12 Aprel 2020, 14:37 | Ana Səhifə - Yazılar - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə...
O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə...

Əzizlərim Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı, Elçin, Nəriman Həsənzadə, Mövlud Süleymanlı və Çingiz Abdullayev... O dünyadan sizə atəşin salamlar!


Yox, yox, məktubumu görüb, qorxmayın. Elə bilməyin ki, sizin üçün darıxıb yazmışam; “Qabil, darıxırsansa əzizlərin üçün darıx, Mahirçün darıx” qarğışı dilinizə gəlməsin deyə, bunu əvvəldən söyləməyi özümə borc bildim. Mahirçün darıxmağına darıxmışam, necə ki, İlyas Əfəndiyev, Rəsul Rza, Nigar Rəfibəyli darıxır...

 

Bu koronavirus pandemiyası xəbəri Haqq dünyasına da gəlib çatdı. Mən həkim olmadığım üçün belə şeyləri anlamıram. Yalnız tarix kitablarında oxumuşam. Amma burdakı dünya, o cümlədən Azərbaycan alimləri həyəcan təbili çalmağa başladılar. Məşhur virusoloq Dmitri İosifoviç İvanovski və digər mütəxəsislər Allah qarşısında məsələ qaldırdılar ki, bəs Haqq dünyasında da karantin rejimi elan olunsun. Yoxsa Cənnətdə nə qədər yaxşı ölü var, hamısı qırılıb gedəcək. Nə başınızı ağrıdım – buna nail oldular da... O cümlədən sübut etdilər ki, bu virus 60 dərəcədən yuxarı istidə ölür. Əsasən də 65 yaşdan yuxarı ölülərdə bu tərəflərə gəlib çıxır.

 

Bunu bilcək Allah mələklərdən ibarət komissiya yaratdı. İnkir-Minkirə həmən göstəriş verdi. Cənnətdə havanın koronavirus üçün əlverişli olması nəzərə alınaraq, qapıları iki aylığa müvəqqəti bağlandı. Cəhənnəmdə hərarətin isti olması əsas gətirilərək üç qır tiyanı – orda inləyən cəhənnəm əhlindən təmizlənib – dezinfeksiya edildi. İnkir-Minkir, tiyanbaşılar üzlərinə maska, əllərinə də siz taxan tibb əlcəyindən yox, yanğınsöndürənlərin əlcəyindən taxdılar. Cənnətə düşməli olan, amma koronavirusdan ölən mərhumlar üçün iki həftəlik karantin elan edildi. Yəni ki, əməlləriylə Cənnətlik olanlar əvvəlcə iki həftə müddətinə Cəhənnəmdə qonaq olmalıdırlar.

 

Bax bu vaxt siz yadıma düşdünüz. Xahiş edirəm, siz Allah evdən bayıra çıxmayın. Özünüzü hər şeydən təcrid edin. Fani dünyadakı karantindən yox, Haqq dünyasındakı karantindən qorxun. O qır tiyanına düşəndə nəinki Koronavirus, virus qarışıq vücud da əriyib yoxa çıxır. Başqalarını deyə bilmərəm... onsuz da dərisinin rəngi tünd olan Fikrət Qoca o qır tiyanına düşsə və iki həftəlik karantinə dözə bilsə, onu yalnız səsindən tanımaq mümkün olacaq. Hələ Xeyrəddin Qocanı demirəm.

 

Bir də ki, özünüzü hörmətsiz etməyin. Vida mərasimi  olmayacaq, Prezident, yaxud da ki, yeni Ramiz Mehdiyev ora gəlməyəcək, oxucularınız iştirak etməyəcək... Koronavirus tutmasınlar deyə tabutu çiyinlərinə götürənlər əvvəlcə tabutu və sizi Qusar araq zavodunun buraxdığı, adı tibb spirti olan, amma zoğal arağının ətri gələn məhlulun doldurulduğu şüşə qabın pıs-pısıyla yağmur atəşinə qərq edəcəklər. Ağızlarına taxdıqları maskanın  ucbatından dedikləri “Allah rəhmət eləsin” sözlərini siz belə eşitməyəcəksiniz, o ki, qalsın göyün yeddinci qatında oturan Allah. Məzara qoyulana qədər yalnız spirt spreyinin səsi eşidiləcək: “pıs-pıs”, “pıs-pıs”. Bunları görmək, bunları eşitmək üçünmü bu qədər çox yaşamısınız, yazıb-yaratmısınız?

 

Yaşa gəldikdə isə... indi soruşacaqsınız ki, ay Qabil, məktubda yalnız Azərbaycan ədəbiyyatının yaşı 65, 70-dən yuxarı qocaman nümayəndələrinin üç-dördünün adını çəkmisən. Bəs başqaları? İntiqam Qasımzadə, Vaqif Yusifli, Seyran Səxavət və digərlərini niyə xəbərdar etmirsən? Yəqin eşitmisiniz məsəli: “Qızım sənə deyirəm, gəlinim, sən də eşit”. Bir də ki, kasıb təbəqə olan şair və yazıçılara bu koronavirus zəmanəsində virusdan ölmək çox sərf edir. Polis qapıda duracaq və evə gələnləri – gələn olsa – buraxmayacaq. 3, 7, 40 mərasimi keçirilməyəcək. Gör nə qədər qabaq düşəcəklər. Üstəlik də oğul-uşaq ehsan verməyə görə borca düşəndən sonra arxalarıyca danışaraq adlarına əlavə günahlar yazdırmayacaq. 40-a da gələn olmayacaq ki, başdaşının Ukraynanın Buki növlü qara qranitindən, ya da Qaradağın aqalay daşından düzəldildiyini görsün. “Yaxşı oğuldur”, ya da “boyunu yerə soxum belə övladın” sözlərini dilə gətirsin.

 

O ki, qaldı 65 yaşdan yuxarı məsələsinə, yaxud da 62 yaşlı Çingiz Abdullayevin də bu siyahıya salınmasına... İzah edim, siz də agah olun. 65 yaşdan yuxarı əhali pensiya alır. Kimisi Anar kimi maaşı da qarışıq beş-altı min manat, kimisi 200-300 manat. Pensiyaçılar üçün əlavə yardım paketi qəbul edilməsinə ehtiyac yoxdur. Ona görə yaş senzini belə qoyublar. Ona qalsa 60 yaşdan yuxarı hamı risk qrupuna daxildir.

 

Ay Anar, ay Fikrət, Sabir, Elçin, Nəriman, Mövlud və bir az da Çingiz! Haqq dünyasında karantin elan olunması xəbərini eşidib sizi də agah etməyi özümə borc bildim. Özünüzü qoruyun. Bir az səbr edin. Əzrayıl gələndə onu aldadın. Necə? Birini mən deyim, başqa yolları da özünüz fikirləşin.

 

Yəqin, eşitmisiniz bu əhvalatı. Günlərin bir günü ər-arvad gecə yatan yerdə Əzrayıl qadının boğazına çökür. Ki, bəs gəlmişəm canını almağa. Qadının adını soruşur. O da cavab verir ki, Xədicə. Əzrayıl adı eşidən kimi yumşalır. “Müqəddəs addır” deyərək arvadın boğazını buraxır. Demə kişi yatmayıbmış – söhbəti eşidibmiş. Əzrayıl onun boğazına çökəndə həmən cavab verir: “Adım Mameddir, amma xalq arasında Xədiçə çağırırlar”.

 

Xülasə, sözümün canı budur ki, özünüzü qoruyun. Dediyiniz hər bir yalan saxtakarlıq sayılmayacaq. Ölüm ayağında uydurulan istənilən yalan günah yox,  müqəddəs yalan sayılır. Yalana gəldikdə isə... bu vaxtacan o qədər yalan danışmısınız ki, Əzrayıla da bir şey tapıb sırıyın da...

