Modern.az

Sərdar Cəlaloğlu ruhi sarsıntı keçirir - Akif Nağı

Sərdar Cəlaloğlu ruhi sarsıntı keçirir - Akif Nağı

Aktual

Bu gün, 17:13

 Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaoğlu son vaxtlar qeyri-adi çıxışlarla gündəmə gəlib. Onun xalq qəhrəmanı Qaçaq Nəbi və həyat yoldaşı Həcər haqqında səsləndirdiyi xoşagəlməz fikirlər, eləcə də xalq qəhrəmanı Koroğlunun heç bir qəhrəmanlığının olmadığını iddia etməsi ictimaiyyətdə ciddi narazılıq doğurub. Sərdar Cəlaloğlunun debatlar zamanı həddindən artıq aqressiv tonda çıxış etməsi də diqqətlərdən yayınmır. 

Məsələ ilə bağlı Modern.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Sərdar Cəlaloğlu kimi adamların tarixi irsə və milli dəyərlərə qarşı yönəlmiş mövqeləri təsadüfi deyil:

“Burada söhbət ondan gedir ki, bu adam ağlını itirmiş olsaydı, bəlkə də dərd yarı idi. Deyərdik ki, məsələ bağlansın. Amma çox ciddi bir tendensiyanın müşahidə olunduğunu görürük. Bu mövqedə olan bir neçə şəxs var. Onların arasında cəmiyyətdə müəyyən qədər tanınan insanlar, müxtəlif siyasi dairələrdə təmsil olunan şəxslər, hətta partiya sədrləri də mövcuddur. Hədəf Şah İsmayıl, Babək, Koroğlu, Qaçaq Nəbi və Həcər xanım kimi tarixi şəxsiyyətlərdir. Təxminən bunların hamısına qarşı müxtəlif formalarda mövqe ortaya qoymağa çalışırlar”.

Partiya sədri qeyd edib ki, oxşar proseslərin İranda da müşahidə olunması diqqət çəkir:

“Son günlər İrandan da bununla bağlı bir xəbər oxudum. Təbrizdə yerli rejissor və aktyorların dəstəyi ilə Koroğlu tamaşasının hazırlanması nəzərdə tutulub. İran hakimiyyəti, xüsusilə Təbriz İmam Cüməsi sərt şəkildə həmin tamaşanın səhnələşdirilməsinə qarşı çıxıb. Çünki tamaşada vətənpərvər şüarlar səsləndirilir, Azərbaycandan olan insanlar da iştirak edir, mahnılar oxunur. İnsanlar kütləvi şəkildə tamaşaya baxmağa gəlirlər və bu, İran hakimiyyətini narahat edir.

Koroğluya qarşı hücumların şahidi oluruq. Eyni zamanda, illərdir İranda Şah İsmayılla bağlı onun kimliyini mübahisələndirməyə, türk olmadığını iddia etməyə çalışırlar. Babəklə bağlı da oxşar yanaşmalar var. Hətta Koroğlu tamaşasında Babəkin adının çəkilməsinə də Təbriz İmam Cüməsi sərt etiraz edib. Bu onu göstərir ki, müəyyən mərkəzdən bu istiqamətdə tapşırıqlar və komandalar verilir. Bu prosesdə Azərbaycanda da bir neçə adam iştirak edir. O cümlədən Sərdar Cəlaloğlu da bilərəkdən prosesə qoşulub. Onlar müəyyən sifarişləri yerinə yetirir və Azərbaycan xalqının milli yaddaşında mühüm yer tutan şəxsiyyətləri gözdən salmağa çalışırlar. Hər bir millətin öz sütunları, dayaqları var. Millət və dövlət müəyyən tarixi şəxsiyyətlərin irsi üzərində formalaşır. Babək xalq hərəkatının rəhbəri, qəhrəman və dövlət başçısı səviyyəsində qiymətləndirilən tarixi şəxsiyyətdir. Belə şəxsiyyətlər hər millətdə çox az olur. Şah İsmayıl və Koroğlu da bu baxımdan mühüm simalardır. İngilislərin də öz qəhrəmanları var və bu günə qədər onları qoruyub saxlayırlar. Fransızlarda da belə şəxsiyyətlər var. Heç kim onların tarixi şəxsiyyətlərini hər dəfə müxtəlif ittihamlarla gözdən salmağa çalışmır”.

Akif Nağı Qaçaq Nəbi ilə bağlı arxiv sənədlərinin də onun xalq arasında nüfuzunu göstərdiyini bildirib:

“Qaçaq Nəbi ilə bağlı da məsələ qaldırılmışdı. Mən yaxınlarda çox maraqlı bir mənbəyə rast gəldim. Səhv etmirəmsə, 2013-cü ildə çap olunmuş bir materialda Çar Rusiyasının arxivlərində regionun idarə olunması ilə məşğul olan generalların, polkovniklərin yazışmaları təqdim olunur. Orada Qaçaq Nəbini necə zərərsizləşdirmək barədə yazışmalar var. Hər yerdə postlar qurulduğu, onun tutulmasına çalışıldığı qeyd olunur. Amma xalq onun tərəfində olduğuna görə Qaçaq Nəbiyə çata bilmirdilər. O, xalqın sevimlisi və rəhbəri idi. Bəziləri deyirlər ki, Koroğlu, Babək, Qaçaq Nəbi kimi şəxsiyyətləri Sovet dövründə ortaya çıxarıblar. Amma bu, tarixi faktlarla uyğun gəlmir. Məsələn, Qaçaq Nəbi 1896-cı ildə öldürülüb. Onun ölümündən cəmi bir neçə il sonra xalq mahnıları  yaranıb. 1912-ci ildə artıq Qaçaq Nəbi ilə bağlı xalq mahnıları ifa olunurdu. Bu faktlar göstərir ki, onun xalq yaddaşındakı yeri Sovet dövründən çox əvvələ gedib çıxır”.

A.Nağı qeyd edib ki, Sərdar Cəlaloğlunun son çıxışlarına əsasən onun ruhi sarsıntı keçirdiyini demək mümkündür:

“Əvvəlki vaxtlarda da Sərdar Cəlaloğlu bu cür qalmaqallı sözlərlə gündəmdə olub. Birincisi, o, həkimdir. Amma həkim kimi tanınmadı, sonra partiya sədri oldu, partiya sədri kimi də ortaya bir şey qoya bilmədi. Daha sonra dinə cumdu. Mətbuatda "Quran"ın təfsirinə başladığını açıqlayanda yanımdakı yoldaşlara dedim ki, 40 il təhsil alan, ərəb və fars dillərini yüksək səviyyədə bilən adamlar "Quran"ı təfsir etməyə qorxurlar, bu isə nə ərəb, nə fars dilini, nə də "Quran"ın ilkin variantını oxuya bilir, amma onu təfsir edəcəyiini deyir. Sonra fəlsəfəyə cumdu, guya bu filosofdur, onda da bir şey ortaya qoya bilmədi. Bəzi adamlarda "maniyа" xəstəliyi yaranır. Belə adamlar işləri alınmayıb, ağzı hər yerdən yananda ruhi sarsıntı keçirir. Sərdar Cəlaloğlunun da hazırda ruhi sarsıntı keçirdiyini demək mümkündür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!