Modern.az

Tarixə açılan “QAPI”

Tarixə açılan “QAPI”

Aktual

24 Avqust 2020, 10:04

(Firuz Mustafanın “Qapı” romanı haqda qeydlər) 


“Qapı”  insanda çox vaxt xoş ovqat, nikbin assosiasiya  yaradan bir məhfumdur.


Firuz Mustafanın “...Qapı...” romanı gələcəyə yönəlik bir simvol kimi 80-ci illərdə, necə deyərlər, suların nisbətən durulmağa başladığı bir vaxtda  qələmə alınmışdır. Yazıçı bu əsəri yazmaqla olduqca məsuliyyətli, ciddi  və çətin bir mövzuya girişmişdir. Məhdud arxiv materiallarına (əslində isə ortada nə düz-əməlli bir arxiv vadı, nə də onun materialı), ən önəmlisi isə az saylı canlı şahidlərin hekayətlərinə, müxtəlif səpkili müzakirələrə əsaslanaraq və süjetə bədii ümumiləşdirmə və fəlsəfi məna qataraq çox qiymətli bir əsər ortaya çıxarmışdır. Əsəri oxuyub başa çatdıran oxucu istər-istəməz “qapı” məfhumunun həm də neqativ bir məna çaları daşıdığının fərqinə varır.  Və xalq arasında (eləcə də barəsində söhbət açdığımız əsərdə) işlədilən  bu cür ifadələr bir  daha yada düşür: “qapı üzünə bağlandı”, “ölüm qapısı” və s.


Mən bu əsərin bədii-sənətkarlıq xüsusiyyətləri haqda söz açmaq istəmirəm. Bu missiya ədəbiyyatşünasların üzərinə düşür. Mən xalqımızın taleyindən keçən bəzi tarixi məqamlara diqqət yetirmək istəyirəm. Məsələ burasındadır ki, “Qapı”da baş verən müdhiş hadisələrin bir çoxu Sovet rejiminin qurulduğu zaman, lap dəqiq desəm repressiya illərində az qala hər bir ailənin qapısını döymüşdür. O cümlədən də bizim ailənin...


Həyatda baş vermiş müdhiş “ölüm  qapısı” haqda canlı hekayəti mən ilk dəfə 1985-ci ildə eşitdim və indi Firuz Mustafanın qələmə aldığı “Qapı” romanını oxuduqca, 1930-cu illərdə Gədəbəydə baş baş vermiş qanlı “Mədən” hadisələrinin acı xatirələrini yenıdən yaşamalı oldum.


1985-ci ilin may ayında oğlum Eldar göz xəstəxanasında müalicə olunarkən, bir gün mənə dedi: “Ata, qonşu palatadakı bir kişi familiyamızla maraqlandı, Süleyman kişinin nəvəsi olduğumu bilib, 1930-cu illərdə onu ölümdən xilas etdiyini söylədi və indi səninlə tanış olmaq istəyir.”


Sabahısı gün, necə deyərlər, yüngülvari bir bazarlıq edib həmin adama baş çəkdim.  Görüşdüyüm adam iri cüssəli, dilli-dilavər bir kişi idi. Doğrusu, indi həmin şəxsin adını unutmuşam. Biz onunla tanış olduq. Ordan-burdan söhbət edəndən sonra kişi əsl mətləb üstünə gəldi: “1930-cu illərdə mən Gədəbəy türməsində milis məmuru işləyirdim. Vəzifəm –tutulub gətirilənləri yerbəyer etməkdən ibarət idi. Məhbəsin iki qapısı vardı. Biz ən “qoxulularını”, yəni  “xalq düşmənlərini” sol qapıya yola salmalı idik. Əslində bu, “ölüm qapısı” idi. Nisbətən yüngül cəzalıları - Sibirə göndərilməsi nəzərdə tutualan adamları isə sağ qapıya yönəltməli idik. Kərbalayi Köçəri kişinin oğlanlarını- Qasımı, Süleymanı və Salmanı mən o vaxtacan müəyyən qədər tanıyırdım. Bir də gördüm - Süleymanı və Salmanı at qabağında gətirdilər və bizə təhvil verdilər. Öyrəndim ki, onların donoslu “günahı” – kolxoz quruluşuna qarşı çıxmaqları (iki inək əvəzinə üç inək saxlayırmışlar) və qaçaqlarla əlaqədə olmaqları imiş. Əslində bunlar o zaman hamıya vurulan əsas yarlıqlar idi. Nə isə, bu kişiləri yönləndirdim sağ qapıya. Sonra, onlar Sibirə göndərildi, ən vacibi isə, sonradan eşitdim ki, oradan sağ-salamat qayıdıblar”.


 Mən söhbətin bu yerində dözə bilməyib kişinin sözünü kəsdım: “Bağışlayın, sol və ya sağ qapını seçəndə nəyə əsaslanırdınız, burada bir yanılışlıq olurdumu?”. Kişi bir qədər fikrə gedib dedi: “Təbii ki, səhvlər olurdu, ancaq, çalışırdıq bu olmasın. Təcrübəmizə, təqsirkarın özünü aparmasına, ilkin sorğu-suala əsaslanırdıq. Bir də ki, içəridə daha əsaslı sorğu-sual olurdu”.


