"Hazırda Azərbaycan Milli İstiqlal Partiyasının qurultayı ilə bağlı məsələ müzakirə olunur. Yəqin ki, sentyabr ayına qədər bu məsələ öz həllini tapacaq".
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bildirib. Partiya funksionerinin sözlərinə görə, qurultayın keçirilməsində mövcud vəziyyət nəzərə alınacaq:
"Çox güman ki, pandemiya dövrü nəzərə alınaraq qurultay onlayn formada keçiriləcək. Çünki hazırda insanların bir yerə toplaşması mümkün deyil. İclaslarımız da internet üzərindən, onlayn formada baş tutur".
Əli Orucov partiya üzvlərindən neçə nəfərin COVİD-19 virusuna yoluxub-yoluxmaması barədə rəsmi məlumatın olmadığını söyləyib:
"Bizdə bu barədə rəsmi məlumat yoxdur. Yalnız internetdən əldə etdyimiz məlumata görə partiyanın keçmiş baş katibi Fuad Muxtarov hazırda müalicə alır. Digər üzvlərimizin yoluxub-yoluxmaması barədə əlimizdə hər hası məlumat mövcud deyil".
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş rəhbəri Yusif Bağırzadə 2015-ci ilin oktyabrında sədrlikdən istefa verib. 5 ildir ki, AMİP-də sədr postu boşdur. Bu müddət ərzində qurultay çağrılmayıb və yeni sədr seçilməyib.
Tural