Modern.az

Deputat: "ABŞ-ın daxilində vəziyyət heç də ürəkaçan deyil"  

Deputat:

Aktual

31 İyul 2020, 18:54
Hər zaman “demokratiya”, “insan hüquqları” kimi gəlişigözıl sözlərin arxasına sığınaraq Azərbaycana əsassız hücumlar təşkil edən ABŞ-ın bəzi qurumları, həmçinin ABŞ rəsmiləri nədənsə öz ölkələrində baş verən kütləvi qanunsuzluqları görməzdən gəlirlər.
 
İyulun 28-də ABŞ-ın nüfuzlu “NewYorkTimes” qəzetində dərc edilən məqalə də deyilənləri bir daha təsdiq edir. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
 
Onun sözlərinə görə, məqalədə Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması kəskin şəkildə tənqid edilir: “Məqaləyə əsasən, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olan məqalədə həmin insidentin video-görüntüləri də yer alır. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim etməyib”. “Maraqlıdır ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər” deyən deputatın sözlərinə görə, halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir. Vüqar İskəndərov deyib ki, ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi: “Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır. Öz ölkələrində demokratiyanı bərqərar edə, insan hüquqlarını təmin edə, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyirlər”.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?