Araya dərin bir sükut çökdü. Mən dəhşətə gəlmişdim. İnsan taleyinin belə ucuz qaydada həll edilməsinə inanmaq çətin olsa da, bu, bir fakt idi.


Yeni tanışım söhbətin istiqamətini dəyişirmiş kimi dedi: “Eşitdiyimə görə,  Süleyman kişi sağdır. Sizdən bir xahişim var: əgər o, bu günlərdə o Bakıya gərsə, mənimlə görüşdürün, mən hələ bir həftə buradayam”. Mən müsahibimə “baş üstə” dedim. Əl tutub kişi ilə xudafisləşdik.


Aradan heç iki-üç gün keçməmiş atam Süleyman Köçəri oğlu Bakıya gəldi və mən bu əhvalatı ona danışdım. O, bir xeyli fikrə getdi, türmə qabağında doğrudan da 3-4 milisn gəzişdiyini, hətta, onların sonsuz ixtiyar sahibi olduqlarını söylədi. “Sənin görüşüb söhbətləşdiyin  şəxs onlardan hansıdır, Allah bilir. Çünki bu adamın sifəti indi məmin xatırımda deyil. Axı aradan əlli ildən artıq vaxt keçib. Bəlkə də özünü görsəm, tanıyaram”.


Mən  atamdan soruşdum: “Həmin adam səninlə görüşmək istəyir, bəs sən necə?” Sualıma kişi o an cavab vermədi, bir müddət dərin fikrə getdi və sonra  qətiyyətlə söylədi: “Yox, mən o  adamla görüşmək istəmərəm. Düzdür, o adam məni və qardaşım Salmanı sağ qapıya yönləndirməklə bəlkə bizi doğrudan da ölümdən xilas edib. Amma həmin adam və onunla orada xidmət edən şəxslər biz tutulandan cəmisi üc gün qabaq qayınatam Məşədi Mehralını və böyük qardaşım Nəsibi soldakı qapıya, yəni “ölüm qapısına” göndərmədilərmi? Nəydi onların günahı? Məşədi Mehralı kimə pislik etmişdi ki? O, el-oba ağsaqqalı, kənd-kolxoz icmasının rəhbəri idi. Qardaşım  Nəsib isə kiçik dükan sahibi, nüfuzlu və xeyirxah bir insan idi. Hər ikisini də şərləyənlər bizə bəllidir, onlar yenə də kəndimizdə yaşayır. İndi sən necə istərdin, bizi sağ saxladığına görə o adama mən əvvəlcə “çox sağol” deyim, sonra isə əzizlərimi öldürdüyünə görə onu lənətləyim? Mən bunu bacara bilmərəm”.


İllər öncəsi baş vermiş bu əhvalat mənə heç vaxt rahatlıq verməmiş, onu bəzi məclislərdə söyləməklə kifayətlənmişəm və özlüyümdə həmişə düşünmüşəm ki, deyəcəklərimdə  birdən bir yanlışlıq olar.



Tanınmış yazıçı-filosof, doğmaca dayım oğlu Firuz Mustafanın “Qapı” roman-pamfletini (əslində həmin əsərin jandını müəllif özü “kantata-roman” adlandırıb) oxuyanda, bu hadisələri yenidən yaşadım, 30-cu illərin qanlı-qadalı günlərini bir daha göz önünə gətirdim.


30-cu illər repressiyalarını qələmə alanların çoxu, məsələn, Soljenitsın və başqaları o illərin canlı şahidi və zərərçəkənləri olmuşlar. Bəlkə də bu səbəbdən onların əsərləri öz dövrünün bədii salnaməsi səviyyəsinə yüksələ bilmişdir.


Firuz Mustafa isə o dövrdən çox sonralar, 50-ci illərdə dünyaya göz açmış, repressiya qurbanlarının taleini yaşamasa da öz əsərində baş verən hadisələri ümumiləşdirərək oxuculara dolğun bir şəkildə təqdim edə bilmışdır. Əsərin əsas Qəhrəmanlarından biri konkret adı olmasa da “O” deyə təqdim edilən cəllad, digəri isə öz əməlləri ilə həmin cəlladdan heç gə geri qalmayan Ədilovdur.


Romanı iki baxımdan əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Birincisi, müəllif bu əsərlə demək istəyir ki, 30-cu illər faciəsi ölkəmizin təkcə hansısa guşəsində, (məsələn, Gədəbəydə) deyil, Azərbaycanın bütün bölgələrində baş vermiş, hər rayonun öz “ölüm mədənləri” və o mədənlərin qaniçən “Ədilovları” olmuşdur. 30-cu illər dəhşətlərini çoxları Stalin və ya Beriyanın adı ilə bağlayır. Burada həqiqət böyükdür, onlar xalqla müharibənin əsas ideya rəhbərləri idilər. Bəs bu ideyanı həyata keçirənlər kim idi? Əlbəttə,  “özümüzünkülər”, “Ədilovlar” və ya o vaxtki NKVD məmurları. Əsərdəki ikinci bir ideya isə “Ədilovçuluq” və onun kimilərin hər zaman, elə indinin özündə də mövcud olmaları xəbərdarlığıdır. Sanki onların bu “professiyaları” irsi xarakter daşıyır, “genetik” şəkildə nəsildən-nəslə keçir. Bax bu mənada atam Süleyman kişi deyərdi: “...bu sahənin də  öz adamları var, amma bu iş bizlik deyil”.


