusun yayılmağa başladığı Çinin Uhan şəhərinin götürülməsi, bu şəhərdə bu yeni texnologiya ilə bağlı antennaların quraşdırılmasından sonra insanların oksigen çatışmazlığından ölməyə başlaması iddiaları da oxumuş, ziyalı Azərbaycan insanının virusa inamsızlığına səbəb olan amillərdəndir. Bu kimi məlumatlarla tanış olan insanların gəldiyi qənaət belə olurdu ki, Azərbaycanda 5G texnologiyası tətbiq olunmadığına görə ölkəmizdə koronavirus təhlükəsi də real deyil. Amma bir müddət sonra elm adamları bu iddiaların əsassız olduğunu sübut etdilər. Digər bir beynəlxalq səviyyəli şaiyə: koronavirusun dünyanın ən zəngin adamlarından biri, Microsoft şirkətinin sahibi Bill Qeytsin guya peyvəndləmə adıyla bəşəriyyətin çipləşdirməsi layihəsi olmasına dair iddialar səsləndirirdilər. Amma ötən həftə milyarder özü bu iddiaları cavablandırdı və heç vaxt mikroçiplərin hazırlanması kimi işlərlə məşğul olmadığını deməklə bu iddiaları da rədd etdi. Və nəhayət, bəzi ailələrədə digər xəstəliklərdən dünyasını dəyişən şəxslərlə bağlı sənədlərə müəyyən məbləğ qarşılığında ölüm səbəbi kimi koronavirus yazılması təklifinə dair şaiyələr… Bu şaiyələr koronavirusa inanmayanların irəli sürdüyü arqumentlərdə ilk sıradadır deyə bilərəm. Çünki onlarla adamdan eşitdim belə bir iddianı. Bu məsələ jurnalistlər tərəfindən bir neçə dəfə Nazirlər Kabineti yanında Opertiv Qərargahın brifinqində də səsləndirildi. TƏBİB rəhbərliyi isə bu iddianı yalnızca təkzib etməklə kifayətləndi. Halbuki bu şaiyələrin kökünə getmək, onu yayanları aşkarlayıb cəzalandırmaq və ictimaiyyəti məlumatlandırmaq lazım idi.
Belə… Məhz sadaladığım səbəblərdən doğan inamsızlıq nəticəsində təəssüf ki, ölkəmizdə COVİD-19 xəstələrinin sırası günü-gündən genişlənir. Əslində inanıb-inanmamaq da hər kəsin hüququdur. Yəni, inanmamaqda azadsınız. Amma məsuliyyətli, intizamlı vətəndaş olmağa, dövlətin qayda-qanunlarına riayət etməyə məcbursunuz. İnsanlarda inam olmasa belə qayda-qanunlara riayət edən, intizamlı vətəndaş olsalar problemi asan atlatmaq mümkün idi. Amma təəssüflə qeyd etməliyik ki, belə bir lüksümüz də yoxdur. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətini intizamlı vətəndaş saymaq olmaz. İnsanlarımız inanmasalar da məhz qanunlara hörmət edərək Operativ Qərargahın yerinə yetirilməsi elə də çətin olmayan maska taxmaq və sosial məsafəni qorumaq tələblərinə riayət etsəydilər ölkəmizdə bu günkü vəziyyət yaranmazdı. Yeri gəlmişkən qeyd edək ki, məhz Yaponiya və Çin vətəndaşlarının dövlətin qoyduğu tələblərə bir nəfər kimi əməl etmələrinin nəticəsində qısa vaxtda dəhşətli virusdan xilas ola bildi. Xatırladım ki, Yaponiyada heç karantin rejimi belə tətbiq olunmadı, insanlar heç bir cəza tədbirləri tətbiq olunmadan üzərlərinə düşən öhdəliyi yerinə yetirdilər – həm sosial məsafəni qorudular, həm də ictimai yerlərdə maska taxdılar. Nəticədə isə bu gün onlar sakura ağacının altında dincəlir, biz isə hələ dörd divar arasında qalmağa məcburuq.