Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:
***
Yağışlı bir gündür bu gün, necə deyərlər, tut ucundan göyə qalx. Balaca da bir komam var mənim – hər yeri illərdən bəri qaralmış taxtadan. Taxtadan balaca bir qapım var, bir də şüşələri çatlamış köhnə taxta pəncərəm. İçərisində yarı qırıq, boyası tökülmüş bir çarpayım var, yanında köhnə taxtadan masam. Bu masanı alanda çox dəbdə idi – təmiz fıstıq ağacı. Hər iki yanında iki stul var, ayaqları axsaya-axsaya dayanır, oturmağa da qorxuram.
Masamın sol tərəfində, pəncərəyə yaxın bir sobam var. Çöldən topladığım odun, çırpı parçalarını doldurmuşam içinə yaman istidir. Ev bir tərəfdən pəncərəyə dəyən yağışın damlaları, bir tərəfdən də sobanın çırtıltı səsi. Köhnə bir kreslom da var mənim – parçası yaşıl rəngdə, qonşum vermişdi keçən il evini təzələyirdi deyəsən. Sobamın üstündə qaynamaqda olan mavi rəngli, üstündə sarı çiçəkləri olan qəhvədanım var. Bir də yenicə dəmlədiyim, ağ rəngli saxsıdan çaydanım. Özümə bir çay süzdüm, fincanımın qulpu da qırıqdır, əlimdən salıb qırmışdım on gün olar. Atmağa qıymadım.
Əşyalarımın hamısı yaman köhnəlib, yenilərini almaq lazımdır. Ancaq nə həvəsim var, nə də pulum. Kreslomda oturdum bir az – yaman qıcırtı səsləri gəlir, elə bil köhnə yaşanmışlıqlarımı xatırladır mənə. Off... Yaman ürəyim sıxıldı. Evdə zaman keçmək bilmir – saat hələ 2-yə on beş dəqiqə işləyib. Televizorum vardı, xəbərləri izləyib başımı qatırdım. Artıq o da işləmir – evim yaman səssizləşib. Palitomı geyindim, şərfimi boynuma doladım, əlcəklərimi də taxdım. Əlcəyi uşaqlıqdan bəri sevmirəm, amma məcburam – bayırda yaman soyuq var. Çəkmələrimi də geyindim. Çətirimi isə başıma tutub, bir az hava almaq üçün qapımı möhkəm bağlayıb evdən çıxdım. Bir azca gəzim – ayaqlarım da sözümə baxmır artıq, yeriməkdə çox çətinlik çəkirəm. Ehh... Padşahlara qalmayan dünya mənəmi qalacaq?
Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.