Modern.az

Azərbaycan: dini tolerantlıq üçün nümunə

Azərbaycan: dini tolerantlıq üçün nümunə

Aktual

9 Mart 2013, 15:41



İslam ölkəsi olan Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri Azərbaycanda bu icmalara dözümlü münasibət mövcuddur. Məscidlərlə yanaşı kilsə, sinaqoq və s. olması ölkəmizdəki tolerant mühitə əyani sübutdur.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu qanunda öz əksini tapır.

Müstəqillik əldə edildikdən bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”. Hökumət dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edilməsindən keçən 21 il ərzində bu qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirmiş və müasir prinsiplərə uyğun şəkildə formalaşıb.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcud olduğunu deyib. Milli Məclisin üzvü bildirib ki, ölkəmizdə dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar.

“Bakı şəhərini gəzərkən burada məscidlərlə yanaşı, kilsələrə, sinaqoqlara, hətta erməni-qriqorian kilsəsinə də rast gələcəksiniz. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində, eləcə də, azərbaycanlıların 1988-ci ilə qədər yaşadığı tarixi torpaqlarında-indiki Ermənistan adlanan dövlətdə bir dənə olsun belə, məscidə rast gəlmək mümkün deyil. Onlar hamısı məhv, yerlə-yeksan ediliblər. Bununla belə, Bakının tən ortasında yerləşən erməni-qriqorian kilsəsinə getsəniz, özünüz orada hər şeyin olduğu kimi, qorunub saxlandığına şahid ola bilərsiniz. Bu, Azərbaycan xalqının böyük dözümlülüyünün, tolerantlığının göstəricisidir. Ermənilərdən fərqli olaraq vandalizm bizim üçün yolverilməz və qəbuledilməz bir haldır. Azərbaycan bu gün mədəniyyətlərarası dialoqun qurulmasına böyük önəm və yeri gəldikcə də buna öz töhfəsini verir. Bakı bu gün mədəniyyətlərarası, sivilizasiyalararası münasibətlərin qurulduğu bir mərkəzə, məkana çevrilib. Azərbaycan Şərqin və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalizm modelinə sahibdir. Bu modelin kökündə insanların sülh şəraitində yaşaması dayanır”.

Komitə sədri bildirib ki, Azərbaycanda dövlətlə din arasında mədəni münasibətlər mövcuddur, bütün dini azadlıqlar təmin edilib. “Azərbaycanda bütün dini azadlıqlar təmin edilib, dövlətimiz də hər zaman tolerantlığın və bütün dini cərəyanların arasında mövcud olan mədəni münasibətlərin müdafiəsinin keşiyindədir. Din bizim mənəvi sərvətimizdir və biz onu qorumağa borcluyuq. Məqsədimiz Azərbaycanın tolerant ölkə kimi təbliğ olunmasından ibarətdir”.

Dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi vacib məsələlərdən biridir. Belə ki, Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanın yaradılmasına ehtiyac var idi. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

12 il bundan öncə yaradılan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini icmalar arasında gərginliyin mövcud olmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

2002-ci il oktyabrın 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir.

Ötən il ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olduğunu əks etdirən tədbir keçirildi. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabr 2012-ci ildə “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirdi. Foruma dünyanın bir neçə ölkəsindən, müxtəlif dinə sahib insanlar qatılmışdı. Forumda dünya ölkələrindəki tolerantlıq və bu sahədə olan problemlərlə bağlı iki gün qızğın müzakirələr aparıldı. I Beynəlxalq Bakı Forumunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycanın belə bir forumun keçirilməsi üçün ideal məkan olduğunu həmin forumda geniş vurğulayıb.

“Azərbaycan uzun əsrlərdir ki, tolerantlığı ilə seçilib. Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli və Bakuvi kimi şəxsiyyətlər bəxş edən bir ölkədir. Azərbaycan İslama sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də xalqımız dəyərlərini qoruyaraq saxlayıb. Əsrlər boyu öz mili-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb. Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım ediblər. 16-cı əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi Səfəvilər atəşpərəstlər üçün məbəd tikintisinə şərait yaradıblar. Bu, bizim tarixi ənənəmizdir”.

Komitə sədri forumda iştirak edən qonaqlara xatırladıb ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin qrupu olub: “Həmin vaxt da torpaqlarımızın bir qismi ermənilərin işğalı altında olub. Azərbaycandakı tolerantlıq mühiti Ermənistanın işğalçılıq siyasəti qarşısında da duruş gətirib. Ancaq biz bu məsələni heç vaxt dini müstəviyə keçirməmişik. İşğalı həyata keçirən millətin dini abidələri də Azərbaycanda qorunur”.

“Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iki günlük aparılan müzakirələrdən sonra Forumun yekun sənədi – “Bakı platforması” qəbul olunub. Bu cür forumlar ölkəmizdə tolerantlığın daha da güclənməsi öz yardımını göstərir.

Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov komitənin yenilənmiş saytının təqdimat mərasimində çıxış edərkən bildirib ki, bu il ölkəmizdə Milli Tolerantlıq Mərkəzi yaradılacaq. Ən azı 3 dinə mənsub icmaların ortaya qoyduqları birgə layihələr komitə tərəfindən dəstəklənəcək. Bunlar İslam, xristianlıq və iudaizm dinləri arasında ortaya qoyulan sosial layihələr ola bilər. Komitə tərəfindən bu cür genişmiqyaslı tədbirlərin keçirilməsi ölkəmizdə tolerantlığın daha da inkişaf etməsindən böyük rol oynayır.

Anar Kəlbiyev
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan olunmuş məqalə müsabiqəsi üçün

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı