Azərbaycan ərazisində quraşdırılan qondarma “artsax abidəsi” ətrafında yaradılan süni müzakirələr ideoloji və tarixi kontekstdə ciddi suallar doğurur. Bu abidə adi daşdan və ya metaldan ibarət bir simvol kimi qəbul etmək sadəlövhlük olardı. O, terror düşüncə tərzinin, insanlığa düşmənçilik siyasətinin və barbarlıq məqsədlərin vizual ifadəsidir. Bu baxımdan məsələyə emosiyalardan kənar, sistemli və analitik yanaşmaq zəruridir.
Əvvəla, zaman da göstərir ki, belə abidələr tarix yazmır, əksinə, tarixi manipulyasiya etmək üçün istifadə olunur. Qarabağda ucaldılmış bu qondarma simvol da məhz bu məqsədə xidmət edib. O, uzun illər ərzində separatizmin, terrorun ideoloji dayaqlarından biri kimi təqdim olunub. Reallıq ondan ibarətdir ki, bu abidə qarşıdurmanın rəmzi, Qan-qadanın simvoludur.
Bu kontekstdə həmin abidəni “terrorun abidəsi” kimi xarakterizə edən yanaşma müəyyən məntiqə əsaslanır. Çünki onun ətrafında formalaşan ideologiya regionda zorakılığı legitimləşdirməyə çalışıb. Bu zorakılığın ən acı nəticələrindən biri isə Xocalı soyqırımı kimi tarixə düşən faciədir. Bu hadisə insanlığa qarşı törədilmiş cinayət kimi yadda qalıb. Bu baxımdan həmin abidənin ideoloji təsirini ayrıca təhlil etmək vacibdir.
Maraqlı yanaşmalardan biri də o olardı ki, həmin abidənin yanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılsın. Bu, simvolik addım olmazdı, tarixə obyektiv yanaşma nümayişi etdirərdi. Belədə dünya ictimaiyyəti üçün də açıq mesaj rolunu oynaya bilərdi. Yəni bir tərəfdə zorakılığı təmsil edən simvol, digər tərəfdə isə onun qurbanlarının xatirəsi. Bu kontrast çox şeyi izah edərdi.
Digər tərəfdən, regionda baş verən siyasi proseslər də bu mövzunun aktuallığını artırır. Məsələn, Nikol Paşinyan son dövrlərdə “artsax” adlı qurumun mövcud olmadığını bəyan edir. Bu açıqlama özü-özlüyündə gerçəklikləri ortaya qoymaqla əvvəlki illərin siyasətinin barbarlıq olduğunu sübut edir və onu deməyə əsas verir ki, həmin ideologiya indi iflasa uğrayıb.
Eyni zamanda, Paşinyanın İrəvanda yerləşən qondarma “erməni soyqırımı” abidəsi ilə bağlı dolayı mesajları da eyni istiqamətlidir. Bu abidənin də siyasi məqsədlər üçün quraşdırıldığını bəyan edən Ermənistan lideri açıq şəkildə ifadə edir ki, bu kimi abidələr tarixə söykənmir, siyasi məqsədli saxta binalardır. Doğrudur, bu mövzunun siyasi alətə çevrildiyi barədə fikirlər yeni deyil. Lakin bu fikirlərin rəsmi səviyyədə səsləndirilməsi yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu isə regionda ideoloji transformasiyanın getdiyini göstərir.
Bununla belə, bəzi erməni siyasi dairələri bu dəyişiklikləri qəbul etmir. Xüsusilə keçmiş hakimiyyət nümayəndələri Robert Köçəryan və Serj Sarkisyan kimi fiqurlar bu məsələdə daha sərt mövqe sərgiləyirlər. Onların siyasi irsi məhz qarşıdurma üzərində qurulub. Bu səbəbdən sülh prosesi onların maraqlarına uyğun gəlmir.
Xaricdəki erməni diasporu və erməni kilsəsi də prosesdə aktiv rol oynayır. Onlar üçün regionda sabitlikdən çox, gərginlik daha “faydalıdır”. Çünki bu, onların siyasi təsir imkanlarını artırır. Bu təsir isə əsasən bəzi xarici güclərin Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Bu, artıq illərdir davam edən bir strategiyadır.
Məsələyə iqtisadi prizma ilə baxanda da maraqlı mənzərə ortaya çıxır. Münaqişə və qeyri-sabitlik Köçəryanlar, Sarkisyanlar, erməni kilsəsi, erməni diasporu üçün gəlir mənbəyinə çevrilib. Bu qruplar üçün xaos daha sərfəlidir. Odur ki, onlar müxtəlif vasitələrlə gərginliyi qorumağa çalışırlar.
Regionda destruktiv qüvvələrin fəaliyyəti davam edərsə, bu, yeni qarşıdurmalara səbəb ola bilər. Lakin tarix göstərir ki, bəzən xalqlar öz talelərini özləri müəyyən etməyə məcbur qalırlar. Bu baxımdan Azərbaycanın da öz tarixi torpaqları ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Konkret desək, Köçəryanlar, Sarkisyanlar, erməni kilsəsi, erməni diasporu kimi ünsürlərin fəallaşması fonunda Azərbaycan xalqı öz tarixi torpaqlarına, İrəvan daxil öz yurd yerlərinə geri qayıtmağa məcbur edilir.
Bir məsələni xüsusilə vurğulamalayıq ki, Qarabağdakı qondarma abidə həm də gələcəyin məsələsidir. Qan-qada çağrışının simvoludur. Əgər regionda davamlı sülh lazımdırsa, müharibə çağırışlı, terror məqsədli bu abidələr olmamalıdır.
Elnur ƏMİROV