Modern.az

Qardaşlıq mücəssiməsi

Qardaşlıq mücəssiməsi

Aktual

8 Sentyabr 2020, 11:14

“Dost dosta tən gərək, tən olmasa gen gərək”, “Sel gedər daş qalar”, “El gedər, qardaş qalar”- deyilən çox qədim atalar sözü, el deyimləri var. Bəli, bu sözlər boş yerə deyilməmişdir. Tarixən, Azərbaycan türkləri ilə Osmanlı (indi isə Türkiyə) türkləri arasında dostluq, qardaşlıq əlaqələri qırılmaz tellərlə bağlı olmuşdur. Tarixin ən çətin dönəmlərində bu iki, əslində isə, bir xalq, qardaş olaraq bir-birinin arxasında durmuş, dəstəkləmişlər...


Son yüz ildə bu qardaşlığın tarixinin bəzi məqamlarına nəzər saldıqda dediklərimə şahid olursan.


Birinci dünya müharibəsində qəhrəman, fədakar Osmanlı ordusu təkbaşına vahid bir cəbhədə yer almış, dünyanın nəhəng dövlətləri ilə savaş etdiyi bir zamanda həm Osmanlı dövlətinə, həm də Azərbaycana düşmən kəsilmiş nankor, şərəfsiz ermənilər də türklərə qarşı savaş açaraq, həm Osmanlıda, həm də Azərbaycanda, onun müxtəlif  bölgələrində - İrəvan, Zəngəzur, Göyçə, Qarabağ, Şamaxı, Quba, Bakı və digər bölgələrdə dinc, silahsız Azərbaycan türklərinə qarşı qırğınlar, talanlar, soyqırımı həyata keçirirdilər. Azərbaycan türkləri o zaman köməksiz, çarəsiz bir vəziyyətdə Osmanlı dövlətinə müraciət edərək, xilas yolunu qardaş köməkliyində gördü. Məhz, bu məqsədlə Nağı Şeyxzamanlının rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Osmanlı Sultanı, habelə Baş Nazir Tələt paşa, hərbi nazir Ənvər paşa ilə görüşərək, Azərbaycan xalqına hərbi yardım göstərilməsinə razılıq aldı.


1918-ci il mayın 25-də Azərbaycana gələn Türk hərbçiləri qrupuna Ənvər Paşanın ögey qardaşı Nuru Paşa rəhbərlik edirdi. O, vəziyyəti dərindən öyrəndikdən sonra hərbi qüvvənin Azərbaycana gəlməsinə nail olur.


Sonralar, Azərbaycan höküməti və xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam ordusunun Türk və Azərbaycan hərbi qüvvələrinin Gəncə ermənilərinin tərksilah edilməsində Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində və s. vuruşmalarda hərbi tapşırıqların icrasında misilsiz sücaət və fədakarlıq göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.


Təbii ki, Qafqaz İslam ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının, sonralar isə Qarabağın erməni-daşnak quldurlarından azad etməsi oldu. Beləliklə, Qafqaz İslam ordusu Azərbaycan xalqına qarşı qatı cəllad Stepan Şaumyanın başçılıq etdiyi daşnak–bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində mühüm rol oynayaraq, şanlı səhfələrini yazmışdır. Bu, qardaşlıq dəstəyi deyilmi?


1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanan Qars müqaviləsinə əsasən, Türkiyənin Naxçıvan üzərində Azərbaycanın suverenliyi məsələsindəki inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı.


Başlanğıcda Naxçıvan Muxtar Respublikası yaradılarkən, Naxçıvan ilə Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk ilə İran şahı Rza Pəhləvi arasında Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə əldə olunan razılaşmadan sonra mümkün olmuşdur. Nəticədə isə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına səbəb olmuşdur. Sonralar, bu sərhəddəki “Ümid” körpüsü 1990-cı illərdən başlayaraq, blokadada olan Naxçıvanın xilasına xidmət etməyə başlamışdır.

1921-ci ildə Türkiyə Respublikasının başçısı Mustafa Kemal Atatürk Türkiyənin ağır iqtisadi-sosial durumunu nəzərə alaraq, Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri Nəriman Nərimanova məktub göndərərək, qardaş ölkədən borca yardım istədi. 1921-ci il martın 23- də Azərbyacan höküməti tərəfindən könüllü şəkildə, Azərbaycan xalqının hədiyyəsi kimi Türkiyəyə 500 kq qızıl (bunun 200 kq dövlət büdcəsinə, qalanı isə silah-sursat üçün istifadə olunmuşdur), 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ, 1922-ci ildə isə Batum yolu ilə 9000 tondan çox kerasin və 350 ton benzin yardım edilib.


