Modern.az

Mətbuatın monitorinqi aparılacaq

Mətbuatın monitorinqi aparılacaq

15 Sentyabr 2009, 17:48

Modern.az xəbər verir ki, Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi «Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək» layihəsi çərçivəsində aylıq monitorinqlərə start verib.

Monitorinqdə qəzetlər, informasiya agentlikləri və xəbər portalları daxil olmaqla ümumilikdə 30 KİV-də gedən materiallar nəzərdən keçiriləcək. Layihədə KİV-lərin dərc etdikləri xəbərləri hansı mənbələrdən əldə etdiklərinə, bu prosesdə qarşılaşdıqları çətinliklərə, hansı məlumatlarda jurnalistikanın prinsiplərini daha çox pozduqlarına, həmçinin informasiyanın əldə edilməsi və yayılması ilə bağlı digər tendensiyalara diqqət yetiriləcək.

Lahihədə eyni zamanda aparıcı KİV nümayəndələrinin ölkədə ilk mənbədən informasiya alınması vəziyyətinə, dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların yaydıqları informasiyaların cəmiyyətdə işıqlandırılmasına dair münasibətlərini müəyyənləşdirmək, ilk mənbədən informasiya alınması sahəsində vəziyyətlə bağlı ictimai müzakirələr təşkil etmək nəzərdə tutulur.

Qeyd edək ki, layihə 2009-cu ilin sentyabr-dekabr ayları ərzində həyata keçiriləcək. Layihənin gedişi ilə bağlı ictimaiyyətə KİV vasitəsilə müntəzəm məlumatlar veriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi