Modern.az

"Mədəni və dini irsin dağıdılmasına selektiv yanaşma böyük təhlükələrə yol açdı"

"Mədəni və dini irsin dağıdılmasına selektiv yanaşma böyük təhlükələrə yol açdı"

Ölkə

Bu gün, 17:54

Azərbaycan uzun illər ərzində həm işğalın nəticələri, həm də tarixi-mədəni irsinin məhv edilməsi ilə üzləşib. Qarabağ və ətraf rayonlarda şəhərlərin, kəndlərin, məscidlərin, qəbiristanlıqların və digər tarixi obyektlərin dağıdılması münaqişənin ən ağır nəticələrindən biri olub.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, bu prosesin uzun illər davam etməsində beynəlxalq ictimaiyyətin münasibəti də mühüm rol oynayıb.

“Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin dağıdılması ilə bağlı məlumatlar beynəlxalq sənədlərdə də öz əksini tapırdı. Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edən sənədlər qəbul etmişdilər. Ancaq həmin qərarların icrasını təmin edən təsir mexanizmlərinin olmaması nəticəsində bu sənədlər uzun illər kağız üzərində qaldı”, – deputat bildirib.

N.Məmmədovanın sözlərinə görə, mədəni irsin qorunması məsələsində də eyni yanaşma müşahidə olunub:

“Məscidin, kilsənin, qəbiristanlığın və ya digər dini-mədəni obyektin hansı xalqa məxsus olmasından asılı olmayaraq, onun qorunması həm beynəlxalq hüququn, həm də ümumbəşəri dəyərlərin tələbidir. Buna görə mədəni irsin qorunması məsələsində ikili standartlara yol verilməməlidir”.

Deputat Prezident İlham Əliyevin müsəlman dini liderləri ilə görüşündə səsləndirdiyi fikirlərə də diqqət çəkib. O xatırladıb ki, dövlət başçısı Qarabağda 65 məscidin tamamilə dağıdıldığını, bir sıra məscidlərin isə yarıdağılmış vəziyyətdə olduğunu bildirib.

“Prezidentin də vurğuladığı kimi, bütün bunları dünya bilməlidir. Azərbaycan illərlə bu məsələləri beynəlxalq platformalarda qaldırıb. Ancaq biz beynəlxalq qurumlardan hərbi müdaxilə deyil, ən azı siyasi qiymət gözləyirdik. İşğalçıya öz adı ilə müraciət edilməsini, işğala siyasi-hüquqi münasibətin ortaya qoyulmasını istəyirdik. Təəssüf ki, uzun müddət bu da baş vermədi”.

N.Məmmədovanın fikrincə, Azərbaycanın keçdiyi tarixi yol beynəlxalq münasibətlərdə yalnız hüquqi arqumentlərin kifayət etmədiyini də göstərib:

“Ölkənin öz hüquqlarını müdafiə edə bilməsi üçün siyasi, iqtisadi və hərbi imkanlarının güclü olması, eyni zamanda regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu məsələ daha aydın görünür”.

Deputat bildirib ki, bu baxımdan Türk dünyası, Qafqaz və İslam aləmində əməkdaşlığın və birliyin gücləndirilməsi yalnız mənəvi deyil, həm də siyasi və təhlükəsizlik baxımından əhəmiyyətlidir:

“Azərbaycanın öz tarixi təcrübəsindən çıxardığı əsas nəticələrdən biri birlik məsələsidir. Prezident İlham Əliyevin də dediyi kimi, ‘bizim birliyimiz hər birimizi gücləndirəcək’. Müasir geosiyasi şəraitdə bu yanaşma xüsusi aktuallıq daşıyır”.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada