"Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilmiş görüş və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi siqnaldır. Cənab Prezidentin səsləndirdiyi fikirlər həm də Azərbaycanın Avropa ilə əməkdaşlıq strategiyasının konkret istiqamətlərini və prioritetlərini ortaya qoyan konseptual yanaşma kimi dəyərləndirilməlidir".
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinə xitabən vurğuladığı “çox fəal siyasi dialoq” ifadəsi təsadüfi deyil:
"Bu, Azərbaycan ilə Çexiya arasında münasibətlərin epizodik deyil, sistemli və institusional xarakter aldığını göstərir. İlk görüşün belə “məhsuldar” kimi qiymətləndirilməsi tərəflər arasında qarşılıqlı etimadın formalaşdığını sübut edir. Bu xüsusda rəsmi səfərin özü də siyasi iradənin təzahürüdür və ikitərəfli əlaqələrin davamlı inkişaf trayektoriyasına daxil olduğunu göstərir.
İqtisadi sahəyə dair səsləndirilən fikirlər isə Azərbaycan diplomatiyasının ənənəvi yanaşmasından – enerji resursları üzərindən qurulan əməkdaşlıq modelindən daha geniş iqtisadi inteqrasiyaya keçid niyyətini açıq şəkildə nümayiş etdirir. Ticarət dövriyyəsinin 800 milyon dolları keçməsi mühüm göstərici olsa da, Prezidentin struktur balanssızlığına diqqət çəkməsi gələcəyə strateji baxışın göstəricisidir. Burada əsas məsələ təkcə həcmin artırılması deyil, həm də ticarətin diversifikasiyasıdır. Bu isə Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac potensialının genişləndirilməsi siyasəti ilə tam uyğunluq təşkil edir. Çexiyadan gələn iş adamlarının iştirakı ilə keçirilən biznes-forum isə dövlətlərarası münasibətlərin biznes diplomatiyası ilə tamamlandığını göstərir.
Energetika sahəsində əməkdaşlıq isə ənənəvi olaraq ikitərəfli münasibətlərin lokomotivi rolunu oynayır".

Deputatın sözlərinə görə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu fonunda Çexiyanın bu prosesdə iştirakçı kimi mövqeyi xüsusi əhəmiyyət kəsb edir:
"Azərbaycanın etibarlı enerji təchizatçısı kimi təqdim olunması və bu statusun Avropa İttifaqı tərəfindən də qəbul edilməsi ölkənin geosiyasi çəkisini artıran əsas faktorlardan biridir. Bu kontekstdə Azərbaycanın qaz ixrac etdiyi 16 ölkədən 10-nun Avropa İttifaqına üzv olması faktı enerji diplomatiyasının uğurlu nəticəsi kimi qiymətləndirilməlidir. Çexiyanın qonşu ölkələr vasitəsilə bu enerji sisteminə inteqrasiyası isə əməkdaşlığın regional şaxələnməsini təmin edir.
Prezidentin vurğuladığı kimi, enerji əməkdaşlığı artıq yalnız resurs ixracı ilə məhdudlaşmır. Burada uzunmüddətli və çoxşaxəli tərəfdaşlıq modeli formalaşır. Bu model enerji təhlükəsizliyi ilə yanaşı, texnologiya transferi, infrastruktur layihələri və strateji koordinasiyanı da əhatə edir. Bu yanaşma Azərbaycanın Avropa ilə münasibətlərində “strateji tərəfdaş” statusunu möhkəmləndirmək istiqamətində atdığı addımların məntiqi davamıdır.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsi isə xüsusi diqqətə layiqdir. Azərbaycanın son illərdə yerli müdafiə sənayesini inkişaf etdirmək istiqamətində atdığı addımlar fonunda bu sahədə Çexiya kimi təcrübəli ölkə ilə əməkdaşlıq perspektivi mühüm strateji əhəmiyyət daşıyır. Hazırda hərbi təyinatlı məhsulların alınması ilə məhdudlaşan münasibətlərin birgə istehsal mərhələsinə keçməsi texnoloji müstəqilliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın müdafiə qabiliyyətinin yalnız idxaldan asılı olmayan model üzrə qurulduğunu göstərir.
Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı səsləndirilən fikirlər isə institusional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm addımdır. Bu mexanizm vasitəsilə əldə olunan razılaşmaların icrası təmin olunur və əlaqələrin davamlılığı qorunur. Bu, eyni zamanda münasibətlərin yalnız liderlər səviyyəsində deyil, dövlət aparatları səviyyəsində də sistemli şəkildə inkişaf etdiyini göstərir".
Azər Kərimli vurğulayıb ki, ümumilikdə, bu görüş və bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir:
"Burada əsas xətt enerji əməkdaşlığından çıxaraq iqtisadi, sənaye, müdafiə və institusional sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinin formalaşdırılmasıdır. Azərbaycan bu münasibətlərdə yalnız resurs təminatçısı kimi deyil, regional sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq platforması yaradan aktor kimi çıxış edir. Bu isə ölkənin müasir beynəlxalq münasibətlər sistemində artan rolunun və çoxvektorlu xarici siyasət kursunun növbəti praktik təzahürüdür".