Rusiyanın siyasi elitasının ən tanınmış simalarından biri olan Valentina Matviyenko uzun illərdir ölkə siyasətində mühüm mövqe tutur. O, 2011-ci ildən Rusiya Federal Məclisinin Federasiya Şurasına rəhbərlik edir və 2024-cü ildə bu vəzifəyə dördüncü dəfə seçilib.
Qeyd edək ki, Rusiya parlamenti iki palatadan ibarətdir: yuxarı palata Federasiya Şurası, aşağı palata Dövlət Dumasıdır.
Modern.az saytı “Spikerlər” rubrikasında yeni yazını təqdim edir. Bu dəfə Valentina Matviyenkodan yazmışıq.
Siyasətə təsadüfi gəliş
Valentina Matviyenko 7 aprel 1949-cu ildə Ukraynanın Şepetovka şəhərində anadan olub. O, atasını erkən yaşda itirib, onda 2-ci sinifdə oxuyurmuş. Anası üç qızını tək böyüdüb və ailənin maddi çətinliklərinə baxmayaraq, onların təhsil almasına çalışıb.

V.Matviyenko məktəbi gümüş medalla başa vurduqdan sonra Ukraynadakı Çerkassı Tibb Məktəbinə daxil olub. Daha sonra Leninqrad Kimya-Əczaçılıq İnstitutunda təhsil alıb.
Onun siyasətə gəlişi də təsadüfi olub. Rusiyadakı tələbəlik illərində komsomol təşkilatının iclasında çıxış edərək universitetdəki problemləri açıq şəkildə dilə gətirib. Bundan sonra komsomol komitəsinin katibi vəzifəsinə irəli çəkilib.
Bununla da xanlm Matviyenkonun siyasi karyerası başlayıb. O, əvvəlcə Leninqrad vilayəti komsomol komitəsinin katibi vəzifəsinə qədər yüksəlib. Sonra 1986-cı ildə, 37 yaşında Leninqrad Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini təyin olunub.
Sovet İttifaqının dağılmasından sonra isə diplomatik fəaliyyətə keçib. 1991-ci ildə Rusiyanın Maltadakı ilk fövqəladə və səlahiyyətli səfiri olub. Daha sonra Yunanıstanda səfir vəzifəsində çalışıb.
1998-ci ildə Matviyenko Rusiya hökumətində baş nazirin müavini vəzifəsinə təyin edilib. 2003-cü ildə isə Rusiyanın Şimal-Qərb federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi olub və həmin il Sankt-Peterburqun qubernatoru seçilib.
Qubernator kimi şəhərin infrastrukturunun yenilənməsi, nəqliyyat sisteminin modernləşdirilməsi və sosial layihələrin həyata keçirilməsi ilə yadda qalıb. Bununla yanaşı, onun dövründə bəzi tarixi binaların sökülməsi də ciddi müzakirələrə səbəb olub.

15 ildir Federasiya Şurasının sədridir
2011-ci ildə Valentina Matviyenkonun siyasi karyerasında yeni mərhələ başlayıb. O, Sankt-Peterburq qubernatoru vəzifəsindən istefa verərək ölkə parlamentinin yuxarı palatasında - Federasiya Şurasında şəhərin nümayəndəsi olub. Cəmi bir neçə həftə sonra senatorlar onu parlamentin yuxarı palatasının sədri seçiblər.
V.Matviyenko 2014, 2019 və 2024-cü illərdə yenidən bu vəzifəyə seçilib. Hazırkı səlahiyyət müddəti 2029-cu ilin sentyabrında başa çatacaq.
Federasiya Şurasına rəhbərlik etdiyi illərdə Valentina Matviyenko sosial siyasət, səhiyyə, ailə və demoqrafiya məsələlərinə xüsusi diqqət ayırıb. Onun təşəbbüsləri arasında sosial xidmətlərin inkişafı, ailələrin və uşaqların dəstəklənməsi ilə bağlı müxtəlif layihələr də yer alıb.
2024-cü ildə 75 yaşı tamam olan xanım Matviyenko Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Əmək qəhrəmanı” adına layiq görülüb.
Matviyenko eyni zamanda Rusiya Təhlükəsizlik Şurasının üzvüdür. O, Federasiya Şurasının sədri kimi ölkənin siyasi gündəmində aktiv iştirakını davam etdirir.
Ailə həyatı

Valentina Matviyenko həyat yoldaşı Vladimir Matviyenko ilə tələbəlik illərində tanış olub. Cütlük 45 il birlikdə yaşayıb. Valentinanın hazıtda daşığığı soyad da ərinin soyadııdır. Vladimir Matviyenko 2018-ci ildə vəfat edib.
Onların Sergey adlı bir oğlu var. Sergey Matviyenko maliyyə sektorunda çalışıb və müxtəlif illərdə Rusiyanın iri banklarında rəhbər vəzifələr tutub.
Rəsmi bioqrafiyasında onun asudə vaxtlarında ədəbiyyat, teatr, rəssamlıq, musiqi, tennis və dağ xizəyi ilə maraqlandığı qeyd olunur.
Ukraynaya qarşı amansız mövqe
Valentina Matviyenko bir çox hallarda doğulduğu Ukraynaya qarşı sərt mövqeyi ilə çıxış edib. Belə ki, 2014-cü il martın 21-də Federasiya Şurası Matviyenkonun sədrliyi ilə Ukraynanın Krım yarımadası və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Bundan sonra Matviyenko ABŞ, Avropa İttifaqı və Kanada tərəfindən sanksiyalara məruz qalıb.

Matviyenko Krımın Rusiyaya birləşdirilməsini açıq şəkildə müdafiə edib. O, 2016-cı ildə Krıma səfəri zamanı Ukrayna XİN-in etirazına cavab olaraq yarımadanı Rusiyanın “tam hüquqlu subyekti” adlandırıb.
2022-ci il fevralın 21-də, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan üç gün əvvəl Matviyenko Təhlükəsizlik Şurasının iclasında qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınmasını müdafiə edib.
2022-ci ilin oktyabrında isə Federasiya Şurası Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında qanunları təsdiqləyib. Matviyenko bu qərarı “tarixi qərar” adlandırıb.
Yeri gəlmişkən, Matviyenko ilə bağlı daha bir diqqətçəkən məqamu qeyd etmək lazımdır: məhz onun spikerliyi dövründə Federasiya Şurası Rusiya prezidentinə xaricdə silahlı qüvvələrdən istifadə üçün dörd dəfə razılıq verib: 2014-cü ildə Ukraynada, 2015-ci ildə Suriyada, 2020-ci ildə Dağlıq Qarabağda və 2022-ci ildə Ukraynada.
Ukrayna tərəfindən təltif olunmuşdu
Valentina Matviyenko haqqında daha bir təzadlı məlumat onun Ukrayna tərəfindən təltif olunmasıdır. Hələ 2002-ci ildə o, Ukraynanın “Şahzadə Olqa” III dərəcəli ordeni ilə təltif edilib. Səbəb Ukrayna-Rusiya əməkdaşlığının inkişafına verdiyi töhfə və “Rusiyada Ukrayna ili”nin keçirilməsində fəal iştirak etməsi olub. 2001-ci ildə isə Valentina Matviyenko Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanını alıb.

Beləliklə, illər əvvəl Ukrayna-Rusiya əməkdaşlığına verdiyi töhfələrə görə Kiyevin dövlət təltifinə layiq gördüyü Matviyenko çox sonralar Ukraynaya qarşı Rusiyanın siyasətinin ən fəal müdafiəçilərindən birinə çevrildi.
Daha bir maraqlı fakt: Matviyenko Ukraynanın Şepetovka şəhərində doğulub, ailəsi sonradan Çerkassı şəhərinə köçüb və o, orada böyüyüb. Bəzi mənbələr yazır ki, V.Matviyenko Çerkassıda yaşayarkən Ukrayna dilində də danışırmış.
Anasının soyadının kölgəsində böyük biznesə yüksəldi
Valentina Matviyenkonun yeganə oğlu Sergey illərdir Rusiyada müxtəlif dairələrin diqqət mərkəzindədir. 1973-cü ildə Leninqradda doğulan Sergey Matviyenko 1996-cı ildə Müasir Biznes İnstitutunu, 1999-cu ildə isə Sankt-Peterburq Xidmət və İqtisadiyyat İnstitutunu bitirib. O, maliyyə və bank sektorunda çalışdıqdan sonra VTB sistemində rəhbər vəzifələrə yüksəlib və 2006–2013-cü illərdə “VTB-Development” şirkətinə rəhbərlik edib.
Sergey Matviyenko hazırda biznes fəaliyyəti ilə məşğuldur. 2022-ci ildə o, Sankt-Peterburqda böyük “Primorski kvartal” layihəsini həyata keçirən “Megalit–Oxta Qrup” şirkətinin 15 faiz payını əldə edib. Sövdələşmənin nominal dəyəri 256,2 milyon rubl olub.

