15 iyun 1993-cü il müstəqil Azərbaycanın, müstəqil dövlətçiliyimizin tarixinə qızıl və silinməz hərflərlə həkk olundu. Bu tarixi yaradan Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev oldu. Məhz Azərbaycan xalqının israrlı və təkidli tələblərindən sonra Ulu Öndər Naxçıvandan Bakıya gəldi və Milli Məclisin sədri seçilərək, Azərbaycanı qaranlıqdan aydınlığa çıxartdı. 15 iyundan cəmi 9 gün sonra, 24 iyun tarixində həm də prezident səlahətlərinin icrasına başlayan böyük şəxsiyyət müstəqil Azərbaycanın yeni tarixini yazdı, yeni mərhələsini, yeni inkişaf, quruculuq dönəmini başlatdı.
Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki xaosu, anarxiyanı fürsət bilib ölkənin cənubunda "Talış Muğan Respublikasını", ölkənin şimalında "Ləzgistan Respublikası" qurmaq istəyən separatçı, anti-Azərbaycan dairələrinin məkrli planlarının qarşısı alındı. Özü də məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və həmin bölgənin insanlarının qətiyyəti, Azərbaycana bağlılığı, sevgisi sayəsində bu planlar məğlubiyyətə uğradıldı, onları ssenariləşdirənlərin arzuları birdəfəlik gözlərində qoyuldu.
Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna gedəm qoydu, dünyada tanınmağa başladı, imzasını imzalar işində tanıtdırdı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi və həyata keçirdiyi tərixəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başladı.
Həyatını daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu Öndər özünün də qeyd etdiyi kimi, xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə Ümümmilli Liderin əməyi özünü göstərir. Ümumilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır.
Ulu Öndərin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. Iqtisadiyyat tənnəzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi:" Iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".
Həmin dövrdə Ulu Öndər Azərbaycanın inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkəmizin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensiaları işə salmağı bacarırdı. Bu istiqamətdə də ən önəmli və ən müdrik addımlardan biri uğurlu neft strategiyasına start verilməsi və 1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması oldu.
Məhz Heydər Əliyevin qətiyyəti, əyilməzliyi, sınmazlığı, siyasi iradəsi sayəsində baş tutan "Əsrin müqaviləsi" ilə Azərbaycanın bütün sahələrində inkişafın əsası qoyuldu. Bu gün fəxr və böyük qürur hissi keçiririk ki, Azərbaycan uğurlu neft, enerji siyasəti ilə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas faktorlardan birinə çevrilib.
Eyni zamanda, Ümumilli Liderin siyasəti bu gün ölkə prezidenti cənab Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycan dünyanın milli və dini tolerantlıq mərkəzinə, siyasi, iqtisadi, mədəni, diplomatik, hərbi, humanitar dialoq məkanına çevrilməyi bacarıb.
Sosial siyasət Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin möhkəmləndirilməsi, yaxşılaşdırılması və gücləndirilməsi Azərbaycan dövlətininin ölkə və hökümət rəhbərliyinin başlıca prioritetlərindəndir. Ötən 27 il ərzində də məhz 1993-cü ilin iyununda H.Əliyevin 2 ci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə tənəzzülə son qoyuldu. Ölkənin inkişafı, o cümlədən maddi cəhətdən çox ağır durumda olan insanlarımızın, vətəndaşlarımızın, maliyyə imkanlarının sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində bir sıra önəmli addımlar atıldı, proqramlar gəbul edildi. Çox sevindirici haldır ki, bu siyasət ölkə prezidenti Ilham Əliyevin 17 illik hakimiyyəti dövründə də davam etdirilib və etdirilməkdədir.
Bəli, bu yöndə misalları artırmaq da olar, amma hər şey göz önündədir. Dünyada müstəqil, demokratik, modern və model bir Azərbaycan var. Bu Azərbaycanın yaradıcısı və qurucusu isə 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı nura, aydınlığa qərq edən Heydər Əliyevdir.
Bir daha bu əlamətdar günlərdə böyük şəxsiyyəti hörmət, ehtiram və minnətdarlıqla yad edir, anır və deyirik ki, nə yaxşı ki, Azərbaycanımız var, nə yaxşı ki, Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz Ilham Əliyev var. Allah Heydər Əliyevin ruhunu şad etsin, müstəqil Azərbaycanımızı və dövlət rəhbərimizi qorusun!
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor