"Rusiya Ukraynaya raket və kiber təzyiqi gücləndirə bilər. Rusiya Prezidenti Vladimir Putin rəsmi elan etmədən kütləvi səfərbərlik keçirmək imkanını nəzərdən keçirir".
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "telemarafon"a verdiyi müsahibədə deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna Rusiyanın gələcək təzyiqlərinə, o cümlədən yüzlərlə və minlərlə kiberhücuma, raket zərbələrinə və qorxutma cəhdlərinə hazır olmalıdır.
O hesab edir ki, bu addımlar Putin hazırda Rusiya cəmiyyətinə müharibənin nəticəsini qələbə kimi təqdim edə bilmədiyi üçün atılır.
Ukrayna lideri həmçinin bildirib ki, Putin kütləvi səfərbərlik keçirməyi düşünür, lakin bunu rəsmi şəkildə elan etmədən həyata keçirməyə cəhd göstərə bilər: Bu, müxtəlif müqavilə formalarından istifadə və sərhədlərdə məhdudiyyətlərin tətbiqi yolu ilə həyata keçirilə bilər.
Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi artıq buna işarə edə biləcək bir sıra addımlar müşahidə edir: "Putin üçün əsas vəzifələrdən biri olaraq Donbasın ələ keçirilməsi qalır. Çünki bu, Rusiya daxilində müharibənin nəticəsi kimi təqdim oluna bilər. Ukrayna öz ərazilərini könüllü şəkildə tərk etməyi planlaşdırmır. Güzəştlər ediləcəyi təqdirdə Rusiyanın sonradan hücumu davam etdirməyəcəyinə dair heç bir zəmanət yoxdur".
O ehtimal edib ki, Putin Rusiya tərəfinin daha əvvəl ABŞ tərəfi və Tramp ilə müzakirə etdiyi şərtləri özünəməxsus şəkildə şərh edə və onları öz siyasi uğuru kimi təqdim etməyə çalışa bilər.