Məşhur holland rəssamı Rembrandt Harmens van Reynin (1606-1669) nadir avtoportreti Londonun “Sotheby's” hərracında 14,5 milyon funt sterlinq (təxminən 18,7 milyon dollar) qiymətinə satılıb.
Modern.az xəbər verir ki, bu məbləğ auksionun tarixində rekord göstərici hesab edilir.
Hərraca çıxarılan rəsm əsrinin ilkin qiyməti 12-16 milyon funt (15-20 milyon dollar) təşkil edib. Altı kolleksiyaçı arasında gedən mübarizə nəticəsində əldə olunan son məbləğ 2003-cü ildəki rekordu iki dəfə üstələyib. Onda rəssamın avtoportreti 6,9 milyon funta satılmışdı.
Sözügedən rəsm əsəri 1632-ci ildə fırçaya alınıb və rəssamın bu avtoportdə 26 yaşı var. Rəssam bütün həyatı boyu 80-nə yaxın avtoportret çəkib. Amma onlardan yalnız ikisində sənətkar özünü təmtəraqlı geyimdə - ağ yaxalıqda və qara şlyapada təsvir edib. Rekord qiymətə satılan da məhz onun bu avtoportlərindən biridir.
Hazırda “Sotheby's” 70-dən çox lotun təqdim edildiyi “Rembrandtdan başlamış, Rixtərə qədər” adlı hərracını davam etdirir.