ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə mühüm qərar verməyə yaxınlaşdığını bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
ABŞ Prezidenti qarşısında duran əsas seçimlərdən birinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması, digərinin isə münaqişənin dayandırılması üçün fərqli yolun seçilməsi olduğunu deyib.
“Mən mühüm qərar verməliyəm. Müdaxilə edib onları [İran rejimini] məhv etmək istəyirəm, yoxsa yox? Bu, mühüm qərardır. Mənimlə hər şey baş verə bilər”, – Tramp bildirib.
Tramp gələcək addımları müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində Fars körfəzinin altı ərəb ölkəsinin liderləri ilə görüşməyi planlaşdırdığını da açıqlayıb.
“Mən onların mövqeyini və vəziyyətlərinin necə olduğunu anlamaq istəyirəm. Biz onları çox ciddi şəkildə müdafiə etmişik”, – ABŞ Prezidenti deyib.
Görüşdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman liderlərinin iştirakı gözlənilir. “Axios”un məlumatına görə, danışıqlarda İranla münaqişənin növbəti mərhələsi və ABŞ-nin müharibədən sonrakı strategiyası əsas mövzulardan olacaq.