Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi digər ölkələrin filmləri ilə mübarizə aparacaq. Belə ki, ekran əsəri Almaniyanın Frankfurt şəhərində Golden Tree International Documentary Festival (Qızıl Ağac ) Film Festivalının siyahısına daxil edilib. Qaliblərə Qızıl ağac mükafatı və 5000 EUR mükafat veriləcək.
Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
GOLDEN TREE International Documentary Festival Qızıl Ağac Festivalı (GTIDFF) müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır. Festival dünyada şərq və qərb film bazarlarını birləşdirən mədəni məzmun üçün əhəmiyyətli bir körpüdür. Almaniyanın Frankfurt şəhərində hər payızda kecirilənvə artıq 5-ci ildir davam edən festivalda ölkəmizi “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi təmsil edir.
“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik” deyə C.Qasımov bildirib.
Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.