Modern.az

Mübariz Qurbanlı “inkvizisiyası”

Mübariz Qurbanlı “inkvizisiyası”

Aktual

7 Noyabr 2015, 14:05

Gecə saat 1-in yarısıdır. Yatmaq istəyirəm. Amma yuxuya gedə bilmirəm. Sanki cin-şəyatin beynimi qazır ki, dur... Dur kompüteri yandır və yaz. Yaz ki, bizi başsız qoymaq istəyirlər. Bizimlə əlaqə quranları, bizim xidmətdən yararlananları qanunla “neprav” çıxartmaq istəyirlər. Soruşuram: “Axı, kim?”. Cavab verirlər ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi. Başa düşmədim, – deyirəm, - siz hara, din hara. Bu komitə dini qurumlarla iş aparmaq üçün yaranıb, falçılarla, onların işbirliyi qurduğu cin-şəyatinlərlə yox. Özü də ki, bu komitənin işi başından aşır. Vahabi, nurçu, İŞİD və daha neçə-neçə dini problemi həll edib qurtarıblarmı ki, indi də falçılar yadlarına düşüb. Yox, ey cin qardaşlar, yanılırsınız. Məni aldadıb, yuxumdan eləməyin. Qoyun, yatım...



İmkan vermirlər. Beynimi qazırlar. Söyləyirəm ki, belə fərasətlisinizsə, məni narahat edincə, gedin komitənin rəhbərliyinin beyninə girin də... Onu bu yoldan çəkindirin də... Yox, - deyirlər. - Bu fikir onun fikri deyil. Onu yoldan çıxarıblar. Yoxsa ki, sakit adamdır Mübariz Qurbanlı. Ziyalıdır. Tarixçidir, politoloqdur, siyasətçidir. Bizdə olan məlumata görə, heç bir dəfə də falçı qapısı döyməyib ki, “bəs mənə niyə vəzifə vermirlər? Yuxarıda mənim işimi buran kimdir? Yolumu kim kəsir? Bəlkə duadan-zaddan yazıb, yolumu açasınız”. Əsla. Mübariz müəllim başqaları kimi bu yollara baş vurmayıb. Sadəcə 60 yaşı tamam olanda bircə kəlmə söz çıxıb ağzından ki, “60 ambisiyaların  bitdiyi yaşdır”. Onu bu sözü deməsinə peşman eləmək üçün elə bir iş axtarıblar ki, həm vəzifə sayılsın, həm də yox. Vəzifə deyəndəki - BMV-7 hökumət maşını, köməkçi, ştat, müavinlər - hər şey var. Sadəcə vergi, gömrük, maliyyə, ekologiya və digər nazirliklərin yanında çox bəsit görünür. Heç adamın vəzifə deməyə dili də gəlmir.  O da imtina eləməyib. Nə olsun ki, din xadimi deyil. Za to abırlı, sözünü-yerini bilən adamdır. Sözün əsl mənasında, sırf ictimai-siyasi xadimdir. Bir adam da dilinə gətirə bilməz ki, Mübariz Qurbanlı ona pislik edib. Belə baxanda elə əsl imanlı, dinli adam elə Mübariz müəllimdir. Ona görə də, Mahir müəllim, bizim onunla işimiz yoxdur.
Amma, bu fikri onun başına salanı da tapa  bilmirik ki, “ağzını bağlayaq”, “ruzusunu kəsək”,  nəinki özünün, bütün nəslinin qızlarını evdə qarıdaq. Oğlanlarını evləndirsinlər, amma nəvə üzünə həsrət qalsınlar. Altı aylıq ölü körpənin beynindən hazırlanmış qurd yağını üstlərinə çiləyək, evlərini dağıdaq. Ayaqları həkimlərdə qalsın. Həkimdən əlac  tapmayanda falçı qapısında sürünsünlər ki, “qurban olum kömək elə”. Hər ay uşağa qalmayıb aybaşı olanda, qaynananın qəzəbinə, ərinin yumruqlarına məruz qalan  qızları gözüyaşlı üstlərinə qaçıb imdam diləyəndə,  görək onları falçı axtarsınlar, amma tapa bilməsinlər.
Çünki falçıları qanunla yox etmək istəyirlər. Bəs onda cəmiyyətin sanitarları, yaşadanları olan biz cin-şəyatinlər nə edəcəyik? İşsizmi qalacağıq?  Neyləyirik ki? Çörəkmi istəyirik? Sumu diləyirik? İnsanların daxilinə girib onları sakitləşdiririk də? Necə?

Qızı evdə qarıyıb. Elçi gəlmir. Əvvəl üz tuturdular televiziyalara - Zaurun, Elgizin üstünə ki, bizə bir bab olanını tapın. O verilişlər bağlandı. İndi nə etsinlər? Hara getsinlər? Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə? Onlara orda ər tapacaqlar, yoxsa bəxtlərini açacaqlar? Ərləri onları döyəndə, yaxud qızlarını ər evində incidəndə Ombudsman aparatınamı müraciət etsinlər? Onlar da statistik göstəricilərini artırıb, palaz boyda hesabat hazırlasınlar ki, bu il keçən ilkindən 10 faiz çox qadın, ərinin və qaynanasının təcavüzünə məruz qalıb. Görəsən bu dövlət orqanlarının xeyiri varmı? Ona görə də ümidləri kəsilib üz tuturlar  falçılara. Onlar da bizi çağırır. Gedib baxırıq ki, kasıbdırlar, cehiz verməyə heç nəyləri yox. Bir həsirdirlər, bir də Məmmədnəsir. Ana evdar qadın, ata xəstə. Evdə də bir çətən külfət. Kim döyəcək ki o qapını? Biz cin-şəyatinik, amma insanlığımızı saxlamışıq. Giririk təzədən falçıyla əlaqəyə. Deyirik ki, təkrar elə: “Sənin qızının bəxtini  qonşu Fatmanisə bağlayıb. Bunu da açmaq olar. Əvvəl sivil yoldan istifadə edək ki, qızına birdən xətər dəyər. Cadu tərsinə işləməyə başlayar. Qohum-qonşuda 1 yaşlı oğlan uşağı olar yəqin. Onun sidiyini yığsınlar bir bankaya. Versinlər sizə. Pampers geyinir indi uşaqlar? Nə olar ki? Hər dəfə pampersi dəyişəndə sıxsınlar, sidiyi, yığsınlar bir qaba. Hər gecə saat 1-də o sidikdən 50 qram götürün atın Fatmanisənin qapısına. Düz bir ay. Görək nə olur”.

Falçı da biz dediyimizi təkrar edir. O ananın inamını bir ay uzadırıq. Alınmayanda, bir   aydan sonra yenidən qayıdırlar falçının üstünə. Falçı 3 dənə kağıza nəsə yazır. Deyir ki, hər gün bu kağızın birini atırsan çay stəkanına. Üstünə su tökürsən. Yaxşı əzirsən, sonra da içirirsən qızına. Ana bu dəm soruşur. “Stəkana isti su tökəy, yoxsa soyuq?”. Falçı da deyir ki, isti su. Bu dəm ana yenə soruşur: “Dualı suyu yeməkdən əvvəl içsin, yoxsa acqarına?”. Falçı da cavab verir ki, bəs acqarına içsə, dua daha tez təsir edər. Amma suyu içəndən sonra kağızı tullamayın, saxlayın. Üç gündən sonra gedin Rus kilsəsinin qabağına. Ordan üçüncü çıxan adamdan saatı soruşun. Ordan da düşün yavaş-yavaş bulvara. Yaxınlaşın lap ləpədöyənə. Kağızları bir-bir atın suya.
Bu dəm ana yenə soruşur. Birdən qağayılar kağızı götürüb uçdular? Falçı sevincək cavab verir ki, “təki elə olsun. Elə olsa dua da tez təsirini göstərər”.

Mahir müəllim, ağlıma belə bir sual gəldi. Bəlkə Mübariz müəllim  Xəzər dənizinə tonlarla dua tökməklərinə görə bu falçılara hirslənib. Vallah bu dualar insanlara təsir edir. Neftin hasilatının azalmasına, ya qiymətdən düşməsinə, nəticədə də  dini komitənin  büdcəsinin azaldılmasına bu duaların zərrəcə də təsiri ola bilməz.

Xülasə, ana qızıyla üç ayı da belə yola verirlər. Elçi gəlməyəndə yenidən yalvarış, ümid dolu baxışlarla falçının yanına qayıdırlar. Bu dəfə falçıya deyirik ki, dua yaz. Denən ki, daşdan keçən duadır. Aparıb mıxla çalsınlar qonşunun sidik iyi verən qapısına. Sonra da üç ay gözləsinlər. Alınmasa yenə gəlsinlər. İnamlarını üç ay da belə uzadırıq. Ana da falçıya heç nə demir. Çıxarıb pulunu da artıqlamasıyla verir.  Falçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işçiləri deyil ha... desin ki, dövlətdən maaş alırsınız, borcunuzdur mənim qızımı ərə vermək. Üç ay da, Allah Kərimdir, əgər qızın bəxti açılsa, qız anası xələtiylə yenidən falçının qapısına gəlib sağ ol deyir. Hələ qabağında diz də çökür. Nəsildə evdə qarıyan qız varsa, onların analarına da car çəkir ki, bəs belə gözəl falçı var – bəxt açır. Özü də sidiklə, bir parça kağızla.

Alınmayanda falçı qonşu Fatmanisənin saçından bir tel istəyir. Əri qızını döyürsə ərinin maykasını. Əri xəyanət edirsə arvadın aybaşısından məhlul düzəldib, hər səhər bir qaşıq çayına qatmağını məsləhət görür. Biz cin-şəyatinlərin fantaziyası çox zəngindir.

Amma, Mahir müəllim,  bunları Mübariz müəllimə qıymarıq. Bilirik, bu iş onluq deyil. O, gözəl insandır. O gözə görünən dini təriqətlərə güldən ağır söz demir, biz gözəgörünməyən cin-şəyatinlərə nə edəcək ki? O ki, qaldı falçıya? Falçıya qanunla nə vaxt icazə verilib ki, indi də onu qanun layihəsi hazırlayıb qadağan eləsinlər.

Mahir müəllim, yəni falçılar belə parlaq simadırlar ki, dövlətin diqqətini cəlb eləyiblər? Bəlkə hardansa eşidiblər ki, vəzifəli arvadları həftə səkkiz, mən doqquz falçı yanına gedirlər? Dua yazdırıb ərlərinin vəzifədən çıxarılmasının qarşısını alırlar? İnanmayın. Yalandır. Mahir müəllim, bilirsən də... bu dualar ərəb əlifbasında yazılır. Heç kim də bu əlifbanı oxuya bilmir. Özü də ki, falçılar duanı üçbucaq şəkildə bürmələyib açmamağı əmr edirlər. Sonra da yaşıl parçaya büküb, qıraqlarını tikməyi söyləyirlər. Duanı da sancaqla kürəyin sol, yəni ürəyə yaxın hissəsindən asmağı, ya da balışın altına qoymağı tövsiyyə edirlər. Bu qorxu, ruzu, göz dualarına aiddir. Lap açsalar da, heç kim bu duada nə yazıldığını oxuya bilməyəcək. Çünki falçılar özləri də bu duaları bilmir. Yalanpışdan yazırlar. Tək-tükü tapılar. Keçmişdə, lap indinin özündə də bu cür duaları əsasən mollalar yazırdı. Mahir müəllim, yatmağa qoymadığıma görə acıqlısan mənə. Bir lətifə deyim, gül :

Qədim zamanda bir kişinin Səkinə adlı arvadı olur. Yaman avam adam imiş. Bir gün bu Səkinə arvadın inəyi süddən kəsilir. Özü kimi avam qonşu qadınlar buna məsləhət görürlər ki, bəs get mollanın yanına, inəyə dua yazdır. Səkinə arvad da gəlir Mollanın hüzuruna. Hal-qəziyyəni ona danışır. Molla da tez kağız götürüb, lələkdən yonulmuş qələmini xoruz qanına batırıb ərəb-fars  əlifbasında nəsə yazır. Üçbucaq büküb verir arvada ki, bəs apar as inəyin buynuzundan. Tezliklə inəyin süd verəcək.  Dönə-dönə də tapşırır ki, duanı  nəbadə açasınız, yoxsa inək ölər. Səkinə arvad da molla deyən kimi edir. Axşam əri evə gəlir. Tövləyə girib heyvanlara yem vermək istəyəndə, inəyin buynuzundakı kağız diqqətini cəlb edir. Duanı buynuzdan götürüb açmaq istəyəndə arvadı özünü çatdırır. Deyir ki, aman günüdür, açma, yoxsa inək ölər. Kişi də belə şeylərə inanmırmış. Az-maz da oxumağı bacarırmış. Açır duanı. Görür ki, orda yazılıb:

Səkinə, ay Səkinə,
Səni qoyum  d...
Sənin inəyin süd vermir?
Mollanın nə ....!

Ha, ha, ha... Mahir müəllim, necədir? Xoşuna gəldi? Bax bizim “molla”ların yazdıqları dualar bu stildədir. Çünki bizi tanımaq istəmirlər. Ona görə də bazarları ölüb. İstəyirlər ki, falçıları aradan götürsünlər ki, bəlkə onlara da üz tutan tapıla. Oyan, Mahir müəllim, oyan. Yaz. Yaz ki, bizi yada salmasınlar. Dua yazma ha... Sadəcə yazı yaz. Özü də latın qrafikasında, aydın dildə. Nə olar, qoy bizdə işləri olmasın. Kasıb camaatdır da kömək edirik. Varlıların, imkanlıların falçıları başqadır. Onlar İblislə dostluq edir. “Krışa”ları da möhkəmdir.

Mahir müəllim, Mübariz müəllim tarixi bitirib. Bəlkə qədim inkvizisiya tarixindən müəllimi güclü olub. Mühazirədə falçıların, cadügərlərin tutulması, şəhər meydanında iri tonqal qalanaraq diri-diri yandırılması səhnəsini elə təsvir edib ki, gənc tələbə Mübarizin yaddaşında dərin iz buraxıb. Daha doğrusu psixoloji travma vurub. Yox, inanmıram,  Mahir müəllim. Lap qoy elə olsun. Azadlıq meydanında tonqal qalasınlar. Falçıları, cadügərləri, dua yazanları orda yandırsınlar. Bizi ki, yandıra bilməyəcəklər. Onların bədənindən çıxıb, digərlərinin bədəninə girəcəyik. Bugünəcən yalan danışırdıq. Daha danışmayacağıq. Deyəcəyik ki, kasıbsan, ay ana, ona görə qapına elçi gəlmir. Deyəcəyik, ay ana, qızın elçilərə ona  görə “hə” demir ki, çünki “üzü açılıb”. Sadəcə bir oğlanla sərhədi aşıb. İndi də qorxur ərə getməyə ki, toy gecəsi saçını qırxıb üstünüzə göndərərlər. Deyəcəyik ki, ay ana, oğlun ona görə evlənmir ki, “qoluboy”dur. Özü də passivindən. Deyəcəyik ki, oğlun ona görə şam kimi əriyir ki, arvadını başqa kişiylə yataqda tutub. Bilmir nə etsin - boşansın, yoxsa ki, uşaqların xətrinə yoluna davam etsin. İşləri düz gətirməyən, işdə yüksələ bilməyənlərə, onların yollarını kəsənlərin, sukaların adlarını deyəcəyik.
Mahir müəllim, onlara izah elə ki,  heç olmasa  biz cin-şəyatini insanlıqdan çıxartmasınlar. Xəyal plovdu da, yediririk camaata – falçıların əliylə.

- Yaxşı, əl çəkin yazaram. Yəqin ki, oxuyarlar. Amma söz vermirəm a... ki, nəsə köməyi olsun. Bağlı qapınız açılsın. Sadəcə məndən əl çəkəsiniz deyə yazıram.

ƏTAĞA

Şəxsən mən falçılara, cadügərlərə, qeyri-adi insanlara inanıram. Əsl sənətkarlar da elə loru dildə desək, cadügərlərdir. Öz sənətləriylə insanları ovsunlayırlar. Uşaq yaddaşımdan üzü bu yana onlar haqqında çox eşitmişəm. Onlar haqqında sənədli filmlərə maraqla tamaşa etmişəm.  Amma ilk tanıdığım qeyri-adi insan, bu gün də qəbri bir el ziyarətgahına çevrilən Mir Mövsüm Ağadır. Atam tez-tez anamla məni onun qəbrini ziyarət etməyə aparırdı. Saysız qəbirlər içində fərqlənirdi. Yox elə bilməyin ki, bahalı mərmərdən, qranitdən idi. Yaxud da üstündə büst və ya heykəl ucaldılmışdı. Sadəcə məzar hündür tikilmişdi. Qırağı suvanmış. Göy rəngdə rənglənmişdi. Baş tərəfdə ağ mərmərdən balaca bir lövhə vardı. Atama baxıb mən də qəbrin başına üç dəfə fırlanırdım. Əlimi daşa sürtə-sürtə. Hər dəfə fırlananda o ağ lövhəcikdən öpürdüm. Atam danışırdı ki, Ətağa (onu o vaxt hamı bu adla tanıyırdı) İçərişəhərdə yaşayırmış. Anası, dayısı atamı da Ağanın  ziyarətinə aparırlarmış. Ağa da onun başını sığallayar, hətta bir dəfə pul da veribmiş.

Əvvəldə dediyim kimi sovet vaxtı hamı Mir Mövsüm Ağanı “Ətağa” deyə çağırırdı. Hətta bakılıların sevimli and sözü də vardı : “Ətağa cəddi...”. Amma günlərin bir günü qəbirüstünə gələndə bir kişi və qadınla rastlaşdıq. Atam onlarla  görüşdü. İlk dəfə professor, psixiatr Ağabəy  Sultanovu onda görüb tanıdım. Hələ televiziya kanallarının sevimlisinə çevrilməmişdi. Atam “Ətağa” kəlməsini işlədəndə, o, irad tutdu ki, “Qabil müəllim, kora kor demək olar? Və ya kara kar, lala lal. Bu da anadangəlmə bir fiziki qüsur idi ağada. Ona görə də “Ətağa” demək düzgün deyil. Adı Mir Mövsüm Ağadır”.

İllər keçdi. Ağanın qəbri üstündə iki mərtəbədən ibarət ziyarətgah, məscid tikildi. Birinci mərtəbədə qadınlar, ikinci mərtəbədə isə kişilər dövrə vururdu. Uzun illər başqa cür ziyarətə alışan atam “bu nədir? Ağanın qəbrinin başına dolanmıram,  əlim dəymir, başdaşından öpmürəm. Özlərindən hoqqa çıxarıblar e bunlar.” deyərdi.

Atam uşaqlıq xatirələrini danışanda deyərdi ki, Ağanı çox adam ziyarət edərdi. Təkcə müsəlmanlar yox, ruslar və digər xalqların nümayəndələri də... Hamı onun bir sığalından, əlindən bir xeyir, şəfa, rahatlıq tapardılar. İnam tamam başqa şeydir. Sovet dövrü olmasına baxmayaraq, heç bir dövlət orqanı cürət edib camaatın onu ziyarət etməsinə qadağa qoymurdu. Sadəcə cürət etmirdilər. İndi də...

VANQA

Sovet dövrünün məşhur baxıcılarından, el dilində desək falçılarından biri  Vanqa idi. O, sovet Bolqarıstanında yaşasa da, fəaliyyətinə heç bir məhdudiyyət qoyulmurdu. Qapısında həmişə növbə idi. Hətta məşhur adamlar da ona pənah aparanlar arasında olurdular. Onlardan biri də Kirsam İlyumjinov olub. Yəqin tanıyırsınız. 90-cı illərdə baxıcını ziyarət edərkən Vanqa ona “sən iki dəfə prezident olacaqsan” deyir. İlyumjinov da məəttəl qalır ki, axı o, necə prezident ola bilər. Özü də ki, Boris Yeltsin təzəcə Rusiyanın prezidenti seçilib. Vətənə qayıtdıqdan sonra onu Kremlə dəvət edirlər. Kalmık Respublikasının yaradıldığını və onun bu respublikaya ilk prezident təyin olunduğunu nəzərinə çatdırırlar. Verdiyi müsahibədə İlyumjinov qeyd edir ki, artıq Vanqaya inanmağa başlayır. Amma ikinci dəfə necə prezident olacağını ağlına belə gətirmir. Üstündən bir-iki il keçmiş ona Beynəlxalq Şahmat Federasiyasından məktub gəlir ki, bəs sən Federasiyanın prezidenti seçilmisən.



VOLF MESSİNQ

Dünya bu cür insanların bacarığından istifadə edir. Biz isə qadağan edirik. Bəlkə də qurunun oduna yaşı da yandırırıq. Görəsən dünyada olduğu tək Azərbaycanda da mükəmməl falçılar yoxdurmu. Bunu təyin edib üzə çıxarmalıyıq, yoxsa ucdan tutma xalq düşməni elan edib, “tonqalda yandırmalıyıq?”. Deyəcəksiniz ki bəs Tofiq Dadaşov, Zirəddin. Yaxşı ki, onları falçı çağırmırıq. Özü də ki, vaxtında ağıllı tərpəniblər. Moskvaya qaçıblar. Yoxsa biz azərbaycanlılar parapsixoloq, ekstrasens, zad bilmirik. Bizimçün hamısı falçıdır. Ata-babalarımız belə çağırıb, biz də belə çağıracağıq.

Qayıdım mətləbə. Volf Messinq adlı mentalist, ürəkoxuyan olub. Hitler onun bütün ailəsini qırdığından sovetlərə sığınıb. Konsertlər verərək, zalda oturanların fikirlərini oxuyurmuş. Qazandığı pulların hesabına müharibə vaxtı iki qırıcı təyyarə hazırlatdırıb Sovet ordusuna hədiyyə edib. SSRİ-də şəxsən Stalinin himayəsi altında olub. Stalinin oğlu general leytenant Vasili Stalin həm də hərbçilərdən ibarət xokkey klubunun rəhbəri olub. Hansısa səfər oyununa getmək ərəfəsində Volf Messinqə öncəgörənlik gəlir. Telefonu götürüb Stalinə zəng edir ki, bu idman səfərini, yəni ki, təyyarə reysini təxirə salsın. Bəs təyyarə partlayacaq. Stalin bu xəbərdarlığı qulaqardına vursa da, yoxlamağa qərar verir. Beriyaya da deyir ki, oğlunun aeroporta gecikməsini təmin etsin. Təyyarə uçur və partlayır. Bütün komandayla bir yerdə. Komandadan təkcə Vasili Stalin və məşhur xokkeyçi və sonralar əfsanəvi məşqçi Anatoli Tarasov sağ qalır. Vasili Stalin Messinqin sayəsində, Tarasov isə sadəcə xəstəndiyinə görə.

SON

Hacı Şahin Həsənlinin “Falçılıq dini nöqteyi-nəzərdən qadağandır. “Quran”da falçılıq qadağan edilir və insanların bundan çəkinməsi tövsiyə olunur. Falçılıq insanların inancından sui-istifadə etmək deməkdir. Buna görə də falçılığın qadağan olunması müsbət haldır və komitə rəhbərinin bu təşəbbüsünü də müsbət dəyərləndirirəm” fikirlərinə hörmətlə yanaşıram. Burdan belə çıxır ki, Dini Qurumlarla  iş üzrə Dövlət Komitəsi  məhz dini baxışlardan çıxış edərək falçılığa qarşı müharibə elan edib. Özü də qanun səviyyəsinə qaldırmaq şərtiylə. Amma inanmıram. Elə olsaydı:

Bəs görəsən dinimizdə şərab içmək günah deyilmi? Uyuşduruculardan istifadəyə icazə varmı? Faizlə pul verib, faizə əmanət qoymaq necə? Bəs dinimizdə bağışlamaq, əfv etmək yalnız Allaha mənsub deyilmi? Aşurada zəncir vurub baş yararlar, yoxsa donorluq edərlər? Bəs onda falçılara qarşı müharibə elan edən  Dövlət Komitəsi bu sadaladığım hallarda niyə susur? Danışmır. Demir ki, şərab, araq, konyak, pivə və digər spirtli içkilərin satışı qadağan edilsin. Hələ mən dükan-mağazalarda satılan donuz ətini, donuz salasını demirəm...
Dövlət Komitəsi niyə demir ki, narkotik dövriyyəsinin yolları bağlansın. Banklar sələmçiliklə məşğul olmasınlar. Prezident öz Konstitusion hüquqlarından istifadə edib əfv etməsin. Aşura qan vermək üçün deyil, zənçir, sinə vurub, baş yarmaq üçündür.

Yaxşı, əgər dini nöqteyi-nəzər yoxdursa, bəs onda falçılar niyə komitənin yadına düşüb? Yəqin xalqı aldatdıqlarına görə. Daha doğrusu, içlərinə girən cin-şəyatinlərin insanları başa düşüb yaralarına duz tökmək istəmədiklərinə görə.

Onda UZİ-lər – hamilə qadınlar üçün ultra səs müayinəsi ləğv edilsin. Çünki uşağın cinsini əvvəldən deməklə falçılıq edirlər, pul qazanırlar.  Bununla da neçə-neçə qız uşağının qətlinə fərman verirlər. Allahın işinə qarışırlar. Bəzən aferistlik edərək “görmək olmur e... uşaq ayağını bir-birinə yaman sıxıb” deyirlər. Yalansa üzlərinə lənət. Görürlər ki, qızdır. Qız desələr pullarını kəsəcəklər. Ona görə belə deyirlər.

Komitə çıxıb televizora niyə demir ki, ay camaat sizi aldadırlar. Din yolunda şəhid olana o dünyada huri-mələk zad verməyəcəklər. Çünki bədən və onlarla cinsi əlaqədə olmaq üçün lazım olan cinsiyyət üzvü fani dünyada – torpaqda qalıb çürüyür. Haqq dünyasına yalnız ruh gedir. Deməzlər. Ona görə heç özləri də bilmirlər ki, o dünya var, ya yox.

“Filan nazir işdən çıxarılacaq”, “Neftin qiyməti 20 dollar olacaq”, “Manatı növbəti devalvasiya gözləyir”,  “Seçkidən sonra iki nazirlik, beş komitə ləğv olunacaq” və sair, ilaxır. Mətbuatda gedən bu qəbil xəbərlər falçılıq deyilmi? Deyəcəksiniz ki, bu falçılıq deyil, proqnozdur? Sabah oynanılacaq futbol oyunlarına evini satıb pul qoymaq necə? Bu da proqnozdur? Yox, deyəcəksiniz ki, bu mərcdir. Bəs mərci uduzsa, qoyulan pulun batması necə? Falçı çox aldadır, yoxsa TOPAZ?

Yaxud da “Sabah yağış gözlənilmir. Hava günəşli olacaq”. Səhər durursan ki, leysan tökür. Bu nədir? Yalançı falçılıq deyilmi?

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ehsan, başdaşı mafiyasıyla bacarmadı. Yenə köhnə hamam, köhnə tas. Pul qalib gəldi. İndi də keçib mənəvi məsələlərə. Milli Teleradio Şurası camaatın üz tutduğu sosial xarakterli verilişləri bağlayır, Dini Qurumlarla İş üzrə Komitə isə falçıların bazarını. Növbə münəccimlərin, ektrasenslərin, əlləriylə şəfa verən milli Cunalarındır. Falçıların, cadügərlərin isə layiq olduğu bir cəza var: “Qədim zamanlarda, inkvizisiyanın buyurduğu kimi tonqalda yandırılmaq”. Başqa cəza görmürəm. Komitə bacarırsa, Azadlıq meydanında tonqallar qalasın. Bacarmırsa, bu qanunun heç bir təsiri olmayacaq. Neçə ki, narkomaniyanın, fahişəliyin  və oğraşlığın kökünü kəsmək olmur ki, olmur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı