Modern.az

İlham Əliyev xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu

İlham Əliyev xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu

Aktual

14 Oktyabr 2022, 11:52

Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü və Prezident seçkilərində Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdığını bildirmişdi.


Beləliklə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək, Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirdi.


Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqilliyimizin daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olması, qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Gənc nəslin sağlamlığının qorunması məqsədilə Olimpiya idman komplekslərinin, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşasına, minlərlə məktəbin tikilməsi və təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.


Prezident İlham Əliyev beynəlxalq münasibətləri dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planının qarşısını məharətlə aldı. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Bu hücuma qarşı dəqiq düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.


Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.


Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.


Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratdı.


Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı. Ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi.


2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.


Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaq­larını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.


Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı