"Mart ayından etibarən pandemiya səbəbindən orta və ali məktəblərdə təhsil prosesi dayandırıldı. İnternet resurslarından istifadə etməklə onlayn formada dərslərə başlanıldı".
Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:
"Sentyabr ayının 27-dən etibarən müharibə şəraitinə qədəm qoyduq. Burda isə sonuncu resursumuz olan internet təhlükəsizlik səbəbindən məhdudlaşdırıldı. Avtomatik olaraq bizim 4447 orta ümumi təhsil məktəbində, 54 ali təhsil müəssisəmizdə, 50-dən çox orta təhsil müəssisəsində,100-dən çox peşə təhsili məktəbində onlayn tədris prosesi dayandırıldı".
K.Əsədov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarında tədris prosesi ali və orta təhsil müəssisələrində yalnız onlayn nəzərdə tutulmuşdu:
"Hazırki vəziyyətdə Azərbaycanda ənənəvi tədris prosesi dayandırılıb. Bu dayanmanın müddəti təbii ki, məlum deyil. Sentyabrın 27-dən bu günə qədər çox vaxt keçib. Bu il ümumiyyətlə, tədris ilinin təqvimi ciddi şəkildə dəyişəcək, bu da müvəqqəti qaydalarla tənzimlənəcək. Çünki sərt karantin rejimi, komendant saatı və müharibə şəraitidir. Bu faktorlar imkan vermir ki, dərslər ənənəvi formada həyata keçirilsin".
Ekspert əlavə edib ki, indiki situasiyada həm ənənəvi, həm distant təhsilin keçirilməsi mümkün deyil:
"Tədris prosesinin bərpası təhlükəlidir, çünki terrorçu Ermənistan heç bir konvensiyaya uymur, dinc yaşayış yerlərini atəşə tutur. Bu hal təhsil müəssisələrinin təhlükədə olması deməkdir. Ona görə də tədris prosesinin bərpasına ehtiyac yoxdur”.
Mehri Qurban