Modern.az

Keçmiş məcburi köçkün ailəsinin evi özünə qaytarıldı

Keçmiş məcburi köçkün ailəsinin evi özünə qaytarıldı

Ölkə

Bu gün, 09:05

Kəlbəcərdən olan sahibkar Xalid Sadıqovun ailəsi uzun sürən hüquqi mübarizədən sonra mənzilini geri qaytara bilib.

Bununla bağlı Xalid Sadıqov Modern.az-a müraciət edərək, ailəsinin hüquqlarının bərpa olunmasına görə məhkəməyə və proses çərçivəsində fəaliyyət göstərən aidiyyəti ədliyyə orqanlarına təşəkkürünü bildirib.

Məsələ Bakıda yerləşən və ailəyə məxsus olan mənzillə bağlıdır.

X.Sadıqovun müraciətində bildirilir ki, bazar dəyəri hazırda təxminən 550 min manat olan mənzil “AFB Bank” ASC-yə olan kredit borcu ilə əlaqədar icra prosesi çərçivəsində hərraca çıxarılıb və 322 min 624 manata satılıb. Sahibkarın sözlərinə görə, mənzilin qiymətləndirilməsi 2021-ci ildə aparılıb və həmin vaxt əmlakın dəyəri 307 min manat müəyyənləşdirilib.

Xalid Sadıqov bildirir ki, sonrakı illərdə mənzilin yenidən qiymətləndirilməsi və faktiki vəziyyətinin yerində araşdırılması aparılmadan əmlak hərraca çıxarılıb. Kredit münasibətləri 2020-ci ildə yaranıb. X.Sadıqov “AFB Bank”dan kredit götürüb, həyat yoldaşına məxsus mənzil isə kreditin təminatı kimi girov qoyulub.

Onun söylədiyinə görə, kreditlə bağlı bildirişlər ailənin artıq yaşamadığı ünvana və 2021-ci ildən istifadə etmədiyi telefon nömrəsinə göndərilib. Halbuki, bankda ailənin işlək əlaqə nömrələri və faktiki yaşayış ünvanı mövcud olub. Bu səbəbdən ailə mənzilin hərraca çıxarılması ilə bağlı prosesdən vaxtında xəbər tuta bilməyib.

X.Sadıqov bildirir ki, məsələ ilə bağlı məlumat əldə etdikdən sonra, hərrac prosesi davam etdiyi vaxt qalan 55 min manat kredit borcunu ödəyib. Buna baxmayaraq, onun sözlərinə görə, hərrac və icra prosesi davam etdirilib. Hərracın nəticələrinin qüvvədə saxlanılması ilə razılaşmayan ailə hüquqi müstəviyə keçib. Xalid Sadıqovun ailə üzvü Musayeva Matanat Şahid qızı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim olunub. İddia “Softgo” MMC, “AFB Bank” ASC, Ədliyyə Nazirliyinin Nəsimi Rayon İcra Şöbəsi və hərracın qalibi kimi göstərilən Aytən Eynullayeva Mirzə qızına qarşı qaldırılıb. Məhkəmə prosesi davam etdiyi müddətdə mənzil üzərinə həbs qoyulub.

Avqust ayında hakim Samirə Eyvazovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında iş üzrə qərar qəbul edilib. Məhkəmə hərracın nəticələrinin və mənzilin mülkiyyəti ilə bağlı sonrakı qeydiyyat sənədlərinin ləğv olunması, əmlakın isə əvvəlki sahibinə qaytarılması barədə qərar verib. Beləliklə, ailənin mənzil üzərindəki hüquqları məhkəmə qaydasında bərpa olunub. Xalid Sadıqov ailəsi adından məhkəmənin qərarını ədalətli qiymətləndirib. O bildirib ki, ailənin əsas məqsədi hüquqlarının hüquqi yolla bərpa olunması olub və məhkəmənin qərarı nəticəsində buna nail olublar. X.Sadıqov hüquqlarının bərpasında rol oynayan məhkəmə və aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Bu hadisə bir daha göstərir ki, vətəndaşlar mülki hüquqlarının pozulduğunu düşündükləri hallarda hüquqi müdafiə mexanizmlərindən istifadə etməklə məhkəmə vasitəsilə öz hüquqlarının bərpasına nail ola bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...