Modern.az

Azərbaycan filmi Venesiya kinofestivalının əsas müsabiqəsində

Azərbaycan filmi Venesiya kinofestivalının əsas müsabiqəsində

Aktual

29 İyul 2020, 12:07

İlk dəfə olaraq Azərbaycan filmi dünyanın nüfuzlu kinofestivallarından biri olan Venesiya kinofestivalının əsas müsabiqə bölməsində iştirak edəcək.

Modern.az xəbər verir ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (“In Between Dyin”) filmi 2-12 sentyabr tarixində baş tutacaq 77-ci Beynəlxalq Venesiya kinofestivalında dünya şöhrətli kinorejissorların filmləri ilə yarışacaq.

Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Mürvət Əbdüləzizov və digərləri çəkiliblər. Azərbaycan və ABŞ istehsalı olan filmin icraçı prodüserləri isə Danny Glover, Susan Rockefellerdir. Film öz ailəsini tapmağa çalışan Davud adlı gəncdən bəhs edir. 

Bu il kinofestivalın əsas müsabiqə bölməsində Hilal Baydarovun filmi ilə yanaşı “Qızıl şir” mükafatı uğrunda 17 film yarışacaq. Aktrisa Keyt Blanşettin rəhbərlik edəcəyi münsiflər heyətinə isə Veronika Frans, Conna Hoqq, Nikola Lagioa, Kristian Petsold, Kristi Pui, Lyudivin Sanye daxildir.

Müstəqil rejissor olaraq çalışan Hilal Baydarovun filmləri müxtəlif beynəlxalq kinofestivallarda iştitrak edib. Onun “Xurmalar yetişəndə” filmi Beynəlxalq Sarayevo kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV