Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Sankt-Peterburqa təşkil olunan kütləvi hücum zamanı Ukrayna pilotsuz uçuş aparatları Kronştadtdakı hərbi dəniz bazasında yerləşən Rusiyaya məxsus "Boykiy" korvetini vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat yayıb.
Komandanın sözlərinə görə, sözügedən gəmi 2026-cı ilin fevral ayına qədər NATO ölkələrinin sərhədləri boyu Rusiyanın "kölgə donanması"nı müşayiət edib, daha sonra isə planlı təmir üçün bazaya göndərilib. "20380" layihəsinə aid olan korvet idarəolunan raket silahları ilə təchiz edilib və Rusiyanın Baltik Donanmasının tərkibindəki bu sinfə aid üçüncü gəmidir.
Ukrayna Təhlükəsizlik Xidmətindən (SBU) isə bildirilib ki, Kronştadtdakı zərbə birbaşa hərbi gəmilərin dayandığı mövqeyə endirilib. Hazırda vurulan ziyanın miqyası və nəticələri dəqiqləşdirilir.
Töhfə Səməd