N.Nərmanov Mustafa Kamal Atatürkə yazdığı cavab məktubunda Türk xalqının qazanılan uğurlarına görə təbrik edərək, Azərbaycan tərəfindən edilən yardımlarla bağlı bunları söyləmişdir: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmaqda davam edəcəyik”. Bəli, bu, tarixdə qardaşlığın bariz nümunəsi kimi çox yüksək dəyərləndirlir.


Stalinin rəhbərlik etdiyi dönəmlərdə və ondan sonrakı rejim zamanı Moskva tərəfindən Türkiyə ilə Azərbaycan arasında möhkəm sədd çəkilməsinə baxmayaraq, bu iki qardaş bir-birinə üz çevirmədi, münasibətlərdən dönmədi. Ədəbi, mədəni və s. əlaqələr daimi inkişaf etdirildi.


Nəhayət, 1991-ci ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən dərhal sonra respublikamızın müstəqilliyini tanıyan ilk ölkə, gözlənildiyi kimi, qardaş Türkiyə oldu. Qardaş ölkə ilk müstəqil kövrək addımlarını atan Azərbaycana siyasi-diplomatik, iqtisadi-sosial, hərbi yardım və s. göstərdi.10 il müddətində  Türkiyə Qızıl Ay Cəmiyyəti tərəfindən Bərdə, Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınan çadır şəhərciklərində məskunlaşmış köçkünlərə bu müddətdə hərtərəfli yardım göstərildi. Qardaş ölkə təkcə sözdə yox, əməldə də özünü göstərdi. Bu, bütün sahələri əhatə etdi.


Lakin, bu əlaqələr Rəcəb Tayyib Ərdoğanın Türkiyədə hökümət və dövlət başçısı kimi fəaliyyəti dövründə daha da yüksək xəttlə inkişaf etdirilmişdir. Məsuliyyətlə demək olar ki, ona qədər bu əlaqələr indiki qədər yüksək səviyyədə olmamışdır. O, hər zaman Ümumilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq, onun gerçəkləşməsi yönündə ardıcıl, məhsuldar, qətiyyətli işlər görür. Türk dünyasının ən parlaq simaları olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dostluğu digərləri üçün bir nümunədir. Bu dostluq, bu iş birliyi, bu vəhdət günü-gündən daha da inkişaf edərək möhkəmlənir.


Bütün Beynəlxalq Forumlarda, BMT Baş Assembleyasında Türkiyə Cümhuriyyəti Azərbaycanın yanındadır, onu daim dəstəkləyir. Belə bir doğma, isti münasibət sözsüz ki, Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.Xüsusilə, Türkiyə dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını açıq şəkildə  müdafiə etməsi, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli yolu istiqamətində apardığı çabalar misilsizdir, öz müsbət effektini göstərməkdədir.


Bu il iyun ayının 12-də Azərbaycanın Tovuz  bölgəsində Ermənistanla sərhəddə ermənilərin törətdiyi təxribat nəticəsində döyüşlərin baş verməsi, zabit və əsgərlərimizin şəhid olması, gərginliyin daha da artması fonunda Türkiyənin siyasi elitasının bu hadisəyə çevik reaksiyası, kəskin bəyanatları, ədalətə dəstək verməsi çox əhəmiyyətlidir. Xüsusilə, Ərdoğanın: “Biz, Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq”, “Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən yapılan hücumları şiddətlə qınayırıq”. “Şübhəsiz ki, bu hücum Ermənistanın çapını aşan bir hadisədir”- fikirləri dediklərimə bariz nümunədir. Bunun ardınca, Türkiyə-Azərbaycan birgə geniş hərbi təlimlərinin keçirilməsi, illərdir, Türkiyənin Azərbaycana hərbi dəstək məqsədilə zabit kadrlarının hazırlaması, müasir silahlarla təmin etməsi, hadisələrdən dərhal sonra dövlət başçısının, şəxsən, Azərbaycanın Xarici və Müdafiə nazirlərini qəbul etməsi əslində dünyaya Türkiyənin Azərbaycanın yanında olduğunu nümayiş etdirən bir mesaj olduğunun göstəricisi kimi dəyərləndirilir.