Firuz Mustafa öz əsərində Gədəbəy - “Mədən” hadisələrini qələmə almaqla, digər bölgələrdə də buna bənzər dəhşətli və eləcə də qəhrəmanlıq olaylarının yaddan çıxarılmaması zərurətini xatırladır. Neçə ki, canlı şahidlər həyatdadırlar, yazıçı və tarixçilərimiz baş verən faciələri qələmə almalıdırlar. Elə Gədəbəy rayonu ərazisində 1920-1930-cu illərdə baş vermiş iki böyük qəhrəmanlıq olayının – Yaqublu dərəsində Məcid qaçaqçılığının (Sovet bolşeviklərinə qarşı döyüşmüşdür) və Hacılar kəndindən “Qaçaq Cəfərqulu”nun (Mərhum tarixçi professor Məlik Orucovun qardaşıdır) Sovet rejiminə qarşı son nəfəsədək vuruş salnaməsinin geniş şəkildə qələmə alınması olduqca vacib bir məsələdir. Gədəbəy ərazisinin tam ortasında yerləşdirilmiş Başkənd erməni kəndində yaşayan ermənilərin qonşu azərbaycanlılara qan uddurması və 1992-ci ildə bu kəndin polkovnik Cahangir Rüstəmov alayı tərəfindən qəhrəmancasına alınması, 1966-68-ci illərdə Sovet və Azərbaycan rəhbərliyinin füsnükar Tağılar kəndi ərazisini erməni qəsbkarlarına zorla verməsi və kənd camaatının deportasiyaya qarşı kəskin təpkisi olayları da ayrıca əsərlər mövzusu ola bilər.

Yeri gəlmişkən bir neçə il öncə əvvəlcə “Azərbaycan” jurnalında, sonra isə kitab kimi rus və Azərbaycan dillərində çap olunmuş bu kitab haqda ədəbi tənqid öz sözünü qismən də olsa demişdir. Mən bu mənada mərhum, gözəl yazıçı Cəmil Əlibəyovun fikirlərini xatırlatmaq istəyirəm, Məşhur ədib “Zülmətə açılan qapının işığı” adlı məqaləsində belə yazır:

 
İnam, inanc ilə romanı oxudum, oxudum yox, hər cümlənin ahəngi, məqamı ilə yaşadım və bu "məngənədən" azacıq xilas olanda, baş verənləri yuxuda görürmüşəm kimi, başımı sirkələyib oyanmaq istədim. Bu bədii səviyyəni Tanrı bəxşişi olan qələm sahibliyin, istedadın, intellektin varlığı ilə bağlamaq da azlıq elədi...


Axı, öz canlı həyat müşahidələrimiz bir yana, bu mövzuda rus klassikasının dünya şöhrətli romanlarını oxumuşuq. Bulqakov, Rıbakov, Platonov... kimi rus yazıçılarının əsərlərində o dövrün ab-havası geniş şəkildə əks etdirilib. Yeri gəlmişkən, onu da xatırlayıram ki,  illər öncəsi Pasternakın Sovet vətənimizdə tapıb oxuya bilmədiyimiz  "Doktor Jivaqo" romanını gənclərin Dünya festivalının keçirildiyi  (1958) Vyanada balışımızın altına qoyub gizlicə oxuyurduq.  


Firuz Mustafanın kitabı ümumən repressiyadan bəhs etsə də, forması, fabulası ilə tamamilə yeni və orijinaldır...


Kitab mənim üzümə qapı açdı - amma zülmətə deyil, işığa!


Qətiyyətlə demək olar ki, yeni kitab həm oxucuya aşıladığı pak hissələrə və dilimizin qüdrətini dəyərincə zinətləndirdiyinə görə, həm də nəsrimizə yeni işıqlı qapı açdığına görə, nəinki təkcə Firuzun, habelə bütün ədəbiyyatımızın uğuru hesab olunmalıdır.


Açıq-aşkar görünür ki, Firuz Mustafa ədəbiyyatımıza yeni nəfəslə gəlib, yeni nəfəs gətirib
”.


Haqqında söhbət gedən əsərin, yəni “Qapı” romanının da daxil olduğu çoxcildliyin bəzi cildləri bu yaxınlarda çapdan çıxmışdır. Mən bu münasibətlə də Firuz Mustafanı ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

 


Şahvələd Köçərli,
Prezidentin fərdi təqaüdçüsü,
Azərbaycan Milli Geofizika Komitəsi İB-nin sədri,
geologiya-minerologiya üzrə fəlsəfə doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə Paşinyandan bir