 

Qoruyun özünüzü. Təkcə Haqq dünyasının Cəhənnəm məkanındakı qır tiyanlarında keçirəcəyiniz iki həftəlik qarantini göz önünə alıb yox. Anar, Fikrət Qoca, Çingiz, yazıçıların qurultayqabağı yüksəliş pillələrində sizləri əsas və böyük maneə görən Rəşad Məcidi, İlqar Fəhmini və Birliyin strukturunda çalışan digər yaşı çox, amma gənc yazıçı sayılanları sevindirməmək üçün. İntiqam Qasımzadə, nə olar, Əsəd Cahangirin, Qəşəm Nəcəfzadənin çöhrəsinə gülüş qondurub “Azərbaycan” jurnalının baş redaktoru olmaq uğrunda ölüm-dirim mübarizəsinə başlamasına fürsət vermə. Sabir Rüstəmxanlı, halallıqla 21,4 faiz səs toplayıb, qalib gəldiyin Neftçala seçki dairəsində səninlə mübarizə aparıb məğlub olan keçmiş rəqiblərindən hansınasa 4 il 9 ay deputat həyatı yaşamasına şərait yaratma.. Seyran Səxavət, Fikrət Sadıqdan qalan AYB-ın məsləhətçisi kreslosunda oturub, “Osman Sarıvəllinin yerində oturmuşam” deyə-deyə, başının üstündəki divara vurduğun Yusif Səmədoğlunun və Rəşad Məcidin fotolarının çıxarılıb, oradan mənim Fikrət Sadıqla birgə şəklimin asılması üçün Mahirə tarixi  şans vermə... Çingiz Abdullayev, “Rus dilində yazan yeganə Xalq yazıçımız” təqdimatını 70 yaşlı Natiq Rəsulzadəyə miras qoyma. Ya da ki, heç kimə... Qəzənfər Paşayev, qoru özünü – qurultayda bizim Mahirə “Ustadoğlu, ustadoğlu” deyən, müavinin şair Əkbər Qoşalının sənin yerinə keçib, AYB-ın Nəzarət-təftiş komissiyasının sədri təyin olunmaması üçün...

 

Bu qədər. Sonda Səyyad Arana, Yusif Həsənbəyə, Teymur Əhmədova, Firuzə Məmmədliyə, Vaqif Yusifliyə, Qurban Bayramova, Qəzənfər Paşayevə, Ramiq Muxtara və yaşı 65-dən yuxarı olan bütün yazıçılara burdakıların salamını çatdırıram. Amandır, özlərini qorusunlar. Ordakı karantindən çıxmaq mümkündür. Burdakı karantində isə hamı əriyib çirkə çıxır. Cənnətə qəbzləri olsa da...

 

Gənc yazıçılara isə mənim məktubumdan istifadə edib “Qabil müəllim, bunlardan çoxunun içində gözəgörünməyən o qədər qurd, virus var ki, çətin koronavirus qorxusundan yaxın gələ” deyə sosial şəbəkələrdə müzakirələr açmasını qadağan edirəm. Qarışdırmasınlar: Koronavirus ayrı, qurd ayrı – cin ayrı, şeytan ayrı.

 


Hörmətlə: QABİL
Axirət dünyası, Cənnət şəhəri
11 aprel 2020-ci il.


Mahir QABİLOĞLU

MÜƏLLİFİN DİGƏR YAZILARI
Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37 Dil- xalqı birləşdirən DƏYƏR 30 Noyabr 2020, 15:31 İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   30 Noyabr 2020, 15:28 Milli Məclisin Elm və təhsil komitəsi iclas keçirib 30 Noyabr 2020, 15:23 "Qarabağın məşhur müəllimləri" - Ənvər Rza 30 Noyabr 2020, 15:18 Şuşa yolu minalardan təmizlənir 30 Noyabr 2020, 15:12
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?