Dünyanın müxtəlif şəhərlərində dinc aksiya keçirən azərbaycanlıların ermənilər tərəfindən zorakılığa məruz qalması hallarına hüquq müdafiəçiləri öz etirazlarını bildiriblər.
Modern.az xəbər verir ki, onlar bununla bağlı Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelə, Avropa Şurasının Baş Katibi xanım Mariya Peyçinoviç-Buriçə, BMT-nin Baş Katibi cənab Antoniu Quterrişə, ATƏT-in fəaliyyətdə olan sədri cənab Edi Ramaya, ABŞ Prezidenti cənab Donald Trampa, Rusiya Prezidenti cənab Vladimir Putinə, Fransa Prezidenti cənab Emmanuel Makrona, Beynəlxalq Amnistiya Təşkilatına “Human Rights Wotch” və “Freedom House” təşkilatlarına müraciət edən bəyanatla çıxış ediblər:
"İyul ayının 12-də Azərbaycan-Ermənistanın sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hərbi təxribatlar ABŞ-da və Avropanın bir çox şəhərlərində Azərbaycanın işğal olunmuş ərazilərinin tez bir zamanda geri qaytarılmasını tələb edən azərbaycanlıların çıxışlarına və mitinqlərinə səbəb olmuşdur. Yaşadıqları ölkələrin qanunlarına əməl edərək dinc nümayişlər keçirən azərbaycanlılara qarşı erməni diasporunun nümayəndələri kütləvi zorakılıq tədbirləri təşkil edərək dinc nümayişçilərə ağır fiziki xəsarət yetirmiş, öz obyektlərində çalışan azərbaycanlıları basqılara məruz qoymuşlar.
Nəticədə Dağlıq Qarabağ münaqişənin lokal çərçivədən kənara çıxaraq ermənilərin və azərbaycanlıların yaşadıqları digər ölkələrə də yayılması təhlükəsi yaranmışdı. Erməni diasporunun Los-Anceles, Berlin, Brüssel və digər şəhərlərdəki Azərbaycan səfirliklərinə və diplomatik nümayəndəliklərinə təşkil etdiyi basqılar, dinc etirazçı azərbaycanlılara qarşı törədilən, və çoxsaylı qanun pozuntularına səbəb olan zorakılıq halları artıq bu təhlükənin reallaşmasına təkan verərək dünyanın müxtəlif şəhərlərində qarşısı alınmayan etirazların artmasına gətirib çıxara bilər.
Biz, Azərbaycanın hüquq müdafiəçiləri, dinc nümayişçilərə və mülki şəxslərə qarşı təcavüz və zorakılıq təzahürlərini pisləyir və bütün beynəlxalq hüquqmüdafıə təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa İttifaqına, Avropa Şurasına, ABŞ Dövlət Departamentinə, ATƏT-ə müraciət edərək qarşıdurmanın növbəti mərhələsini aradan qaldırmağa, ölkələrinin ərazilərində iki diaspor arasında artan münaqişənin qarşısını almağa və münaqişə ilə əlaqəli bütün epizod və insindentlərin ədalətli və hərtərəfli araşdırılmasına çağırırıq.
Novella Cəfərova – D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri
Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri
Əvəz Həsənov – Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri
Səadət Bənənyarlı –Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri
Arzu Abdullayeva – Helsinki Vətəndaş Cəmiyyətinin Azərbaycan Milli Komitəsinin sədri
Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqları Mərkəzinin sədri
Zəlihə Tahirova – Azərbaycan İnsan Hüquqları Mərkəzinin proqramlar koordinatoru
Dilarə Əfəndiyeva - D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin “Qadınlar sülh uğrunda” Mərkəsizin rəhbəri
Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri
Yeganə Tarverdiyeva - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun proqram koordinatoru"