Modern.az

Qarabağı görməmişəm, onu ürəyimdə böyütmüşəm

Qarabağı görməmişəm, onu ürəyimdə böyütmüşəm

Aktual

3 Dekabr 2012, 14:38

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Boylanıram, amma gözümü qaraldan işıq təbiətdən qaynaqlanmır, heç elektrik işığı da deyil. Sanki qarmaqarışıq fikirlərdən sonra nələr olduğunu anlamağa çalışıram. Duyduğum göy gurultusu, gördüyüm şimşək çaxmalarına bənzəmir. Yer titrəyir, qadınlar haray salır, uşaqlar səssizcə gözlərini qırpmadan ağlayırlar. Gözlə görünən dörd yanım yanır, göydən yağış kimi yağan metal parçaları hər tərəfi dağıdır, yanmayan hər yeri yandırmaqda davam edir. Hər kəs üçün ən təhlükəsiz yer, nələr olduğunu, nə etmək lazım olduğunu düşünmədən donub qaldığı yerdir. Dəqiqələr keçdikcə şəhərin "qrad" qurğularıyla bombalandığını anlamağa başlayırdım.
Əlimdə ov tüfəngi var. Bir an içində ailə üzvlərimizlə sığınıb qaldığımız binanın küncü çarəsiz insanlarla dolmağa başlayır. Yağan mərmilərdən biri yaxına düşərsə, saysız insanın ətini sümükləri üstündə qoymaz. Çox az bir zaman keçdikdən sonra şəhərə atılan bombalar azalmağa başlayır. Hər 4-5 nəfərlik minik maşınlarına 10, hətta daha çox insan minmişdi. Az sonra hamı anlamağa başladı ki, düşmən zülmündən qaçmaq üçün maşınla deyil, ayaqla getmək lazımdır. Şəhər yollarında elə bir sıxlıq yaranıb ki, maşınlar yerindən bir metrə irəli gedə bilməsi üçün bəzən yarım saat gözləmək məcburiyyətində olurdular. İnsanların içindəki xof hədsizdir. Ermənilərin şəhərdə həyata keçirdikləri soyqrımı əhalinin gözünü əməllicə qorxudub. Qadınların əllərində əsr düşmə ehtimalından qorunmaq üçün özlərini partlatmaq vasitəsi, əl bombası, bəzilərində özlərini zəhərləmək üçün yod şüşələri var...
Dözə bilmədim bu olanlara. İnanmaq istəmədim eşitdiklərimə. Əlacım və gücüm bunları mənə danışan qohumuma qeyri-iradi olaraq “sus” deməyə şatdı. Özümü müharibənin ortasındaymışam kimi hiss edirdim. Özümü məsum körpəliyin xəfif mışıltısını donduran anasını qucağında can verən körpələrin yerində gördüm. Özümü ah-nalələri ilə göyləri yandıran ana, bacıların, qocaların yerində gördüm. Həqiqət isə odur ki, mən heç zaman müharibə görməmişəm. Mən heç Qarabağı da görməmişəm. Ata-anamın hər an düşüncələrində, fikirlərində yaşatdıqları, o yerlərdən söz düşəndə necə sevgili, amma təəssüf hissi ilə danışdıqları, hər bir şey sanki dünən olmuş kimi izah etdikləri Qarabağda böyüməmişəm. Amma Qarabağı ürəyimdə böyütmüşəm.
“Sus” kəlməm qohumuma bir anlıq təsir eləmişdi. Nə deyəcəyini tam bilmədi və sonra “üzərindən illər keçməsinə baxmayaraq o anı, dəqiqə və saatları unutmamışam. Əslində unutmaq istəmirəm. Qarabağda yaşadıqlarım, erməni zülmünün başlanğıcı olmadığını hamımız bilirik. İlk və daha sonrakıları dədələrimiz unutduğu üçün başımıza bu müsibətlər gəldi” deyə əlavə etdi.
Özlüyümdə Qarabağı tanıdığım andan “Yaddan çıxmaz Qarabağ” şüarını birə on qətiləşdirmiş oldum.
Hazırda nəinki Qarabağdan, hətda Azərbaycandan min kilometrlərlə uzaqlarda yaşayıram. Ancaq məni Vətənimə bağlayan bağlar var və bunlara səbəb hər sabah gözlərimi yuxudan açdığım zaman, özümü Azərbaycanda görmək istəyirəm. Məni Azərbaycana bağlayan dünya azərbaycanlıları kimi Bakı, Təbriz, ana-ata, qardaş-bacıdan savayı coxlarının olan "Qarabağ" bağı var.
Artıq Qarabağ müharibəsindən 10 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək. Nəticə isə demək olar ki, birdir – uduzmuşuq. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə almadıqda, səhv nəticələr alına bilər.
Biz gənclərin üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Bəli, gənclər Qarabağla bağlı nə etməlidirlər, hansı addımları atmalıdırlar. Ürəyimdən keçənləri söyləyəcəm...Mental düşüncəmizdə böyüklərə qulaq asmaq, onların dediyi ilə oturub durmaq hakimi-mütləqdir. Amma bu məsələdə 100 ildən bəri böyüklərimizin gördükləri işləri çözəndə çox pərişan oluram. Çox ümidsizliyə qapılıram. Bütün bunlardan sonra isə bir ümid dğulur. İndiki nəsil məsələyə yeni kontekstdə yanaşmalıdır. Uzun illərin ermənilərə humanist yanaşma fazası ancaq bizə ziyan gətirib. Torpaqlarımız əldən gedib. İndi şüarımızı dəyişib “Hər yer Qarabağ, hər gün Qarabağ, hər vaxt Qarabağ” etməliyik.
Mən belə görürəm.

Toğrul Salehli
Yakın Doğu Universiteti İqtisadiyyat fakültəsi I kurs
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı