Qəti əminliklə söyləmək olar ki, MTN-nin ləğv edilərək, onun funksiyalarının iki adda yeni quruma transformasiyası heç bir müstəqil, yaxud, müxalif əqidəli ekspertlərdə hansısa qulp qoymaq üslubu ilə təhlillər qazanmayacaq.
Ona görə yox ki, kəşfiyyatla əks-kəşfiyyat strukturlarının, idarəetmənin bir-birindən ayrılması beynəlxalq təcrübədə uğurlu nümunələr yaradır və o qədər böyük ölkə olmasaq da, bizim də bu təcrübəyə istinadımız qəbahət doğurmur.
Beynəlxalq örnəyə dikilən gözlər bu islahatda bəlkə beşinci səbəb sırasında dayanır.
Bəlkə son hadisələr baş verməsəydi, MTN-nin ləğvi, sahələrin bir-birindən ayrılması heç planlaşdırılmırdı da, qurumu nazirlik statusundan bir qədər aşağı - xidmət statusuna keçirmək yaxın 5-10 ilə gözlənilmirdi də.
İslahatın ictimai rəyin nigarançılığından doğan çox ciddi səbəbləri var.

Bir aydan artıqdır, MTN-lə bağlı cəmiyyətin də mühakiməsinə verilən zəncirvari rüsvayçılıqlar, həbs edilən general və zabitlərin heyrətdoğuran statistikası, vəzifədən kənarlaşdırılanların barmaq hesabına gəlməyən sayı, hər kabinetin içərisində yatan və açılmayan sirrlər ehtimalı bu strukturun heç nə olmamış kimi yerində qalmasını mümkünsüz edirdi. Çünki baş verən biabırçılıqlardan sonra cəmiyyəti ona təkrar inandırmaq, milli təhlükəsizlik məsələlərinə arxayın salmaq asan olmayacaqdı. Bu nifrəti dağıtmağın başqa yolu yox idi.
Eldar Mahmudov burada üfunət qoxuyan xarabazarlıq yaratmışdı. Ora nə qədər əl gəzdirsən, təzə insanlar, sərtləşən idarəçilik üsulları ilə başqa libas geydirməyə çalışsan da, strukturun obrazı hələ uzun müddət şüurlarda xof yaradacaq, hətta dövlətin özünün içində belə, bir şübhə saxlayacaqdı.
Eldar Mahmudov onun üzərinə elə böyüklükdə qara ləkələr salmışdı ki, nazir pilləsinə doğru yürüməsi ehtimal edilən general-leytenant Mədət Quliyev və onun ümid bəslənilən komandasının peşəkarlığı, ağlı, yaxşı təcrübəsi, bəlkə heç on ilə də o ürək bulandıran çirkləri, ictimai təfəkkürə oturan pis düşüncələri silib təmizləyə bilməyəcəkdi.
Gəlib-keçən ən fərsiz naziri belə, bu qurumun evini yıxmamışdı, etibarını ayaqlar altına atmamışdı, yüksəklikdən yerə çırpmamışdı ki, Eldar Mahmudov qoçu psixologiyası ilə onun təyinatını da dəyişdi, mahiyyətini də.
Əks-kəşfiyyatda başımıza hansı corabları hördü, onlar hələ araşdırılmayıb, ya da açıqlanması məqbul deyil.
Beləcə, o, Heydər Əliyev kimi güclü siyasi-ictimai xadimi yetişdirən DTK-nın müasir strukturu MTN-nin çəkisini və ictimai nüfuzunu darmadağın etdi, hətta binasından belə insanları iyrəndirdi. Onun öldürdüyünü dəfn etməkdən başqa ayrı çıxış yolu yox idi.
İctimaiyyətin nifrətini qazanan bu nazirliklə bağlı prezidentin belə bir sərəncam verməməsi halı, əksinə ciddi tənqid oluna bilərdi və indi dövlət başçısının nə etməyə çalışdığını anlamaq çətin deyil.
Prezident Azərbaycan ictimaiyyətini o ləkələrdən uzaqlaşdırmağa, yeni qurumların, yeni simaların timsalında təmiz bir səhifə açmağa çalışır, çünki ölkənin milli təhlükəsizliyi, əks-kəşfiyyat istiqamətindəki uğurlar bu səhifələr üzərində bərqərar olmalı, sarsılan etibarı geri qazanmalıdır.
Bu sərəncamla daha bir çətinlik də öz həllini tapdı. Ortadakı utanc mənzərədən sonra hamının beynində MTN-nin başına kimin gələ bilməsi axtarışları idi. Çünki bu persona öz nüfuzu, zəhmi, qabiliyyəti və digər şəxsi məziyyətləri ilə yaxşı-pis sələflərinin fövqündə dayanmalı, Eldar Mahmudov cinayətlərinin ağır və dəhşətli aurasını yüngülləşdirməli idi.
Daha tələbkar yanaşılsa, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat sahəsi üçün unikal biri olmalıydı, amma beləsini tapıb ortaya çıxarmaq heç də asan deyildi. Nazirlik statusunun ləğvi ilə bu müşkül də aradan qalxdı, üstəlik, növbəti mahmudovların yetişməsi təhlükəsi də. Çünki böyük nazirliklər öz rəhbərlərini o qədər şişirdə bilir ki, sonradan başımıza düşəcək təhlükəli qaya parçasına çevrilir...