Sahib Əsədbəyli
Bu yaxınlarda avstriyalı gənc Mark Zukkenberqin yaratmış olduğu “Feysbuk” sosial şəbəkəsinin nə az, nə çox 10 ili tamam oldu. Yarandığı gündən öz populyarlığı ilə seçilən “Feysbuk” Azərbaycanda son 4 ildə aktuallıq qazandı. Hansı ki, 7-dən 77-yə artıq hər kəs sosial şəbəkə istifadəçisinə çevrilib. Geniş fikir mübadiləsi üçün ən optimal variantlardan biri olan sosial şəbəkələr bir çox təzadlı nüansları ilə seçilir. Çat təfəkkürünü yenicə dəf etmiş Azərbaycan insanı üçün “Feysbuk” əksər hallarda tanışlıq funksiyasını yerinə yetirir. Hansı ki, hazırda on minlərlə qız tutan sosial şəbəkələrdə iş başındadır.
Bu insanları "maçist" oğlanlardan tutmuş, çatda böyüyən şorgözlərədək bir neçə kateqoriyada bölmək olar. Təbii, eyni kateqoriyadan olan əks cinsin nümayəndələrini də istisna etmək olmaz... Nə isə, bu tip şəxsləri öz təfəkkürlərinin ixtiyarına verib keçək digər məsələyə...
Bir qrup şəxslər var ki, sosial şəbəkələrdə sözün cılız mənasında ağıllı görünməyə çalışır. Bunlara misal olaraq iki kitab oxuyub qələmini sınamaq qərarına gələn bəzi yazarları göstərmək olar ki, onların boğazdan yuxarı "bəşəri dəyərləri" artıq bir çoxları üçün maraqsız və məntiqsizdir. Oskar Uayldın “Dorian Qreyin portreti” romanındakı Lord Henri obrazı kimi ilk baxışdan cəlbedici səslənən paradoksal fikirləri ilə bir çoxlarının düşüncəsinə mənfi təsir edən bu şəxslər sosial şəbəkələri işğal edib desək, yanılmarıq.
Əsasən öz sələfləri ilə mübarizə aparan gənc yazarlar Azərbaycan Yazıçılar Birliyini səriştəsizlikdə ittiham edib, onları bəzən tənqiddən o tərəfə keçən ifadələrə qonaq edirlər. Bəli, razılaşmaq olar ki, Azərbaycan ədəbiyyatınln keçmişinə nəzər salsaq, orada əsas etibarilə təbiətin vəsfini ehtiva edən söz oyununu görə bilərik, nəinki, konkret fikir zənginliyini. Odur ki, nə qədər bütpərəstliyə qapılsaq da, dünya ədəbiyyatının bir neçə nümunəsini vərəqləmək kifayətdir ki, aradakı fərqi sezmiş olaq. Lakin burası da var ki, guya demokratiya həsrəti ilə alışıb-yanan, mənəvi dəyərləri maddi dəyərlərdən üstün tutan bu yazarların özlərinə çox da böyük yox, hər hansı bir ortabab nüfuza malik xəbər portalında vəzifə verilməsi kifayətdir ki, öz fikirlərini 180 dərəcə dəyişsinlər. Təcrübəyə diqqət yetirsək, onlarla belə şəxsin adını çəkmək olar.
Sosial şəbəkələrin yaranması hansı yolla olur olsun fərqlənmə istəyi ilə alışıb-yanan gənclik üşün əsl göydəndüşmə oldu. Kimisi bunun üçün atezimə meylləndi, kimisi monitor arxasında antivətənpərvər imzalar cızdı, kimisi isə istənilən münasibətdə tolerant oldu. Beləcə, internet vasitəsilə dünyaya boylanan səthi düşüncələr peyda oldu. Hər üç kateqoriyadan olan şəxslərlə yaratmış olduğum 2 min nəfərdən ibarət izləyici auditoriyası olan səhifədə dəfələrlə qarşılaşmışam. Hansı ki, fikirlərini doğru-düzgün anlatmaqda belə acizdirlər...
Əksər hallarda ümumi fikirə əsaslanan bu tip şəxslər özlərini qərbyönümlü kimi qələmə verməyə çalşırlar. Çoxusu da mental dəyərləri, mövhumatçllığı, qısası, antidemokratiyanı qəbul edə bilmədiklərini əsas gətirib, ölkədən baş götürüb getməyi arzulayır. Bəli, son zamanlar ölkənin sosial mənzərəsinə baxsaq, istər istər maddi, istərsə də mənəvi durum heç də qaydasında deyil. Lakin bu heç də ölkədən baş götürüb getməyə əsas vermir. Boş nəzəriyyələrə uymazdan öncə başa düşmək lazımdır ki, özündə millilik daşımayan intellekt sadəcə boş informasiya yığınıdır.
Nəzərə almaq lazımdır ki, sosial şəbəkələr ayrılıqda yalnız virtual məkandır. İnsan xarakterinin real həyatda belə qaranlıq qalmasını nəzərə alsaq, hazırki sosial vəziyyətinə görə boğazdan yuxarı danışan bəzi şəxslərə uymaq böyük ağılsızlıq olardı. Odur ki, baxış və dərketmələrinizi özümüz müəyyənləşdirməyə çalışaq. Heç kəsin fitvasına uymaq lazım deyil. O arxasınca gedib fikirlərini dəstəklədiyiniz şəxslər əli çörəyə çatan kimi, idealist təfəkkürlərini çox qısa zamanda xərcləyib qurtaracaq. Sizə qalansa üzünüzdə qalan əliniz və döydüyünüz diziniz olacaq...