Prezidentimiz hər zaman Azərbaycan vətəndaşının, əsgərinin, zabitinin yanındadır.
Azərbaycanda həyata keçirilən bütün islahatların, görülən bütün işlərin təməlində insan amili, vətəndaşın təhlükəsizliyi, sağlamlığı, rifahı dayanır. Ölkəmizin iştirak etdiyi qlobal enerji və logistik layihələrdən başlayaraq qeyri-neft sektorunun inkişafınadək hər şey Azərbaycan xalıqının daha yaxşı, daha firavan yaşamasına xidmət edir.
Bu Prezident İlham Əliyevin siyasətinin ana xətti, ali məqsədidir. Ermənistanın növbəti hərbi təxribatından sonra Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəyən ciddi ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncam, sərəncamdan irəli gələn vəzifələrin icra edilməsi ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz və intensiv tədbirlər də bu ali məqsəddən qaynaqlanır. Prezidentimiz hər zaman Azərbaycan vətəndaşının, əsgərinin, zabitinin yanındadır. İstər təbii fəlakətlərin, istər texnogen qəzaların, istərsə də işğalçı Ermənistanın törətdiyi hərbi təxribatların, cinayətlərin, vandalizm aktlarının nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdə dövlətimizin başçısının xalqımıza olan diqqəti, qayğısı və sevgisinin izi var.
Ölkəmizdə bu və ya digər səbəbdən yaranan problemlərin tez bir zamanda həllini tapması, böyük maliyyə vəsaitləri tələb edən işlərin qısa bir vaxtda görülməsi həm də Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisi kimi böyük əhəmiyyətə malikdir. 2016-cı ilin aprel döyüşlərindən sonra ətraf kəndlərə dəyən ziyanın tez bir zamanda aradan qaldırılması, Cocuq Mərcanlı kimi işğalçılar tərəfindən darmadağın edilmiş bir kəndin cənnətə çevrilməsi, orada ermənilərin heç təsəvvür edə bilməyəcəyi layihələrin həyata keçirilməsi sübuta yetirir ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanın cinayətkar rejimlərinin darmadağın etdiyi ərazilər cənnətə çevriləcək. Təmas xəttində, Ermənistanla həmsərhəd rayonlarda yaşayan həmvətənlərimizin və bütövlükdə Azərbaycan xalqının yüksək ruh yüksəkliyi, həm də Azərbaycan Prezidentinə, dövlətinə olan inamın, etimadın göstəricisidir. Xalq-dövlət, Xalq-Prezident həmrəyliyinin təməlində məhz inam və etimad dayandığı üçün də sarsılmazdır, əbədidir.
Azər Kərimli
Milli Məclisin deputatı