Azərbaycanın beynəlxalq arenada informasiya siyasəti və xarici mediada təmsilçiliyi son illər daha çox diqqət çəkən məsələlərdən birinə çevrilib. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, xarici mediada ölkə ilə bağlı məlumatların balanslı təqdim olunması və parlament diplomatiyasının informasiya müstəvisində rolu daha da aktuallaşıb. Deputatların xarici mediada çıxışları, beynəlxalq jurnalistlərlə əlaqələri və müxtəlif dillərdə verdikləri müsahibələr bu istiqamətdə mühüm alətlərdən hesab olunur.
Bununla yanaşı, deputatların xarici mediaya çıxış imkanlarının hansı səviyyədə olduğu, bu fəaliyyətin nə dərəcədə sistemli qurulduğu və hansı mexanizmlərlə daha effektiv ola biləcəyi də müzakirə olunan mövzulardandır. Bəzi deputatlar fərdi təşəbbüslərlə xarici mediada aktiv təmsil olunduqlarını bildirir, digərləri isə koordinasiyalı və institusional fəaliyyətin vacibliyini vurğulayırlar.
Modern.az Azərbaycan mediasında aktiv olan deputatlar arasında bununla bağlı sorğu keçirib.

Deputat Aydın Hüseynov bildirib ki, xarici mediaya çıxış imkanlarını ümumilikdə qənaətbəxş hesab etsə də, bu sahədə daha sistemli fəaliyyətə ehtiyac var:
“Beynəlxalq tədbirlərdə və parlamentlərarası işçi qruplarında xarici jurnalistlərlə əlaqə qurmaq imkanları yaranır. Amma bu əlaqələr daha çox təsadüfi xarakter daşıyır və davamlı olmur. Əksər hallarda xarici mediaya çıxış şəxsi təşəbbüslər və əlaqələr hesabına baş verir”.
Deputat hesab edir ki, bu istiqamətdə deputatlara daha çox institusional dəstək göstərilməlidir:
“Xarici jurnalistlərlə əlaqələrin qurulması üçün xüsusi platformalar yaradılmalıdır. Eyni zamanda deputatların media ilə işləmək bacarıqları, xarici dil imkanları və fikri aydın çatdırmaq qabiliyyəti gücləndirilməlidir”.
Aydın Mirzəzadə Azərbaycan mediasının da bu prosesdə rol oynaya biləcəyini vurğulayıb:
“Əgər Azərbaycan mediası xarici ölkələrin deputatlarının fikirlərinə daha çox yer versə, həmin ölkələrin mediasında da Azərbaycana və Azərbaycan deputatlarına maraq arta bilər”.

Deputat Ceyhun Məmmədov isə xüsusilə ərəbdilli mediada aktiv fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, ərəb dili üzrə təhsil alması bu sahədə imkanlarını genişləndirib:
“Vətən müharibəsi dövründə və ondan sonra müxtəlif ərəbdilli televiziya kanallarına tez-tez müsahibələr vermişəm. “BBC Arabic”, “Al Jazeera” kimi platformalarda çıxışlarım olub. Bəzi hallarda erməni və iranlı nümayəndələrlə debatlarda iştirak etmişəm”.
Deputat hesab edir ki, Azərbaycanın xarici mediada fəaliyyətinin daha koordinasiyalı şəkildə qurulmasına ehtiyac var:
“Hazırda fəaliyyət daha çox fərdi şəkildə həyata keçirilir. Amma xüsusilə ərəbdilli media istiqamətində koordinasiya olunmuş mərkəzin və vahid fəaliyyət mexanizminin yaradılması vacibdir”.
Ceyhun Məmmədov vurğulayıb ki, Ermənistanın informasiya təxribatlarına qarşı sistemli fəaliyyət mühüm əhəmiyyət daşıyır:
“Biz sülh danışıqları aparsaq da, ermənilər informasiya təxribatlarını davam etdirirlər. Buna görə də koordinasiyalı fəaliyyət çox önəmlidir”.

4 dil bilən deputat Razi Nurullayev xarici mediaya çıxış imkanlarını kifayət qədər geniş hesab etdiyini deyib:
“Beynəlxalq tədbirlər və parlamentlərarası əlaqələr çərçivəsində xarici media ilə təmas imkanlarımız olur, müəyyən yazılarımız dərc edilir”.
Onun sözlərinə görə, sosial media beynəlxalq auditoriyaya çıxış üçün vacib alətlərdən biridir:
“Rus və ingilis dillərində sosial şəbəkələr vasitəsilə Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırmağa çalışıram”.
Deputat hesab edir ki, xarici media ilə əlaqələr daha sistemli koordinasiya olunmalıdır:
“Xarici dillərdə keyfiyyətli və hədəfli kontentin hazırlanması, media və dövlət qurumları arasında çevik əməkdaşlıq daha effektiv nəticələr verə bilər”.

Deputat Fazil Mustafa isə bildirib ki, xarici mediada çıxışlar vacib olsa da, hazırda bu fəaliyyət daha çox institusional səviyyədə həyata keçirilir:
“Bu məsələ bir qədər də xarici siyasətin istiqamətlərindən biridir. Parlamentdə fəaliyyət göstərən işçi qrupları vasitəsilə müxtəlif auditoriyalara mesajlar verilir”.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problem dövründə xarici mediada fəaliyyət daha intensiv idi:
“Torpaqlar işğal altında olanda beynəlxalq ictimai rəyə təsir etmək üçün mediada daha fəal çıxışlar edilirdi. İndi isə daha çox elmi konfranslarda, düşüncə platformalarında iştirak olunur”.
Fazil Mustafa əlavə edib ki, hazırda əsas məqsədlərdən biri Azərbaycanın biznes və investisiya imkanlarının tanıdılmasıdır:
“İşçi qrupları səviyyəsində keçirilən görüşlər və təşəbbüslər də yerli mediada işıqlandırılır və bu da müəyyən maraq yaradır” - deyə deputat bildirib.
Azər Allahverənov isə bildirib ki, deputat fəaliyyəti dövründə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan və digər ölkələrin media qurumları ilə mütəmadi təmasları olub:
Deputat qeyd edib ki, xarici media qurumları Azərbaycan mediasını da izləyirlər:
“Onlar vaxtaşırı bizim medianı monitorinq edirlər və burada yer alan müsahibələrimizə istinad edirlər. Məsələn, Qazaxıstanda bir informasiya agentliyi mənim Azərbaycanda yayımlanan müsahibəmi qazax dilinə tərcümə edib yaymışdı. Bu onu göstərir ki, deputat fəaliyyəti xarici media subyektlərinin diqqətindədir”.
Azər Allahverənovun sözlərinə görə, sosial media da mühüm platformaya çevrilib:
“Biz gündəlik fəaliyyətimizlə bağlı məlumatları sosial media üzərindən paylaşırıq və görürük ki, xarici media subyektləri həmin məlumatlara baxır və istinad edirlər”.
Parlamentlərarası işçi qruplarının da bu prosesə təsiri:
“Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm və bu platforma müəyyən imkanlar yaradır. Digər ölkələrdə də bu imkanlar mövcuddur. Digər ölkələrin parlamentləri ilə sıx əlaqədə olan media subyektləri üzərindən fəaliyyət göstərmək mümkündür. Qarşılıqlı səfərlər, müxtəlif tədbirlər və görüşlər xarici medianın diqqətində olur. Mənim Şimali Kipr Türk Cümhuriyyətində verdiyim müsahibələr sonradan yerli televiziya kanallarında geniş yayımlanmışdı”- deyə o qeyd edib.