“Uzun illərdir ki, Ermənistan guya münaqişə tərəfi olmadığını iddia edirdi. Nikol Paşinyan beynəlxalq tədbirlərdə münaqişə tərəfi kimi Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimi qeyd edirdi. Lakin Tovuz rayonu istiqamətində dövlət sərhədində Azərbaycan mövqelərinin atəşə tutulması əksini sübut etdi”.
Bu fikirdə olan hərbi ekspert Ramil Məmmədli bildirir ki, Ermənistan aqressor və işğalçı ölkədir. Bu ölkənin rəhbərliyi nəinki Dağlıq Qarabağ, həm də Azərbaycanın digər regionlarına münasibətdə işğalçı mahiyyətini açıq-aşkar nümayiş etdirir.
Yalanlar üzərində gedən savaş
“Ermənistanın bizə qarşı apardığı informasiya müharibəni yalnız yalanlar üzərində qurulub. Ermənistanın müdafiə Nazirliyi itkilər barədə məlumatları gizlədir. Düşmənin hərbi texnikası məhv edilib. Lakin onlar məlumatı açıqlamağa tələsmirlər”.
R.Məmmədli qeyd edir ki, Azərbaycan Ordusu ümumilikdə olduğu kimi Tovuz istiqamətində də daha güclü və effektiv döyüş aparmaq imkanına malikdir. O bildirir ki, Şəmkir hərbi birləşməsinin tərkibində yer alan Tovuz istiqamətindəki bölmələrimizin silah-texnika parkında müasir texnikalar yer alıb:
"Bunlar raket-artilleriya sistemləri, pilotsuz uçuş aparatları (PUA), uçan silah "Harop" (Bu bəzən kamikadze dron da adlandırılır), o cümlədən hava hücumundan müdafiə qurğuları, REM və digər hərbi təyinatlı vasitələrdir. Həmin istiqamətdəki zirehli texnika parkına toxunmadan qeyd etmək istəyirəm ki, yuxarıda vurğuladığım silah-texnikalar dünyanın inkişah etmiş müdafiə sənayesi şirkətlərinin məhsullarıdır. Təyinatına görə, düşmənin dərinlikdəki mövqelərini məhv etmək imkanına malik olan bu hücum silahları Azərbaycan Ordusunda mənimsənilib və bəziləri 2016-cı ildə düşmənə qarşı istifadə olunub. Yuxarıda qeyd etdiklərimi əsas götürərək, xüsusi vurğulamaq istərdim ki, məhz bu silah-texnikaların, o cümlədən peşəkar hərbçilərimizin döyüş bilik-bacarığı sayəsində düşmənə ağır zərbə vuruldu. Ermənistan Ordusu mövqelərimizə hücum zamanı gözlənilmədən bölmələrinin dərinlikdə yerləşən məntəqələrinə zərbələrin vurulacağını gözləmirdi. Ağır mövqe döyüşlərinin getdiyi günlərdə ərazilərimizə soxulmağa çalışan Ermənistan ordusu üçün bu çox ağır zərbə idi. Ermənilər Azərbaycan Ordusunun istənilən şəraitdə müasir döyüş aparmaq qabiliyyətinə malik olduğunun bir daha şahidi oldular. Elə bunun nəticəsi olaraq, Ermənistan Ordusu çoxlu sayda canlı qüvvə, texnika və hərbi bölmələrin infrastrukturunu itirdi".
Azərbaycan ordusunun silahlanması
Bəzi hərbi və siyasi ekspertlər bu savaşı Qərb, Türkiyə İsrail və Rusiya silahlarının müharibəsi adlandırır. Lakin hərbi icmalçı Ramil Məmmədli fərqli düşünür. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri 2004-cü ildən başlayaraq, silah-texnika imkanlarını modernləşdirmək məqsədilə dünyanın bir sıra ölkələri ilə satınalmalara dair layihələr həyata keçirib.
“Bu, əsasən Rusiya, Türkiyə, İsrail, Belarus və Qərb ölkələridir. Rusiyadan əldə olunan texnikalar sayəsində ordumuz hava hücumundan müdafiə, zirehli texnika, artilleriya parkını yeniləyə bilib. Bu sazişlərin sayəsində Azərbaycan Rusiyadan S-300 ”Favorit", BTR-82A və müxtəlif təyinatlı raket-artilleriya qurğuları satın alıb. Türkiyədən də əsas satınalmalar zirehli texnika, İT texnologiyaları və raket-artilleriya sistemləri sahəsində olub. Yüksək dəqiq silahlar sahəsində isə əməkdaşlıq İsraillə yüksək həddə çatdırılıb. Buradan həm yüksək dəqiqlikli raket sistemləri və zenit-raket sistemləri alınıb”.
Bununla yanaşı, pilotsuz uçuş aparatları parkı da İsrail vasitəsilə yaradılıb və indi də Azərbaycanda istehsalı həyata keçirilir. Qərb ölkələrindən isə müxtəlif təyinatlı hərbi qurğuların alınması reallaşdırılıb. Ümumilikdə, bu gün Azərbaycanla hərbi-sənaye sahəsində satınalmalara görə ilk yeri Rusiya tutur. Digər iki yerdə isə İsrail və Türkiyə bərqərar olub. Bundan başqa, cari tələbatın həyata keçirilməsi üçün isə milli müdafiə sənayesi sektorunun inkişafı yüksək səviyyəyə qaldırılıb. Yuxarıda bildirdiklərimdən belə qənaətə gəlmək olar ki, Ermənistan-Azərbaycan müharibəsini Qərb, Türkiyə, İsrail və Rusiya silahlarının müharibəsi adlandırmaq olmaz".
Azərbaycan dron istifadəsində ilk oldu
Xatırladaq ki, son günlər Azərbaycan-Ermənistan cəbhə xəttində düşmənə məxsus 3 PUA məhv edilib. İyulun 22-si axşam saatlarında Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd edən "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vurulub.
Ramil Məmmədli qeyd edir ki, keçmiş SSRİ respublikaları arasında pilotsuz aparatları ilk istifadə və istehsal edən ölkə Azərbaycan oldu:
"Azərbaycan bu sahədə Türkiyə və İsrail dövlətlərinin mütəxəssisləri ilə əməkdaşlıq edir. Sonrakı mərhələdə əlbəttə İsraillə çox ciddi addımlar atılıb. Bu prosesdə İsrailin ən inkişaf etmiş şirkətləri ilə əməkdaşlıq edirik. Ordumuzun Hermes və Heron pilotsuz uçuş aparatları mövcuddur. Azərbaycan pilotsuz uçuş aparatlarından daha geniş şəkildə 2016-cı ildə istifadə edib. Bundan sonra Ermənistan müəyyən addımlar ataraq bu sahədə üstünlük əldə etməyə çalışır".
Ramil Məmmədli bildirib ki, Ermənistan 2011-ci ildə ilk məhsulunu təqdim edib: "Bu, "Krunk" adlı pilotsuz uçuş aparatıdır. Bundan başqa X-55 adlı pilotsuz uçuş aparatı da Ermənistan ordusunun texnika parkına əlavə edilib. Dünyada pilotsuz uçuş aparatların istehsalı sahəsində Amerika və İsrail ilk əsas yeri tutur. Bu sahə həmin ölkələrdə o qədər inkişaf edib ki, artıq bölük, tabor, briqada formasında deyil əsgər səviyyəsində mikrodronların istismarı həyata keçirilir. Bu mənada Azərbaycanda İsraillə birgə istehsal prosesi keçən pilotsuz uçuş aparatlarının üstünlüyü daha çoxdur.
Ermənistan pilotsuz uçuş aparatlarının istehsalına prosesə 10 il gec başlayıb. Həmçinin Azərbaycan pilotsuz uçuş aparatlarının müşahidə imkanları və texniki xarakteristikası yüksək səviyyədədir. Məsələn, götürək Ermənistanın ən son model X-55 pilotsuz uçuş aparatının uçuş məsafəsi 320 kilometrdir. Amma Azərbaycanın istismarında olan "Hermes-900" uçuş aparatının döyüşü həyata keçirmək üçün uçuş məsafəsi 4-5 dəfə X-55-dən artıqdır. Heron adlanan pilotsuz uçuş aparatının uçuş məsafəsində X-55-dən çoxdur. Bizim istismarımızda olan hər iki pilotsuz uçuş aparatı dünyanın bir çox ölkələrində döyüş əməliyyatlarında istifadə olunub. Azərbaycanın Müdafiə Nazirliyinin istifadə etdiyi pilotsuz uçuş aparatları daha keyfiyyətli və effektlidir. Hazırda Ermənistan mətbuatında yalan məlumatlar yayılır. Guya Azərbaycanın bir neçə PUA-sı vurulub. Amma bu həqiqətə uyğun deyil. Çünki dəfələrlə Azərbaycanın həmin PUA-ları işğal edilmiş ərazilərdə uçuşlar həyata keçirib. Ermənistan mətbuatında yer alan xəbərlər dezinformasiyalardır və informasiya müharibəsinin tərkib hissəsidir".
İnformasiya savaşında da qalib gələcəyik
Hərbi ekspert bildirib ki, 2016-cı ildən sonra Azərbaycan mediası, xüsusən də sosial şəbəkələrdə döyüş bölgəsi və hərbi əməliyyatlarla bağlı bir sıra təxribat xarakterli məlumatlar yer almışdı: "Bu dəfə isə mətbuat dövlətin informasiya siyasətinə uyğun, düşmənin təxribat yaradacaq məlumatlarına məhəl qoymadan fəaliyyət göstərə bildi. Azərbaycan cəmiyyətinin fəal təbəqəsi də bu günlərdə ermənilərə qarşı informasiya müharibəsində milli maraqlarımız üçün savaşdı və sosial şəbəkələr vasitəsilə təxribatların qarşısını aldı. Bundan başqa Müdafiə Nazirliyi də hərbi əməliyyatların getdiyi istiqamətdən zəruri informasiyaları bölüşməklə yanaşı, Azərbaycan KİV-lərinin həmin ərazidə fəaliyyətinə şərait yaratdı. Bu da onlayn rejimdə Azərbaycan cəmiyyətinin döyüş meydanından informasiya ilə təminatı deməkdir. Yəni ermənilərin bütün cəhdlərinə baxmayaraq, ölkə mediası, o cümlədən sosial şəbəkələrdəki fəal bloqerlər düşmənə qarşı vahid mövqe nümayiş etdiriblər".
R.Məmmədli deyib ki, Azərbaycan xalqı Ordunun və Ali Baş Komandanın yanında olduğunu bir daha bəyan etdi və müharibədə döyüşmək əzmini dünyaya nümayiş etdirdi: "Əlbəttə, aprel döyüşlərində də xalqımız ordunu dəstəkləmişdi, lakin bu dəfə proses kütləvi hal aldı və xalq mübarizənin önündə olmaq əzmini bəyan etdi".
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir.