Yol qəzalarında rast gəlinən xəsarətlərdən biri də boğulmalardır. Bəzən ağır qəzalar zamanı maşın suya düşür və içindəki şəxs ciddi xəsarət almayıbsa belə, üzə bilmədiyindən suda boğulur. Az hallarda rast gəlinsə də, belə qəzalar da baş verir.
Ümumiyyətlə isə suda boğulma - təsadüfi ölüm hallarının əsas səbəblərindən biridir. Statistikaya əsasən hər il dünyada 150 mindən çox bu növ ölüm hallarına rast gəlinir. Kişilər arasında boğulma riski qadınlarla müqayisədə 6 dəfə artıqdır. Bu, kişilərin suda daha yüksək riskli fəaliyyəti və davranışı ilə əlaqədardır.
Odur ki, hər kəsin suda boğulan şəxsə ilkin yardım qaydalarını bilməsində fayda var.
Miokard infarktı və digər xəstəliklər, soyuqdəymə, bədənin ümumi zəifliyi, əldən düşmə, suya baş vurduqda xəsarət alma, suda hipotermiya (həddindən artıq soyuma), yorğunluq, stress, psixoemosional dəyişkənlik, intihara cəhd, pis qidalanma, spirtli içki və narkotik maddələrin qəbulu, üzməyi bacarmamaq suda boğulma riskini artırır.
Suda boğulmaya çox vaxt suda davranış qaydalarının pozulması, yorğunluq (məsələn, soyuq suda uzun müddət üzmə), suya baş vuran zaman zədə (xüsusən tanış olmayan su hövzələrində çimdikdə), sərxoşluq, qəzalar, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmək (kəskin temperatur fərqi nəticəsində) və s. səbəb ola bilər. Bu zaman insanın çətinliyə düşüb, özünü itirməsi də, vəziyyəti mürəkkəbləşdirir.
Boğulma zamanı ilk yardım
Vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı xilas etmək mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6–7 dəqiqədən sonra isə yalnız 1–3%-ni xilas etmək mümkündür.
Bədbəxt hadisələr zamanı ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin (sağ qalma zənciri) yerinə yetirilməsidir.
Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir. Boğulana yardım göstərən xilasedici özü də təhlükəyə məruz qalır və təhlükə riski onu hər an izləyir. Buna görə yardım göstərməzdən əvvəl o, özünün, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin etməlidir.
Xilasedicinin təhlükəsizliyi hadisə yerinin və onun ətrafının qiymətləndirilməsi ilə başlayır. Suda zərərçəkənə yaxınlaşmağın təhlükəsiz olub-olmadığını müəyyənləşdirin, çünki bəzi hallarda suya daxil olmaq təhlükəli ola bilər. - Əgər suda təhlükəyə məruz qalmış insana kömək edə bilmirsinizsə, dərhal əlavə yardım çağırın. - Əgər yardım göstərmək qərarına gəlmisinizsə, təhlükəli vəziyyətdə nə edə biləcəyiniz haqqında ətraflı düşünün. - Əgər zərərçəkən sudadırsa, əvvəlcə ona kömək lazım olub-olmadığını müəyyənləşdirin. Digər zərərçəkənlərin mövcudluğuna da fikir verin. Ətrafda sizə ilk yardım göstərməkdə və yardım çağırmaqda kömək göstərəcək insanların olmasına fikir verin.
Zərərçəkənin huşu özündədirsə, aşağıdakı əlamətlərə fikir verin:
Əlamətlər: - Xarakterik əl hərəkətləri - Tənəffüsün çətinləşməsi - Dərinin gözə çarpan qədər qızarması - Qıcolmalar, huşun itməsi
Fəaliyyət: - Əllərin xarakterik hərəkətini gördükdə təcili tədbirlərə başlayın - Göstərilən yardım onun huşunun özündə olub-olmamasından çox asılıdır. Zərəçəkən ayıq vəziyyətdədirsə ona hansı yardım göstərəcəyinizi başa salın - Zərəçəkəni ayaq üstə arxadan qucaqlayıb barmaqlarınızı yumruq halında birləşdirin və böyük barmaqdan istifadə edərək qurşaqdan yuxarı mədə nahiyəsinə basın. Özünüzə tərəf çəkin - Əgər boğulma hamilə qadınlarda baş veribsə onda qarın hissədən deyil, dğş qəfəsi nahiyəsindən sıxın - Yumruğu digər əlin üzərinə qoyub güclü təkanlar ilə daxilə və yuxarıya doğru qabırğa altına təzyiq edin - Heç bir nəticə olmursa, bunu 3 dəfə təkrarlayın.
Huşsuz vəziyyətdə: - Zərəçəkəni arxası üstə uzadın. Başı bir qədər arxaya çəkin, bu vaxt buxaq yuxarıda olmalıdır - Əgər zərərçəkən nəfəs almırsa süni tənəffüs hərəkətlərini yerinə yetirin
Tənəffüsün pozulması həm boğulmadan, həm də xarici faktorlardan asılı ola bilər. Məsələn: - Otaqda oksigenin azlığı - Hava yollarının tutulmasından (balış və ya başqa yumşaq bir şey) - Zərəçəkəni tənha qoymaq olmaz - Tənəffüsü törədən səbəbləri aradan qaldırın. Təcili yardım çağırın - Zərərçəkənə ağızdan nəfəs vermək mümkün deyilsə, o zaman qarından kəskin basın. Dizi üstə durun. Hər iki ovucunuzu göbəkdən yuxarı qarın nahiyəsinə qoyun. Kəskin hərəkətlərlə qarın nahiyəsinə təzyiq edin.
Əlamətlər: - Tənəffüsün kəsilməsi - Dərinin göyərməsi - Huşun itməsi
Tənəffüsün suda dayanması suyun ciyərlərə dolması və tənəffüs yollarının spazmından yaranır. Suda boğulanı çıxardarkən ehtiyatlı olun. Ona arxadan yaxınlaşın, saçından və ya qoltuq altından yapışın və arxası üstə çevirib sahilə doğru üzün. Boğulanın sizdən yapışmasına imkan verməyin. Suda boğulanı sahilə çıxardıqdan sonra ona soyuq dəyməsinə imkan verməyin. Ətrafları quru əl və ya qıcıqlandırıcı maddə ilə ovuşdurun (kamfora spirti, sirkə, araq, naşatır spirti və s).
Boğulanı başı aşağı tutub ciyərlərinə dolmuş suyun boşalmasını təmin edin. Süni tənəffüs və ürək masajını reallaşdırın (əgər nəbz və tənəffüs yoxdursa). Zərərçəkəni böyrü üstə uzadın (əgər nəbz və tənəffüs varsa). Təcili yardım çağırın.
Zərərçəkəni sahilə çıxartdıqdan sonra o, sərbəst nəfəs alıb, danışırsa, heç bir yardım göstərilmir.
Hadisə yerində iki xilasedici olarsa, biri huşunu itirmiş zərərçəkəni arxası üstə çevirib suda saxlayır, digəri isə onun tənəffüs yollarını açıb iki uğurlu nəfəs verməklə, sahilə çıxarılana qədər hər 5–7 san bir nəfəsverməni təkrar edir.
Sahildə ÜAR (ürək-ağciyər reanimasiyası) davam etdirilməli və zərərçəkən aktiv isidilməlidir. Xilasedici tək olduqda yuxarıda göstərilənləri özü tək icra etməlidir. Suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarının tutulmasına nadir hallarda rast gəlinir.
İlk anlarda su çox vaxt ağciyərlərə aspirasiya olunmur, olunduqda belə tənəffüs yollarının yuxarı hissəsində və traxeyada bədənə sorulur. Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də hipoksiyanı aradan qaldırmaq üçün dərhal suyun içində süni tənəffüs vermək xüsusilə vacibdir.
Yardım göstərdikdən sonra boğulmuş zərərçəkən vəziyyətindən asılı olmayaraq xəstəxanaya yerləşdirilməlidir. Ola bilsin ki, göstərilən yardımdan sonra zərərçəkənin vəziyyəti müvəqqəti yaxşılaşsın və o, səhhətindən şikayət etməsin. Ancaq bu aldadıcı haldır! Zərərçəkən bütün hallarda xəstəxanaya yerləşdirilməlidir. Bu, istisnasız qaydadır və ona görə edilir ki, aparılan reanimasiya tədbirlərinin müsbət nəticələrinə baxmayaraq, klinik ölümdən çıxarılmış, vəziyyəti yaxşılaşmış insanda suda boğulmadan 2–4 saat keçdikdən sonra ağciyərlərin ödemi, “suda ikincili boğulma”, kəskin tənəffüs, ürək-damar çatışmazlığı yaranır və tez bir zamanda olüm baş verir. İkincili suda boğulma həyata qaytarılan boğulanların 20%-ni təşkil edir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.