Modern.az

ABŞ Transxəzər Sahibkarlıq Fondunun fəaliyyətə başladığını ELAN ETDİ

ABŞ Transxəzər Sahibkarlıq Fondunun fəaliyyətə başladığını ELAN ETDİ

Dünya

Bu gün, 19:04

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutu — Orta Dəhliz boyunca özəl sektor investisiyalarını stimullaşdırmaq məqsədi daşıyan Transxəzər Sahibkarlıq Fondunun fəaliyyətə başladığını elan edib.

Modern.az xəbər verir ki, bu açıqlama Azərbaycan və Ermənistan arasında Vaşinqton sazişinin birinci ildönümü ilə əlaqədar yayılan bəyanatda yer alıb.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, bu yaxınlarda seçilmiş direktorlar şurası tərəfindən idarə olunacaq fond Transxəzər Ticarət Marşrutu — Orta Dəhliz boyunca özəl sektor investisiyalarının təşviqinə xidmət edəcək.

Dövlət Departamentində xatırladıblar ki, düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib və onların tarixi Birgə Bəyannaməni imzalamasına şahidlik edib.

ABŞ xarici siyasət qurumu bildirib ki, Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoyub və “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsinə yol açıb.

“Son 12 ay ərzində ABŞ bu vədi tərəqqiyə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb”, — deyə bəyanatda bildirilib.

Dövlət Departamentində qeyd olunub ki, dəmir yolu, avtomobil yolları, enerji və rəqəmsal infrastrukturun modernləşdirilməsini nəzərdə tutan multimodal tranzit marşrutu — TRIPP artıq həyata keçirilmə yolundadır.

Qeyd olunub ki, Ermənistanda dəmir yolunun tikintisi ilə bağlı mühəndislik araşdırmalarına artıq başlanılıb. Azərbaycanda isə Ermənistanla birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi demək olar ki, başa çatdırılıb.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə görə, sülhün əldə olunması həmçinin ABŞ, Azərbaycan və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsi üçün imkanlar yaradıb və bu, hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək.

“Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla işləməyə tam sadiq qalmaqda davam edir. Biz hər iki xalqı ötən il nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir və Cənubi Qafqazda davamlı və dayanıqlı sülhə doğru yolda gələcək tərəqqini gözləyirik. Son 12 ay ərzində ABŞ Bəyannamənin müddəalarını həyata keçirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb”, — bəyanatda vurğulanıb.

Bildirilib ki, Fond ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyələşməsi hesabına kapitallaşdırılacaq.

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada