Apple-ın süni intellekt əsaslı Siri yeniləməsini gecikdirməsi şirkətə baha başa gəlib. Şirkət səhmdarların açdığı kollektiv iddia üzrə 250 milyon dollarlıq razılaşmaya gedib.
Modern.az xəbər verir ki, bu barədə “TechCrunch” platforması məlumat yayıb.
Apple ilk dəfə WWDC 2024 tədbirində “Apple Intelligence” çərçivəsində Siri üçün böyük yeniliklər təqdim etmişdi. Şirkət bildirmişdi ki, Siri artıq tətbiqlər daxilində daha ağıllı əmrləri yerinə yetirəcək, istifadəçi kontekstini anlayacaq və AI dəstəyi ilə daha funksional virtual asistenta çevriləcək. Hətta Apple bu funksiyaları reklam videolarında və marketinq materiallarında da aktiv şəkildə nümayiş etdirmişdi. Lakin aylar keçməsinə baxmayaraq vəd edilən Siri funksiyaları istifadəyə verilmədi. Bu isə səhmdarların Apple-a qarşı məhkəmə iddiası qaldırmasına səbəb oldu. İddiaya əsasən, şirkət mövcud olmayan AI funksiyalarını reklam edərək istifadəçilərdə və investorlar arasında yanlış gözlənti yaradıb.
“The Financial Times” nəşrinin yaydığı məlumata görə, tərəflər 250 milyon dollarlıq razılaşma əldə ediblər. Razılaşmaya əsasən ABŞ-də uyğun iPhone modellərini alan istifadəçilər hər cihaz üçün minimum 25 dollar kompensasiya ala biləcəklər. Əgər müraciət edənlərin sayı az olarsa, ödəniş məbləği cihaz başına 95 dollara qədər yüksələ bilər.
Kompensasiya proqramına 10 iyun 2024 – 29 mart 2025 tarixləri arasında ABŞ-də alınmış və Apple Intelligence dəstəyi olan cihazlar daxildir. Bunlara bütün iPhone 16 seriyası, həmçinin iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri daxildir. İddia ərizəsi göndərmək istəyən istifadəçilər cihazın seriya nömrəsini, alış sübutunu, telefon nömrəsini və Apple hesab məlumatlarını təqdim etməlidirlər. Apple bildirib ki, müraciət prosesi 5 may 2026 tarixindən etibarən 45 gün ərzində başlayacaq.