Onun şəxsi həyatı da vaxtilə mətbuatın diqqətində olub. 2004-cü ildə müğənni Zara ilə evlənən Sergey Matviyenkonun bu nikahı cəmi il yarım davam edib. Zara 2023-cü ildə verdiyi müsahibədə bildirib ki, onların ailə və həyat barədə gözləntiləri fərqli olub. Zara deyib ki, Sergey həmin vaxt ailə həyatına tam hazır deyildi və “subay həyatı” yaşamaq istəyirdi.
2008-ci ildə Sergey Matviyenko ikinci dəfə - Yuliya Zaytseva ilə evlənib. 2009-cu ildə onların Arina adlı qızı dünyaya gəlib. Beləliklə, Valentina Matviyenkonun bir nəvəsi var.
Sergeyin ikici xanımı Yuliya sonradan JM Studio geyim brendinin qurucusu kimi tanınıb.
Sergey Matviyenkonun biznes fəaliyyəti illər ərzində Rusiya mediasında və siyasi dairələrdə müxtəlif müzakirələrə səbəb olub. Sergey Matviyenkonun ən çox müzakirə olunan biznes fəaliyyəti onun “İmperiya” şirkəti ilə bağlıdır.
“Delovoy Peterburq” nəşri hələ 2009-cu ildə yazırdı ki, Matviyenko “İmperiya”nın 100 faiz sahibidir və şirkətin tərkibində 28 törəmə qurum fəaliyyət göstərir. Bunlar daşınmaz əmlak, tikinti, nəqliyyat, təmizlik və media kimi sahələri əhatə edirdi. Nəşr həmin dövrdə onun biznes aktivlərini təxminən 1 milyard dollar qiymətləndirən ekspertlərin fikirlərini də dərc etmişdi.
Bunun fonunda siyasi müxalifət və bəzi media orqanları Sergey Matviyenkonun biznes uğurlarının anasının Sankt-Peterburq qubernatoru olması ilə əlaqəsini müzakirə edirdilər. Hətta “Yabloko” partiyasının nümayəndələri Valentina Matviyenkonun istefasını tələb edərkən oğlunun kommersiya fəaliyyəti məsələsini də əsas gətirmişdilər.

2011-ci ildə isə RBC Sergeyin sərvətini 4,9 milyard rubl göstərərək, onun Rusiyanın milyarderləri reytinqinə daxil edildiyini yazıb.
“Delovoy Peterburq” nəşri onu 2025-ci ilin milyarderlər reytinqində də göstərir və əsas aktivlər arasında məhz “Megalit–Oxta Qrup”u qeyd edir. Nəşrin 2024-cü il reytinqində Matviyenkonun sərvəti 7,57 milyard rubl qiymətləndirilib.
Sergey Matviyenkonun həyatının ən diqqətçəkən məqamlarından biri isə onun hazırda Rusiyadan kənarda yaşaması ilə bağlıdır. 2025-ci ildə İtaliyanın “Linkiesta” nəşrinin araşdırmasına istinad edən bir neçə media qurumu onun həyat yoldaşı Yuliya ilə birlikdə Adriatik sahilindəki Pesaro şəhərində yaşadığını yazıb. Araşdırmaya görə, ailənin istifadə etdiyi 774 kvadratmetrlik villa 26 hektarlıq ərazidə yerləşir. Həmin araşdırmada ailə aktivlərinin bir hissəsinin San-Marinoya keçirildiyi də iddia olunur.

Rusiyanın ən yüksək siyasi vəzifələrindən birini tutan Valentina Matviyenkonun oğlu Sergey hazırda siyasi post daşımır, lakin iri biznes layihələrində iştirakı ilə diqqətdə çəkir. Onun ailəsinin İtaliyadakı həyatı isə son illərdə Sergey Matviyenko haqqında yayılan əsas məlumatlardan birinə çevrilib.
Sovet dövrünün komsomol fəalından Rusiyanın ən yüksək siyasi postlarından birinə yüksələn Valentina Matviyenko artıq 15 ilə yaxındır ki, parlamentinin yuxarı palatasına rəhbərlik edir və Ukraynada doğulmasına baxmayaraq, bu gün Moskvanın Kiyevə qarşı siyasətinin müdafiəçilərindən biri olaraq tanınır.
Ə.Qafarlı