Bununla belə, cənab Ərdoğanın rəhbərliyi dövründə Azərbaycanla iqtisadi, mədəni, elmi və s. əlaqələrə də böyük önəm verilməsi, Azərbaycanın tarixi layihələri olan “Bakı- Tblisi-Ceyhan” neft kəmərinin, “Bakı-Tblisi-Ərzurum” qaz kəmərinin işə düşməsində, “Bakı-Tblisi-Qars” dəmir yolu xəttinin həyata vəsiqə almasında Ərdoğanın da xidmətləri əvəzsizdir.


Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri möhkəmdir, qırlımazdır və sarsılmazdır. Çünki, bu iki Türkiyə Cümhuriyyətlərinə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi təcrübəli və nüfuzlu siyasətçilər, əsl liderlər rəhbərlik edir. Ərdoğan Azərbaycanın yanında olduğu kimi, İlham Əliyev də Türkiyənin yanındadır.Türkiyə nümayəndələrinin iştirak etmədiyi Beynəlxalq mötəbər iclasların birində Türkiyə əlehyinə çıxışdan dərhal sonra İlham Əliyevin təkrar söz alaraq:“Bu məclisdə Türkiyə nümayəndələri olmasa da onların əvəzinə mən buradayam. Qarşınızda mən varam.” deməsi əslində bu qardaşlığın səmimi, sədaqətli qırılmaz tellərlə bağlı bir münasibətin olduğundan xəbər verir.


Türkiyə Respublikasının Yaxın Şərq bölgəsində Liviya, İraq, Suriyada hərbi əməliyyatlar keçirərək terrorçulara meydan oxuması, orada normal həyati düzənə nail olmaq üçün çabaları, dünya müsəlmanlarının, məzlumlarının hüquqlarını müdafiə etməsi, Aralıq dənizində neft-qaz kəşfiyyat işlərinin aparılması, ordunun müasir silahlarla təmin edilməsi, bir sözlə qüdrətli, nəhəng dövlətə çevrilməsi onu istəməyənlərin yuxusuna sanki haram qatdı. Bundan sonra bədxahları Türkiyəyə qarşı təxribatlara başladılar. Ermənistandan savayı, Yunanıstanın və Fransanın açıq hədə gəlməsi fonunda Türkiyənin Azərbaycandan, qardaş ölkədən dəstək alması xüsusilə əhəmiyyətli oldu.Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il sentyabrın 2-də Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosun etimadnaməsini qəbul edərkən, bu yaxınlarda Şərqi Aralıq dənizi regonunda Türkiyə ilə Yunanıstan arasında baş verən gərginliyə diqqət çəkməsi, bununla da Türkiyəyə açıq dəstək verməsi böyük tarixi əhəmiyyətə malikdir. Xüsusilə, cənab Prezidentin: “... mən istəyirəm ki, Siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan höküməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, biz bütün məsələlərdə onların yanında olacağıq”- fikirləri təkcə Türkiyənin deyil,eləcə də dünya mətbuatında, saytlarında yer aldı, manşetə çıxarıldı. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu isə özünün Twitter səhifəsində: “Çox təşəkkürlər, cənab Prezident. Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik. Türkiyə də tərəddüdsüz hər zaman Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət” - deyə münasibət bildirdi. Əslində, İlham Əliyevin bu fikirləri tək Yunanıstana deyil, bütövlükdə, dünya dövlətlərinə ünvanlandırdığı bir mesaj, qətiyyətli mövqeyi idi. Bu münasibətin özü qardaşlığın bariz nümunəsi deyilmi?


Böyük qardaşlığın gücü, qırılmaz vəhdəti sayəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düzgün, düşünülmüş, balanslaşdırılmış siyasəti və qətiyyəti nəticəsində Azərbaycanın işğalda olan torpaqları düşmən tapdağından mütləq azad olunacaq, Azərbaycanın üç rəngli, ay-ulduzlu bayrağı bütün ərazilərimizdə daim dalğalanacaqdır. O gün isə lap yaxındadır...

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist,
Pedoqogika üzrə fəlsəfə 
doktoru, dosent

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV